Bəs onun "Sanço Pansa"sı kimdir?
Kinorejissor Rüstəm İbrahimbəyovun ötən prezident seçkiləri ərafəsində destruktiv müxalifətin təmsilçisi kimi "irəli" atılması, absurd siyasi bəyanatlar verməsi ilk addımdan təəccüblə, ictimai qınaqla qarşılanmışdı. Bir müddət sonra bəlli olmuşdu ki, seçkiyə "iddialı namizəd" olaraq qatılmaq istəyən bu şəxs Rusiya vətəndaşıdır və bu səbəbdən, Azərbaycanda hər hansı seçkili vəzifəyə seçilmək hüququ yoxdur. O zaman onun fəaliyyəti, siyasətdə naşılığı və qeyri-ciddiliyi əməlli-başlı gülüş, məzhəkə obyektinə çevrilmişdi. Baş verənlər müxalif düşərgənin növbəti tragikomediya ilə üzləşdiyini göstərirdi. Hamı söyləyirdi ki, bütün bunlar qoca rejissorun yeni ssenarisidir və yazdığı son ssenaridə o özünə baş rolu ayırıb.
Bir müddət sonra bəlli oldu ki, bu, doğrudan da belədir. Sadəcə, bu ssenari əvvəlkilərdən onunla fərqlənir ki, bəlli təzyiq qruplarının siyasi sifarişi ilə yazılıb və müəyyən məkrli, korporativ məqsədlərə xidmət edir. Lakin hamı bir məsələdə ortaq məxrəcə gələ, yəni R.İbrahimbəyovun roluna ad qoya, ümumi məna verə bilmirdilər. Aydınlaşdırmaqda çətinlik çəkirdilər ki, o, bu dolaşıq, süjet xətti dəqiq bilinməyən ssenaridə "baş rolun ifaçısı" kimi, özünə hansı adı seçib, yəni "əsas qəhrəman" olaraq, özünü hansı obrazda görür.
Diqqəti çəkən odur ki, "Milli Şura"nın sabiq sədri bu günlərdə Rusiya mediasına verdiyi açıqlamada maraqlı etiraflar edib. Bildirib ki, onun prezident seçkiləri ərəfəsində Azərbaycanla bağlı fəaliyyəti "Don Kixotluqdan" başqa bir şey deyil. Kinorejissorun müvafiq müsahibəsi bir sıra yerli saytlar tərəfindən də dərc edilib və müvafiq açıqlamanın məzmunundan, mahiyyətindən artıq xeyli adamın xəbəri var. Qəribə olan odur ki, R.İbrahimbəyov burada "Don Kixotluğun fəlsəfəsi"ndən dəm vuraraq, bunun zəruriliyindən danışır. Yəni özünü, rəftarını, hərəkətini öz aləmində ideallaşdırmağa, pozitiv bir şəkildə təqdim etməyə çalışır. Üstəlik, "üç gün avropalı, üç gün asiyalı" olduğunu söyləyərək, Bakı - Moskva - Los-Anceles arasında üç yol arasında qaldığını vurğulayaraq, əməlli-başlı gül vurur. Yəni sübut etmək istəyir ki, Servantesin məşhur qəhrəmanın, sadəcə, adı çıxıb. Əsil qəhrəman, gerçək Don Kixot elə o özüdür. Bu səbəbdən də ilin iki ayını Vaşinqtonda, Nyu-Yorkda deyil, məhz ispan əsilli amerikalıların cəmləşdiyi Los-Ancelesdə keçirir. Axı hər necə də olsa, Servantes də, Don Kixot da ispaniyalıdır. Hər hansı obrazı tam mənimsəyib gerçək bir şəkildə, ürəkdən, inandırıcı formada ifa etmək üçün gərək onun bütün incəliklərinə dərindən bələd olasan, mühitini, xarakterini tam mənimsəyəsən. Yoxsa heç cür Don Kixotluq etmək olmur.
Amma burada bir incə məqam da var. Don Kixot olan yerdə mütləq Sanço Pansa da olmalıdır. Çünki istər-istəməz soruşan tapılacaq ki, əgər R.İbrahimbəyov Don Kixotdursa, onda Sanço Pansa kimdir? Axı biri varsa, o birisi də mütləq olmalıdır. Yoxsa ssenari qəlp, süni alınır, ya da heç alınmır. İfa da çox uğursuz, sönük olur. "Dahi" rejissor, yəqin bunu da əvvəlcədən fikirləşməmiş deyil. Sadəcə, indi aydın olur ki, bir müddət əvvəl təmənnalı şəkildə iki illik Don Kixotun əsgərləri olmağa razılıq verən xeyli "dəyirman döyüşçüsü" tapılsa da, Sanço Pansanı tapmaq niyə əməlli-başlı problemə çevrilmişdi. Yəni, heç kəs "XXI əsrin Don Kixotu"nun atdığı daşı yerdən götürmək və ya onu əvəz etmək istəmirdi... Artıq radikal müxalif düşərgədə bu şəxsi əvəz edən, yəni radikalların "lider" kimi önə verdiyi, seçkidən 3-4 ay keçməmiş tənqid, ittiham edib daşladıqları məzlum Pansanın da adı bəllidir. Bu, destruktiv düşərgənin qeyri-ciddi, absurd ittihamlarını pafoslu bir şəkildə efirdən səsləndirməkdən başqa əlindən bir iş gəlməyən, keçmiş prezidentliyə namizəd Cəmil Həsənlidir.
Görünən, bəlli olan odur ki, bu Don Kixot o Don Kixotdan deyil. Yəni bunun kəraməti, müsibəti, olsun siyasəti, bir başqadır. Belə ki, Servantesin qəhrəmanının xəyalən də olsa, cəngavərlik edib kiminsə yardımına, köməyinə yetişməyi vardı. Bizim Don Kixot isə seçkilər ərəfəsində yeni dostları ona zəng edəndə bildirirdi ki, mən indi film montajı ilə məşğulam. Köhnə Don Kixot yurduna, elinə çox bağlı idi, üzü, sözü, əməli də bir idi. XXI əsrin Don Kixotu isə bir gün deyirdi ki, Azərbaycan vətəndaşıyam, ikili vətəndaşlığım yoxdur, ertəsi gün isə cibindən Rusiya vətəndaşlığını təsdiq edən pasport çıxarırdı. Servantesin qəhrəmanı bütün müsbət və mənfi keyfiyyətləri ilə bərabər xalis avropalı, ispaniyalı idi. "Milli Şura"nın Don Kixotu isə özünün açıq şəkildə söylədiyi kimi, üç gün avropalı, üç gün isə asıyalı olur, bir gün isə bunların hansının daha yaxşı olması barədə fikirləşir, yəni amerikalı olur. Nəhayət, əvvəlki Don Kixot heç vaxt çətin anda Pansanın arxasında gizlənməz, sonunu fikirləşmədən, əsil cəngavər kimi irəli atılardı. Yeni Don Kixot isə seçkilər ərəfəsində həbs ediləcəyini iddia edərək, müxtəlif bəhanələrlə Azərbaycana gəlməkdən imtina etdi. Üstəlik, özünü sığortalamaq üçün dörd ehtiyat Pansa seçib onların arxasında gizləndi.
Bu iki Don Kixot arasında bir fərq də var. Biri cəngavərlik eşqinə düşdüyü andan ömrünün sonunadək Don Kixot oldu, elə sonuncu cəngavər kimi də öldü. O biri isə özünün söylədiyi kimi, hərdən, vaxtaşırı, mövsümi Don Kixotluq edir. İstisna deyil ki, bunun Don Kixotluğu da həftədə üç gün olur. Yəni üç gün avropalı Don Kixot kimi özünü təsəvvür edir, üç gün asiyalı Çingiz xan olub öz aləmində şirə, pələngə dönür. Bir gün isə amerikalı Corc Vaşington olub "irticaçı" Avropadan və "geridə qalmış" Asiyadan necə qurtulmaq barədə ssenari cızır ... Bəs, necə?!. Axı o, nə avropalı, nə də asiyalıdır, sadəcə, avrasiyalıdı. Bu səbəbdən Asiyanı da, Avropanı da yaxşı başa düşür, Amerikanı anlaya, yaşının ahıl çağında ürəyi istəyən vaxt Don Kixotluq edə bilir... Bir sözlə, bizim Don Kixotun "tayı-bərabəri" yoxdur, nadir nüsxədir, ayrı aləmdir...
NAİB