Sarkisyanın məkrli miqrasiya siyasəti
Müasir dövlətin və cəmiyyətin simasını göstərən ən əsas məsələ ölkəyə rəhbərlik edən prezidentin gördüyü iş və xalqına, vətəninə məhəbbətidir. Bu gün Ermənistanda höküm sürən ağır iqtisadi və siyasi durum işğalçı ölkəyə rəhbərlik edən qaniçən və cinayətkar Serj Sarkisyanının əsil simasıdır desək, daha abyektiv olar. İşğalçı ölkədə aparılan rəy sorğuları da bunu sübut edir. Belə ki, "Aykakan Jamanak" qəzeti yazır ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin durmadan pisləşməsi fonunda ölkə hakimiyyətindən narazılıq daha böyük sürətlə artmaqdadır: "Aparılan son rəy sorğuları bir daha göstərir ki, əhalinin 78 faizi Serj Sarkisyan iqtidarının hakimiyyətdən getməsini istəyir. Bunu şərtləndirən əsas səbəblər isə təkcə sosial-iqtisadi amillər yox, eyni zamanda siyasi repressiya dalğasının genişlənməsidir. Növbəti dəfə xalqın qanı bahasına yenidən Ermənistan prezidenti seçilməsi ilə ölkənin birdəfəlik yerüzündən seçilməsi deməkdir".
Qəzet yazır ki, Serj Sarkisyan ikinci dəfə prezident seçilməsinin ilk günündən Rusiyanın Ermənistana satdığı məişət qazının qiymətini 50 faiz qaldırmasını rəsmən bildirməsi olub: "Bu, onsuz da iqtisadiyyatı böhran keçirən və uçuruma yuvarlanmaqda olan Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Rusiyanın yaxın dostu Ermənistana satdığı məişət qazının qiymətini 50 faiz bahalaşdırması ölkədə əhaliyə satılan təbii qazın və elektrik enerjisinin qiymətinin artmasına təkan verməkdədir. Artıq ağır vəziyyətdə yaşayan ermənilər məişət qazının hər kubmetri üçün 132 dram əvəzinə 156 dram ödəyəcəklər. Ölkədə elektrik enerjisinin də qiyməti həmin vaxtdan 26 faiz qaldırılacaqdır".
Erməni iqtisadçılar qazın İrandan alınmasının daha ucuz başa gələcəyi barədə ölkə rəhbərliyinə məlumat versələr də, onların təklifi qəbul olunmayıb. Yerli siyasətçilər qiymətlərin qaldırılmasının onsuz da pis vəziyyətdə yaşayan əhalinin durumunu daha da ağırlaşdıracağını və son nəticədə sosial partlayışa səbəb olacağını və yeni qədəm qoyulan 2014-cü ildə iqtisadi böhranın daha yüksək olacağı bildirilir.
Levon Keşayan: "Ermənistan Azərbaycanla münasibətləri qaydaya salmalı, işğal olunmuş torpaqları azad etməlidir. Əks halda Ermənistanın məhvi qaçılmaz olacaq"
2014-cü ilə problemlərlə daxil olan Ermənistanda ölkəni tərk edənlərin sayı daha çoxalıb. Belə ki, mavi yanacağın qiymətinin artırılması ilə bağlı əhali arasında keçirilən sorğuda iştirak edənlərin 58 faizi "Qazın qiyməti qalxarsa, nə edəcəksiniz" sualına "Ermənistandan gedəcəyik" cavabını verib.
Ermənistanın tanınmış yazıçısı Levon Keşayanın ölkədə yaranmış ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə etiraz olaraq ona dövlət tərəfindən verilən mükafatı almaqdan imtina etməsi də bu fonda xüsusi diqqət cəlb edir. Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan gündəlik "Ermənistan xəbərləri" jurnalında yazıçının vətən qarşısındakı xidmətlərinə görə bir sıra həmkarları ilə yanaşı ordenə layiq görüldüyü bildirilir. Qeyd olunur ki, L.Keşoyan təqdimat mərasiminin keçirildiyi prezident sarayına gəlməməklə tədbiri boykot edib. Yazıçı jurnalistlərə deyib ki, ölkə rəhbərliyinin apardığı səviyyəsiz siyasət nəticəsində əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasına, çoxlu sayda erməninin doğma vətənini tərk edərək, xarici ölkələrə üz tutmasına etiraz əlaməti olaraq belə bir addım atıb. L.Keşoyan deyib ki, Ermənistan dəfələrlə dünyanın ən zəif iqtisadiyyata sahib və korrupsiyalaşmış dövlətləri sırasına daxil edilib: "Ölkə iqtisadiyyatının 65 faizi 15 nüfuzlu ailənin inhisarında cəmləşib. Problemi həll etmək üçün Ermənistan hökuməti iqtisadi islahatlara start versə də, nəticə yoxdur. Ona görə də, ölkəni böhrandan qurtarmağın vacib yolu iri beynəlxalq layihələrə qoşulmaqdır. Bunun üçün Ermənistan Azərbaycanla münasibətləri qaydaya salmalı, işğal olunmuş torpaqları azad etməlidir. Əks halda, Ermənistanın məhvi qaçılmaz olacaq".
2013-cü ildə Ermənistanı 1888165 erməni tərk edib
Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi, dəyişməz olaraq qalıb. "Aykakan Jamanak" qəzeti yazır ki, insanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər: "Ermənistanın dövlət statistika komitəsinin məlumatına görə, ötən il ölkəni 1888165 nəfər ölkəni tərk edib".
"Köməksiz İnsanlar" İctimai Birliyinin sədri Tatevik Becanyan yerli mətbuata açıqlamasında bildirib ki, son dövrlərdə Ermənistandan gedənlər ölkəyə gələnlərlə müqayisədə çoxluq təşkil edir. QHT sədri ermənilərin 73%-nin Rusiyaya, qalanlarının isə ABŞ, Ukrayna və s. digər ölkələrə üz tutduqlarını deyib: "Ən az köç marşrutu Hollandiya, Belarus, Türkiyə, Belçika və Gürcüstan üzrədir. Köç edənlərin 77%-ni kişilər, 23%-ni isə qadınlar təşkil edir. 26-35 yaş qrupunda olanlar 30%, qalanları isə 46-55 və 36-45 yaş qrupunda olanlardır". Qəzet qeyd edir ki, Ermənistan hakimiyyəti Türkiyəyə hədə-qorxu gəlir, lakin ermənilər bu ölkədəki iqtisadi inkişafdan faydalanaraq İstanbul, İzmir kimi şəhərlərdə iş tapır, yerləşir və yaxud bu şəhərlərdən başqa ölkələrə gedirlər.
"Regnum" agentliyinin baş redaktorunun müavini Vigen Akopyanın ermənilər və Ermənistana həsr edilmiş analitik yazısında yazır ki, müasir ermənilər üçün millətlə dövlətin münasibəti aydın deyil: "Ümumiyyətlə, ermənilərin dünya üzrə sayı 10 milyondursa, Ermənistanda 2 milyondan az erməni yaşayır. Yəni dünyanın müxtəlif guşələrinə səpələnmiş ermənilərin sayı erməni dövlətində yaşayanlardan 4-5 dəfə çoxdur?
Göründüyü kimi, Ermənistan dövlət və cəmiyyət olaraq keçən əsrin 90-cı illərindəki səviyyəsindən bir addım da qabağa gedə bilməmişdir. Ermənilər indi-indi millət olmaqları ilə dövlətçilikləri arasındakı nisbəti müəyyənləşdirməyə çalışırlar. Onların seçki ənənəsi isə terror, qanunsuzluq, başqalarının haqqını tapdalamaq kimi hadisələrlə zəngindir. Öncəki seçkilərdə öldürülən, həbsə atılan, təhqir olunanların taleyinin qeyri-müəyyənliyi, budəfəki seçkidə də eyni olayların yaşanacağını təsdiq edir. Bu günün reallığından baxanda isə, Ermənistan geniş okean sularında yelkənsiz qayığı xatırladır.
A.SƏMƏDOVA