1934-cü ildə böyük fars şairi Əbülqasim Firdovsinin 1000 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi Azərbaycan-İran mədəni əlaqələrinin inkişafına da xeyli dərəcədə təsir göstərdi. Belə ki, şairin "Şahnamə" əsəri farscadan tərcümə olunaraq "Seçilmiş əsərlər" silsiləsində Bakıda nəşr edildi. Yubiley tədbirlərində iştirak üçün Bakıya İranın məşhur alimi Səid Nəfisinin başçılığı ilə nümayəndə heyəti gəlmişdir.XX əsrin 30-cu illərində İranda aparılan mədəni islahatlar zamanı digər milli azlıqlar kimi azərbaycanlıların hüququna biganəlik, hökumətin farslaşdırma siyasətinin tətbiqi, əslində, demokratiyaya zidd bir hadisə idi. Fars millətçiliyinin təsiri ilə İranda yaşayan digər müsəlman xalqları kimi azərbaycanlıların da öz mədəniyyətindən, kökündən, soyundan təcridi göz qabağında idi. Bunu dərk edən hər iki xalqın qabaqcıl ziyalıları xalqlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edirdilər. Bu işdə Seyid Məhəmməd Hüseyn Şəhriyar (1906-1995), Məmməd Səid Ordubadinin xidmətlərini (1872-1950) xüsusi qeyd etmək lazımdır. Azərbaycan- İran mədəni əlaqələrinin davam etdirilməsində bu yazarların rolu çox böyük olmuşdur. Onlar hər iki ölkədə sevilir, əsərləri dildən-dilə gəzirdi."Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan-İran mədəni əlaqələri tarixi prosesində XX əsrin 40-cı illərinin özəllikləri mövcud idi. Bu, ilk növbədə, II Dünya müharibəsinin səbəbkarı olan Almaniyanın İran dövlətindən müəyyən dəstək alması ilə izah edilirdi ki, bu da SSRİ ilə əlaqələrin bir qədər soyuq münasibətləri ilə müşayiət edilirdi. Rəsmi sənədlərə əsasən, İran dövləti Almaniyanın SSRİ-yə qarşı başladığı müharibədə bitərəf mövqeyini elan etdiyinə görə 1941-ci ilin avqustunda SSRİ öz ordusunu İranın SSRİ ilə həmsərhəd olan şimal ərazisinə (Cənubi Azərbaycan) yerləşdirməli oldu. Yərləşdirilmiş bu ordunun tərkibində Azərbaycanın 77-ci, 396-cı, 402-ci milli diviziyaları da var idi. Diviziyanın mövcudluğu azərbaycanlı əsgərlərlə İran əhalisi arasında səmimi ünsiyyətin yaranmasına səbəb oldu. İranın Urmiya və Rəşt şəhərlərində nəşr olunan qəzetlərdə Azərbaycan döyüşçüsü tematikası başlıca yer tuturdu.1943-cü il noyabrın 28-də Tehranda işə başlamış SSRİ, ABŞ və Böyük Britaniya dövlətləri başçılarının konfransı Azərbaycan-İran mədəni əlaqələrinin genişlənməsinə bir təkan oldu. 1943-cü ilin payızında SSRİ-İran Mədəni Əlaqələri Cəmiyyəti yaradıldı. Bu illərdə Cənubi Azərbaycanda mədəni muxtariyyət məsələsində də irəliləyişlər əldə olundu ki, bu da İranla mədəni əlaqələrin inkişafının bir istiqaməti idi. 1946-cı ilin martında Təbrizdə Azərbaycan Dövlət Dram Teatrı açıldı. Onun yaradılması tanınmış rejissor Hidayət Əfəndiyevin adı ilə bağlıdır. Sovet Azərbaycanının incəsənət xadimləri İranda geniş proqramlarla əhali arasında görüşlər keçirməkdə davam edirdilər. Ötən əsrin 50-ci illərində Azərbaycan-İran mədəni əlaqələrinin davam etdirilməsində şair Şəhriyarın adı xüsusi olaraq çəkilməlidir. Onun məşhur "Heydər babaya salam" (əsər ilk dəfə 1951-ci ildə Təbrizdə çap olunub) poeması Azərbaycan-İran dostluğunun himninə çevrilmişdir.Artıq 1960-cı illərdə İranla mədəni əlaqələr digər istiqamətlər üzrə geniş vüsət tapırdı. 1960-cı ilin avqustunda Moskvada keçirilmiş Şərqşünasların XXV Beynəlxalq konfransında yaradılmış İran seksiyasında Azərbaycan alimlərindən akademiklər Əbdülkərim Əlizadə, Əlövsət Sumbatzadə fars dilində məruzə etdilər. Azərbaycanın digər alimi Rüstəm Əliyev məşhur İran şairi Sədinin əsərlərinin tam külliyatını çapa hazırlamaq üçün İrana dəvət edildi və İranda onun özünün 20-yə yaxın əsəri çap olunaraq geniş yayıldı. "Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edildiyi kimi, Azərbaycan-İran mədəni əlaqələrinin inkişafında 1963-cü ilin mayın 16-da Moskvada SSRİ-İran Mədəni Əlaqələr Cəmiyyətinin təsisi mühüm tarixi hadisəyə çevrildi. Əvvəlki cəmiyyətlərdən fərqli olaraq bu qurumun fəaliyyət dairəsi daha geniş və məzmunlu əhəmiyyət kəsb edirdi. 1962-ci ilin oktyabrında "Sovet Azərbaycanının Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti"nin xətti ilə M.F.Axundovun anadan olmasının 150 illik yubileyində iştirak etmək üçün dəvət alan, görkəmli İran alimi, professor Səid Nəfisi Tehrana qayıtdıqdan sonra "Pəyami Nəvin" jurnalında yubiley haqqında təəssüratlarını səmimi şəkildə bildirmişdir. Həmin məqalədə alim Azərbaycan alimlərinin İran mədəniyyətinə, elminə olan maraq və məhəbbətini də etiraf edərək yazırdı: "Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun alimlərinin çoxu (qadın və kişi) İran tarixi üzərində də ciddi məşğul olub, elmi-tədqiqat işləri aparırlar. Bu barədə çoxlu maraqlı əsərlər yazılmış və tərcümə edilmişdir. O cümlədən, mənim "Babək Xürrəmdin" əsərimi də tərcümə etmişlər". 1944-cü ilin iyununda Təbrizdə yaradılmış "Sovet mədəniyyəti evi"nin xəttilə İranın 40-dan çox şəhərində "Sovet-İran Mədəni Əlaqələr Cəmiyyəti"nin şöbələri fəaliyyət göstərirdi.Təbrizin tərəqqipərvər ziyalıları 1945-cı il noyabrın 19-da "Sovet Azərbaycanı dostları" cəmiyyətini yaratdılar. Diqqətəlayiq hadisələrdən biri elə həmin ilin oktyabrında Bakıda görkəmli şair Səməd Vurğunun sədrliyi ilə "İranla Mədəni Əlaqələr Üzrə Sovet Cəmiyyəti"nin yaradılması faktı oldu. Bu qurumlar Azərbaycan-İran mədəni əlaqələrinin inkişaf dinamikasına əhəmiyyətli şəkildə təsir göstərmişdir. S.Vurğun çıxışlarının birində demişdir: "Azərbaycanda yaradılan İranla Mədəni Əlaqələr Cəmiyyətinin məqsədi Azərbaycan xalqının mədəniyyət sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaq, habelə, İranın elm, ədəbiyyat və incəsənət sahəsindəki müvəffəqiyyətlərini Azərbaycanın geniş zəhmətkeş kütlələrinin malı etməkdir.""Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1943-cü ilin oktyabrında Tehranda yaradılmış "İranın SSRİ ilə Mədəni Əlaqələr Cəmiyyəti"nin idarə heyəti tərkibinə fəxri sədrlər səviyyəsində İranın baş naziri Bəyat, SSRİ-nin İrandakı səfiri Maksimov da daxil idi. Cəmiyyət 1944-cü il avqustun 1-dən etibarən "Yeni xəbər" jurnalını nəşr etdirməyə başladı. Jurnalda SSRİ Ali Sovetinin deputatı Çimnaz Aslanovanın, akademik Heydər Hüseynovun, Şeyxülislam Əlizadənin məqalələri çap olunmuşdur. Mədəni əlaqələr cəmiyyətinin Təbriz şöbəsi Sovet Azərbaycanına aid 180 mühazirə və 17 konsert keçirmişdir.Keçən əsrin 40-cı illərinin ortaları İranın ictimai-siyasi, sosial həyatında ziddiyyətlər, böhranlarla dolu bir dövr idi. Xüsusilə, ölkənin azərbaycanlılar məskunlaşmış Cənubi Azərbaycan hissəsində demokratların qətlə yetirilməsi İrandan Sovet Azərbaycanına pənah gətirənlərin sayının artmasına səbəb oldu. Əslində, doğma vətəninə pənah gətirmiş bu demokratların bir hissəsi sonradan ədəbiyyat, incəsənət üzrə yüksək nailiyyətlər əldə etdilər. Sovet-İran Mədəni Əlaqələr Cəmiyyətinin Azərbaycan şöbəsinin dəvətilə 1964-cü ilin payızında SSRİ-yə ilk dəfə qastrola gələn İran musiqiçiləri-müğənnilər İlahə xanım (Elahə), Məsudi, skripkaçı Həbibulah Bədin, tarzən Fərhəng Şərifin konsertləri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük anşlaqlarla keçmişdir.1964-cü ilin avqustunda Xarici Ölkələrlə Sovet Dostluq və Mədəni Əlaqə Cəmiyyətləri İttifaqının dəvətilə İranın Sovet İttifaqı ilə Mədəni Əlaqə Cəmiyyətinin nümayəndə heyəti Bakıya rəsmi görüşə gəlmişdir. Cəmiyyətin prezidentinin müavini Həmid Səyyahın başçılığı ilə iranlı qonaqlar Azərbaycanın bir çox tarixi-mədəni yerlərində olmuş, mədəniyyət, elm və təhsil ocaqlarında görüşlər keçirmişlər. Səfərin başlıca missiyası İran-Azərbaycan arasında mədəni yaxınlığın təmini məqsədi ilə birgə fəaliyyətin qurulması məsələsi idi. Bakıda iranlı qonaqları İranla sovetlərin Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan şöbəsinin sədri, SSRİ xalq artisti Rəşid Behbudov çox mehribanlıqla qarşılamışdı. Səfər çox işgüzar və səmərəli xarakter daşımışdı."Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, 1966-cı ilin avqustunda Tehranda SSRİ-İran dövlətləri arasında mədəni əlaqələrin genişləndirilməsi üzrə bağlanan müqavilə, xüsusilə, Azərbaycan-İran mədəni əməkdaşlığına təkanverici təsir göstərdi. İranla mədəniyyətin bütün istiqamətləri üzrə əlaqələrin yaradılmasına diqqət gücləndirildi. İranın özündə Azərbaycan mədəniyyətinə maraq getdikcə artmaqda idi. İranın SSRİ ilə Mədəni Əlaqələr Cəmiyyətinə məxsus zəngin kitabxanada Azərbaycanın görkəmli ədibləri S.Rüstəm, R.Rza, S.Vurğun, S.Rəhimov, M.İbrahimov və digərlərinin ədəbi, publisistik əsərləri iranlıların maraqla mütaliə etdikləri yazı nümunələrindən idi. Bu kitabxanada, eləcə də Azərbaycan SSR EA Yaxın və Orta Şərq Xalqları İnstitutunun elmi əməkdaşlarının çap etdirdikləri əsərlərə də maraq aparıcı yer tuturdu. Bu, Azərbaycan mədəniyyətinə marağın təzahürü idi. Belə bir maraq qarşılıqlı idi. Azərbaycanda da İran incəsənətini sevir, bakılılar İran sənətkarlarının qastrollarını intizarla gözləyirdilər, 1968-ci ilin fevralında İranın simli musiqi ustalarından ibarət qrupun Bakı zəhmətkeşləri qarşısında çıxışları alqışlarla qarşılanmışdır. On dörd ifaçı ilə Bakıda qastrol zamanı İran sənətkarları, eyni zamanda, bəstəkar Emin Mahmudovla (sonradan Sabit oğlu), rəqqasə Əminə Dilbazi ilə yaradıcılıq mübadiləsi edərək, bir sıra Azərbaycan musiqi əsərlərini mənimsəmişlər. E.Mahmudovun "Dərələr" mahnısı, Əminə Dilbazinin rəhbərliyi ilə "Ceyran" rəqsini sonralar iranlılar öz vətənlərində ifa etmişlər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru