"Prezident İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. Bu, ölkə başçısının Türkiyəyə xüsusi önəm verməsi ilə bağlıdır". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev ölkə başçısının Türkiyəyə səfərini şərh edərkən deyib. O bildirib ki, sözügedən səfər Qafqazda baş verən geostrateji oyunların araşdırılması sahəsində çox önəmli bir məsələ idi.Onun sözlərinə görə, səfər zamanı həmçinin Azərbaycanın Avropaya inteqrasiyası, şimalla cənub qonşuları arasında münasibətləri, işğal olunan ərazilərin daha azad olunması sahəsində fəaliyyəti kimi məsələlər müzakirə olunub, bu istiqamətdə Türkiyə ilə məsləhətləşmələr və razılaşmalar aparılıb: "Bu da anlaşılandır. Ona görə ki, Türkiyə Azərbaycanın ən böyük tərəfdaşıdır. Ümummilli lider Heydər Əliyevin söylədiyi bir millət iki dövlət prinsipi həyata keçirilir. Bundan əlavə, görüşlərdə sərhədlərin açılması məsələsi də müzakirə olunub. Amma ən önəmli məsələlərdən biri odur ki, Azərbaycan öz müstəqillik tarixində ilk dəfə Türkiyənin xüsusi qrup adamları üçün viza rejimini qaldırmaq məsələsini gündəmə gətirdi və bununla bağlı memorandum da imzalanıb. Bu o deməkdir ki, Türkiyənin iş, elm adamları, tanınmış ictimai xadimləri Azərbaycana vizasız gələ biləcəklər".Politoloq həmçinin bildirib ki, səfər çərçivəsində Bakı- Tbilisi- Qars dəmiryol xəttinin çəkilişinin başa çatması ilə bağlı məsələlər də müzakirə olunub: "Dəmiryolunun çəkilişi tezliklə başa çatdıqdan sonra Azərbaycan birmənalı şəkildə tranzit dövlətə çevrilir. Eyni zamanda Azərbaycan Gürcüstan və Türkiyəni Avropaya açılan bir qapıya çevirir. Bu Azərbaycan üçün nə qədər sərfəlidirsə, bir o qədər də Türkiyə üçün həm siyasi, həm iqtisadi cəhətdən sərfəlidir. Görüşlərdə konfedensial söhbətlər var ki, onlar mətbuata açılmır. Amma proqnozlaşdırmaq olar ki, görüşlərdə Azərbaycanın bundan sonra da Türkiyə ilə bütün beynəlxalq təşkilatlarda, ərazi bütövlüyümüzün bərpa olunmasında, iqtisadi layihələrdə uzlaşdırılmış və unifikasiya edilən siyasət yürütməsi ilə bağlı razılaşmalar əldə olunub. Bütün bunları bir kəlmə ilə demək olar ki, ölkə başçısının Türkiyəyə rəsmi səfəri iki ölkənin tarixində yeni bir dönəmin başlanğıcıdır".
sia.az