Ölkəmizdə irimiqyaslı layihələrin, dövlət proqramlarının gerçəkləşməsi Azərbaycan əhalisinin sosial rifahının təminatında önəmlidir. Azərbaycan səhiyyəsi də bu uğurların nəticəsində yeni inkişaf mərhələsindədir. Sözsüz ki, bu inkişaf insanların sağlam həyat tərzi yaşamasında önəmli faktordur. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qayğı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyat və sosial sferanın bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də görülən işlər böyük vüsət almışdır. Yeni tibb müəssisələrinin istifadəyə verilməsi, bir sıra xəstəxanaların təmir və bərpası əhalinin sağlamlığına dövlət səviyyəsində ayrılan diqqətin nümunəsidir.
Son 10 ildə səhiyyə sahəsinə ayrılan büdcə vəsaitlərinin artırılması Azərbaycanda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqla təchiz olunmuş yeni və ən müasir tibb mərkəzlərinin yaradılmasını təmin etmişdir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 Dövlət Proqramının həyata keçirilməsi xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan vermişdir. Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil edir. Növbəti il üçün 725 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2013-cü illə müqayisədə 8 faizdən çox artım deməkdir.
Ölkə səhiyyəsi üçün daha bir uğurlu il geridə qaldı. Dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsi kimi təkcə yola saldığımız 2013-cü ildə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası və açılışı dövlətin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Onların 56-sı artıq istifadəyə verilmişdir. Bundan əlavə, xüsusi vurğulayaq ki, yeni ilin ilk günlərində möhtəşəm çoxprofilli klinikanın - ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzinin də açılışı olmuşdur. Bütün tibb ocaqları kimi yeni istifadəyə verilən müəssisələr müasir səviyyədə təmir olunub, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Tibb müəssisələrinin hər birində ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar quraşdırılıb, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunub.
Qeyd edək ki, dərman xərclərinə 2013-cü ildə ayrılan təxminən 140 milyon manat məbləğində vəsaitin böyük hissəsi mövcud dövlət proqramları çərçivəsində xəstələrin pulsuz dərman preparatları və tibbi ləvazimatlarla təminatına sərf olunmuşdur. Nəticədə bütün xəstəliklər üzrə ölüm halları azalmışdır. Dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biri olan ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Statistik göstəricilərə əsasən, nəticədə respublikada ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə respublikada körpə ölümü göstəricisi 2003-cü ildə 16,7 promilli idisə, artıq bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü 2003-cü illə müqayisədə 18,5 promillidən 14,9-a enmişdir.
Həyata keçirilən sosial yönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.
Tibbi-demoqrafik göstəricilərin müsbət dinamikasında səhiyyənin, xüsusən konkret sahələr üzrə dövlət proqramlarının da mühüm əhəmiyyətini bir daha vurğulamaq vacibdir. Belə ki, bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə müayinələrin həcmi artmış, ilkin aşkarlama və xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Görülmüş tədbirlər sayəsində diabet xəstələrinin həyat keyfiyyəti yüksəlmiş, bu xəstəlikdən ölüm göstəricisi 2,6 dəfə azalmışdır. Ölkəmizdə diabetli xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test stripləri pulsuz olaraq paylanılmış və onların dərman təchizatı ilə bağlı uzun illərdən bəri davam edən problemləri aradan qaldırılmışdır. Bu səbəbdən şəkərli diabet xəstələrinin tibb müəssisələrində qeydiyyata götürülərək müalicəyə cəlb olunması işi yaxşılaşdırılmışdır. Hazırda 180 minə yaxın diabetli xəstə pulsuz dərman preparatlarından yararlanır.
İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılmasının nəticəsi olaraq Azərbaycan səhiyyəsi bu gün dünya səhiyyəsi ilə rəqabət apara biləcək gücə malikdir. Belə ki, müxtəlif orqanlar üzərində əməliyyatların aparılması, orqanların transplantasiyası və s. son illərin nailiyyət və uğurları sırasındadır. Məlum olduğu kimi, ölkəmizdə açıq ürək, böyrəkköçürmə əməliyyatlarının keçirilməsi səhiyyəmizin uğurlu inkişafını şərtləndirən amillərdir. Əlbəttə ki, bu əməliyyatların ölkə daxilində aparılması, səhiyyəmizin inkişafına söykənir.
Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il respublikanın bölgələrində yeni dializ mərkəzləri isitifadəyə verilir. Hazırda respublikamızda 27 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları alır və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunur.
Ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm isə 2 dəfə azalmışdır. Bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də praktik olaraq həll edilmişdir. Qan tədarükü 6,8 tondan 30,1 tonadək artmışdır. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. Son 10 ildə ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin səviyyəsinin yüksəldiyi üçün ölüm faizi azalmışdır. Əgər əvvəllər talassemiyalı xəstələr 10-12 yaşa qədər yaşayırdılarsa, indi onların ömrü 26 yaşa qədər uzanmışdır. Ölkəmizdə uğurla həyata keçirilən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" isə irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar.
Bütün bunlarla yanaşı, həkimlər üçün müxtəlif ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunur. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsilə həyata keçirilir.
Bu gün Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə də nüfuzu yüksəlmişdir. Azərbaycan müxtəlif səviyyəli saziş və protokollar əsasında 40-dan çox ölkə ilə səhiyyə sahəsində məhsuldar əməkdaşlıq edir.
Göründüyü kimi, ölkənin maliyyə imkanlarının çoxalması və həyata keçirilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artmasına imkan vermiş və Azərbaycan səhiyyəsində bir sıra işlərin keyfiyyətlə həyata keçirilməsinə şərait yaradılmışdır. Tikilib, yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən tibb müəssisəsinin sırasına daha bir neçəsi də əlavə olunmuşdur. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir.
NƏZAKƏT