PDF Oxu

Araşdırma

  • 2 404

"Qarabağ haqqı"...

"Qarabağ haqqı"...

Bu başlığı maraqlı, diqqətçəkən olsun deyə yazıya daxil etmədim. Və yazının bir ucunu siyasətə bağlamaqdan da uzağam. Hərgah düşüncələrimi başqa səmtə yönəltsəm də, bir başqa auraya kökləsəm də özümdən ixtiyarsız yenə də hisslərimin sərhədini keçən reallıqların qarşısında ağ bayraq qaldırmağa məcburam...

Qarabağla bağlı çox yazılıb, çox deyilib, yenə də yazılır və deyilir. Könül istər ki, bundan sonra bu qara bəxtli, qara bağrı şan-şan olan Qarabağın taleyi uzaq-uzaq ölkələrin parlamentlərində "söz konusu" olmasın, müzakirə mövzusuna çevrilməsin. Çünki Qarabağ haqqında ağ adamların qara-qara fikirlər səsləndirməsi adamı elə yandırır ki...

Mən Qarabağ haqqında hələ uşaq yaşlarımdan eşitdiyim fərqli bir fikri sizlərin diqqətinə çatdırmaq istəyirəm. Qarabağ uğrunda Ermənistan-Azərbaycan və böyük dövlətlərin savaşı başlayandan bu günə kimi bu fikri heç kəs işlətməyib, dilinə belə gətirənlər olmayıb...

1988-ci il hadisələri, yəni son deportasiyaya start verilənə qədər dünya çox gözəl idi. İrqi, dini ayrıseçkiliyin, milli zəmində qarşıdurmaların üstünün pərdəsi hələ çox qaldırılmamışdı. Yəni dövlətlə cəmiyyət arasında "pərdə" var idi. Düzdür, Yerevanın mərkəzində hələ o zaman, dünyanın düz, sovetin qılıncının hər iki tərəfinin kəsdiyi dövrdə, aprelin 24-də azərbaycanlılar küçəyə, bazara çıxmazdılar, ta ki hayların bir əsrə bərabər nifrətləri, qəzəbləri soyumayunca. Sonra yenə həyat qaynayırdı. Kirvə kirvənin sağlığına badə qaldırır, uydurma da olsa, qardaşlıq dünyasının azad insanları biri-birinə "gözün üstə qaşın var" demirdilər. Oralarda Qarabağın adı çox çəkilməsə də, hələ o zaman rəngi xoruz pipiyi kimi qıpqırmızı olan Kremldə Qarabağın adı da çəkilir, üstəlik, erməni millətçilərinə şirin vədlər verilir və "böyük Ermənistan" qurmaq üçün ssenarilər yazılırdı... Biz bunları bilmirdik. Bilənlərimizi isə gedər-gəlməz yollar çoxdan udmuşdu. Həm də biz nəyi bilirdik ki??? Mövzunu qəlizləşdirməyim, axı demişdim ki, siyasətdən yazmayacam...

Babalarım, nəslimizin yaşlı insanları dindar idilər. "Allahu-əkbər"i elə deyərdilər ki, sanki sovet Ermənistanında yox, Səudiyyə Ərəbistanında, müsəlmanlığın beşiyi olan Məkkədədirlər. Müqəddəs ocaqları, pirləri adbaad tanıyırdılar. Sinələri xəzinə idi bu qorxubilməz kişilərin. Onların yanında söz demək, kəlmə kəsmək, Yaradandan və yaradılmışdan danışmaq cəsarət istəyirdi. Uşaq olsam da sözlərinə, fikirlərinə, içdikləri anda həmişə diqqət kəsilərdim. Qəribə and içirdilər. O andı nənələrim, atam-anam, əmilərim içməzdilər. O and mən əzbərlədiklərimdən də deyildi...

"O getdiyim Qarabağ haqqı" andını elə ürəklə dillərinə gətirərdilər ki, məni qorxudan vahimə basardı. "Qarabağ haqqı" çox sirli-sehirli idi. "Kim idi Qarabağ, nə idi Qarabağ?" mənimçün sualdan başqa bir şey deyildi. Bu barədə heç onlardan soruşmamışdım da, daha doğrusu, cürət etməmişdim. İllər keçdi, qaçqınlıqdan sonra nəslimizin ağsaqqalları haqqın dərgahına qovuşdular. Mənə elə gəldi ki, "Qarabağ haqqı"nın sirrini-sehrini də özləri ilə apardılar. Böyüdüm, o "unikal fikrin", bənzərsiz andın sirrini tapdım, şifrəsini çözdüm. Sən demə, babalarım Qarabağ ərazisində yerləşən müqəddəs ocaqları, pirləri ziyarət etmək üçün yolların "damarını qırıb" Azərbaycana gəlirlərmiş. O andı da məhz Qarabağın müqəddəsliyinə, müqəddəs bir məkan olduğuna görə içirlərmiş. Daş yonub çörəkpulu qazanan, arzularına əlinin qabarı, alnının təri ilə çatan babalarımın Qarabağın haqqını tanımaları, o haqqa tapınmaları mənə indi-iyirmi birinci əsrdə lap möcüzə kimi gəlir. Haqqı tanıyan kişilər elə haqqa da yaxın olurmuş sən demə...

Bəs bu gün niyə Qarabağın, bu qədim Azərbaycan torpağının haqqını dünyanı idarə edənlər, insan hüquq və azadlıqlarının müdafiəçiləri tanımırlar? Yerlə yeksan olan kəndlərin, şəhərlərin, ocağı söndürülmüş yurd yerlərinin, Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda və Ağdamda tank altında xıncım-xıncım olan körpələrin haqqını müdafiə etmək üçün hansı dildə danışmaq lazımdır?.. Suallar çox, cavablar isə yox!

Ancaq mən bir həqiqətə inanıram. O həqiqət bizi Ali Baş Komandanımız Cənab İlham Əliyevin "Vətən bizi çağırır" əmri ilə Qarabağa aparacaq, itirdiyimiz böyük Azərbaycanın hər yerində üçrəngli bayrağımızı dalğalandırmaq üçün səfərbər edəcək və haqqımız uğrunda əlli milyonluq bir ordu əl-ələ verəcək. Bu mütləq olacaq. Vallah, billah, Qarabağ haqqı, olacaq!!!

Hafiz Təmirov,

polis kapitanı

Digər xəbərlər