Musa Qasımlı: "Maqistratura və aspirantura təhsili alan tələbələrin hərbi xidmətdən möhlət hüququnun verilməsi artıq zərurətə çevrilib"
Son günlərdə magistraturada və aspiranturada oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsi yenidən gündəmə gəlib. Magistrlərə möhlət hüququnun verilməməsi cəmiyyətdə narazılıq doğuran hallardandır. Səbəb elmi işlərin müdafiəsində, elmi-tədqiqat sahələrində gənclərin sayının getdikcə azalması göstərilir. Ekspertlər hesab edirlər ki, magistr və aspirantların təhsillərini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə aparılmaları təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Məsələyə münasibət bildirən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Musa Qasımlı hesab edir ki, maqistratura və aspirantura təhsili alan tələbələrin hərbi xidmətdən möhlət hüququnun verilməsi artıq zərurətə çevrilib: "Magistraturada təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət verilməsi yaxşı olardı. Bu addımın atılması təhsilimizdə varisliyə kömək edər, gənc oğlanların elmə gəlməsini stimullaşdırar. Tələbələr əsgərliyə getməklə təhsildən ayrılırlar. Qayıtdıqda isə çalışırlar ki, qiyabi təhsil alsınlar. Qiyabi təhsillə isə heç bir elmi nailiyyət əldə etmək olmaz. Ali təhsil müəssisələrində, o cümlədən magistatura pilləsində oxuyanların çox az faizi kişilərdir. Son illər doktoranturaya qəbul olunanların çox faizini qızlar təşkil edir. Bu, bir daha sözügedən məsələni düşünməyə əsas verir. Bəzi hallarda magistraturaya daxil olan şəxslər hərbi xidməti başa vurduqdan sonra təhsillərini davam etdirmək istəmirlər. Buna görə də gəncləri, xüsusilə, oğlanları fundamental elm sahəsinə cəlb etmək lazımdır. Hazırda ali təhsil ocaqlarında indi elə qruplar var ki, orada heç oğlan yoxdur".
Millət vəkilinin sözlərinə görə, magistratura və aspiranturaya daxil olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin bu il reallaşması gözlənilir.
İntizarə Məmmədova