PDF Oxu

Araşdırma

  • 1 972

Tarixin tarixi bir günü

Tarixin tarixi bir günü

Hər bir xalqın yaddaşında əbədiyaşarlıq qazanan tarixi hadisələr və günlər vardır. İllər axarında xüsusi qürur hissi ilə qeyd olunan belə günlərdən ən önəmlisi ötən əsrin sonuna doğru Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsi və beynəlxalq hüququn bərabərhüquqlu üzvü kimi dünya dövlətləri sırasına qoşulmasıdır. Öz tarixi inkişaf yolunun start nöqtəsindən o qədər də uzaqlaşmayan Azərbaycan dövləti bu gün özünəməxsus daxili və xarici siyasəti, digər dövlətlərə örnək ola biləcək iqtisadi inkişaf modeli ilə beynəlxalq aləmdə parlaq imic qazanmağa nail olmuşdur. XXI əsrin çağırışlarına cavab olaraq bir sıra perspektivli istiqamətlərdə cəsarətli addımlar atmaqla, Azərbaycan dünyanın maddi ehtiyatlarla zəngin, dövlətçilik təcrübəsi yetərli olan dövlətlərini arxada doya bildi.

Xalqımızın hər zaman qürurla qeyd edəcəyi günlərdən biri, 2013-cü ilin 8 fevralı haqqında bir qədər əhatəli mülahizə yürütmək istəyi təsadüfi deyildir. Qeyd olunan tarixdə müstəqil Azərbaycan dövləti "Azərspace-1" telekommunikasiya peykini yerətrafı orbitə çıxardı. Çoxları üçün adı bır xəbər kimi səslənən bu hadisənin görünən və görünməyən tərəfləri vardır. Bu hadisəyə həm siyasi, həm də iqtisadi müstəvidə yanaşma tələb olunur. Gənc bir dövlətin çox böyük sıçrayışla kosmos dövlətləri sırasına qoşulmaq istəyi ilk baxışdan çətin və mümkünsüz görünən addım ola bilərdi. Çünki ötən əsrin ortalarından kosmosun tədqiqi ilə bağlı elmi-nəzəri tədqiqatlar, texnologiyalar güclü dövlətlərə məxsus idi və indinin özündə də saysız maliyyə xərcləri tələb edən bu sahə barmaqla sayılası qədər dövlətin "inhisarındadır". Etiraf olunmalıdır ki, digər dövlətlərin kosmosa ayaq açmasına böyük dövlətlər açıq-açığına qısqanclıqla yanaşırlar. Bu, birbaşa xərclənən pulların kosmik xidmətlər vasitəsi ilə qazanca çevrilməsi siyasətidir.

"Kosmik bazar"da rəqabət hazırda ABS, Rusiya və Cin arasında davam edir. Yeni əsrin başlanğıcına yaxın dünya düzənində qloballaşma pərdəsi arxasında baş verənlərdən daha çox bəhrələnməkdə davam edən, hər vaxt özünü dünyanın ağası görmək istəyini bölüşməyən ABŞ bir nömrəli borclu dövlət olmasına (son məlumatlara görə ABŞ-ın təkcə Çinə 1,4 trilyon dollar borcu var) baxmayaraq, kosmosun öyrənilməsinə tələb olunan xərcləri azaltmaq niyyətindən uzaqdır. Statistikaya görə, bu gün kosmik fəzada 780 peyk uçuşdadır, yəni istifadədir. Bunlardan 425-i ABŞ-a, 96-si isə Rusiyaya məxsusdur. Çinin payına isə 22 peyk düşür. Yenə rəqəmlərə istinad etsək ABŞ-ın kosmosa xərclədiyi məbləğin 57 milyard civarında, Rusiyanın xərclərinin isə 14 dəfə az olduğunu bildirməliyik. Sevindirici burasıdır ki, müstəqil Azərbaycan dövlətinin yeritdiyi uğurlu siyasətə rəğmən, ABS, Fransa və Malayziya dövlətləri ilə aparılan konstruktiv danışıqlar öz bəhrəsini verdi və qısa müddətdə dövlətimiz Cənubi Qafqazda kosmik peykə sahib olan yeganə dövlət kimi dünyaya tanındı. Tarixdə daim yaşayacaq bu hadisə bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu, müstəqil dövlət olaraq öz üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirməyə qadir olduğunu birmənalı şəkildə təsdiqlədi.

Dövlətimizin beynəlxalq arenada nüfuzunun yüksəlməsində önəmli faktorlardan biri də məhz onun öz müstəqil peyki olan dünya dövlətinə çevrilməsidır. Yaddaş üçün qeyd edək Şərqi Asiyanın iqtisadi gücü ilə diqqətdə duran Şimali Koreya (2012-ci il) və Cənubi Koreya (2013-cü ilin yanvar ayı) kimi dövlətləri bu addımı bir qədər öncə ata bilmişdi. Mənbələrdə göstərilir ki, indi dünya dövlətlərinin kosmosa marağı daha güclüdür. Kosmos çətiri altında qərarlaşan 200-dən artıq dövlət birmənalı şəkildə bu sahədəki tədqiqatların nəticələrindən yararlanır. Təbii ki, kosmik dövlətə çevrilmək istəyində olan yeni-yeni dövlətlər sonrakı illərdə də az olmayacaq. Bütün hallarda onların adı bu siyahıda Azərbaycandan sonra yazılacaq. "Azərspace-1" telekommunikasiya peykinin xidmətlərinin 20 faizi daxili tələbat üçün, 80 faizi isə satış üçün nəzərdə tutulub. Qısa müddətdə satış üçün nəzərdə tutulan rəqəmin 40 faizi alınıb. Peyk Şərqi və Mərkəzi Asiya, Qafqaz regionu, Afrikanın şimalı və Şərqi Avropa da daxil olmaqla 50-dən artıq dövlətə xidmət etmək imkanındadır.

Aydındır ki, kosmik tədqiqatlar böyük maliyyə xərcləri tələb edir və digər sahələrdəki yatırımlardan fərqli olaraq gec gəlir gətirir. Ancaq dünya nəhəngləri pulu məqsədsiz havaya sovurmurlar. Gənc Azərbaycan dövlətinin belə riskli addım ataraq "Azərspece-1" telekommunikasiya peykinə 250 milyon dollar xərcləməsi heç də təsadüfi deyildir. İstismar müddəti 15 ilə hesablanan peyk 5-8 ildən sonra mənfəət gətirəcək (artıq bir il ərzində 10 milyon dollarlıq qazanc qeydə alınıb) və bütövlükdə dövlətimiz 650 milyon dollar gəlir əldə edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə atdığı bu addıma dövlətimizin gələcək inamlı inkişafının möhkəm bünövrəsi kimi baxılmalıdır. Sirr deyildir ki, dünya miqyasında enerji ehtiyatlarının tükənməsi prosesi müşahidə olunur. İqtisadiyyatımızın inkişafının və təhlükəsizliyimizin təmin olunması onun neft faktorundan asılılığını minimuma endirmək zərurətini ortaya qoyur. Bu mühüm şərt demək olar Prezidentimizin bütün çıxışlarında yer alır və əməli addımlarında təsdiqini tapır. Kosmik əməkdaşlığı gələcəkdə də davam etdirmək dövlətimizin xarici iqtisadi siyasətinin prioritetlərindən olacaq.

Beynəlxalq təcrübədə də kosmik tədqiqatların səmərəliliyi ilə bağlı əsaslandırılmış mülahizələr mövcuddur. Misal üçün, Avropa Peyk Operatorları Assosiasiyasının hesablamalarına görə, peyklərin buraxılmasına xərclənən hər bir avro nəticədə 47 avro xalis qazanc gətirir. Belə olan tərzdə 2015-16-cı illərdə yeni peyklərə sahib olacaq Azərbaycan öz rəqabətədavamlı iqtisadiyyatı ilə dövlətimizin dünya dövlətləri sırasında imicini yüksəldəcək, xalqımızın firavanlığını təmin edəcəkdir. İndi bu göstəricilərə görə dövlətimiz MDB-də birinci, dünyada isə 46-cı yerdədir. Siyasi-diplomatik mahiyyət baxımından 8 fevral 2013-cü il hadisəsinə birmənalı dəyər vermək olar. Cənubi Qafqazda və MDB məkanında yetərli dərəcədə cəlbedici, zəngin təbii ehtiyatlara malik, geosiyasi baxımdan önəmli koordinatlarda yerləşən Azərbaycanın bu andan sınırları kosmik məkana qədər uzandı. Bu ərəfədə BMT Baş Assambleyası Azərbaycanı "Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi"nin (COPUOS) daimi üzvü seçilməsi ilə bağlı qətnamə qəbul etdi. Beləliklə, dövlətimiz bu mötəbər qurumun 71-ci üzvü oldu və "Böyük kosmik klubda" yer aldı.

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti də böyük tarixi və siyasi fakt kimi yaddaqalandır. Beynəlxalq münasibətlər tarixində dövlətlər öz qüdrətini və zənginliyini nümayiş etdirmək üçün müxtəlif texnologiyalara üz tuturdular. Misal üçün, Bizans imperiyasında səfirlər kütləvi tədbirlərə, hərbi nümayişlərə, mütəmadi saray gəzintilərinə dəvət olunurdular. Əyanların yaşayış tərzi, bahalı geyimləri, gözqamaşdıran zinət əşyaları, cah-calal səfirlərdə müəyyən düşüncələr oyadırdı və sonradan bunlar haqqındakı məlumatlar el-el, ağız-ağız dolaşırdı. Yaxud Səfəvi hökmdarı İsmayıl şah Fəthi bəyin başçılığı altında Venesiyaya yolladığı 11 nəfərlik nümayəndə heyətinə oradakı saray xanımlarının hər birinə on iki arşınlıq qırmızı atlaz donluq hədiyyə aparmağı məsləhət bilmişdi. Nəfis parçalar yüksək zövqlü saray xanımlarını hədsiz dərəcədə əfsunlamış, son nəticədə iki tərəf arasında danışıqların uğurlu alınmasına və gələcək əlaqələrinin inkişafına yol açmışdı. Artıq zaman və imperativlər dəyişmişdir.

Mübaliğəsiz şəkildə Fransa istehsalı olan bədii filmdəki "Dövlətin gücü və əhəmiyyəti kosmosdadır" ("Donmuş adam" b/f) fikri ilə razılaşmalıyıq. Həqiqətən, kosmos beynəlxalq münasibətlərin haqqında az danışılan (çox iş görülən) seqmentlərindən biridir. Biz daha çox qloballaşmadan danışdığımız halda, kosmosun çoxdan qloballaşdığını unuduruq. Artıq kənd təsərrüfatı, meteoxidmətlər, xəritəçəkmə və geodeziya, hava uçuşları, gəmiçilik, təbabət, yer planetindəki kataklizmlərin öyrənilməsi birbaşa kosmosla bağlanır, kosmik turizm əlverişli biznesə çevrilir. O ki qaldı hərbi məqsədlər və təhlükəsizlik, burada hər şey göz qabağındadır. Azərbaycan dövləti də kosmik fəallığını davam etdirərək yeni təkliflər ortaya qoyur. Dövlətimiz Beynəlxalq Telekommunikasiya Alyansı çərçivəsində Avrasiya Rabitə Alyansının yaradılması təşəbbüsü ilə BMT Baş Assambleyasına müraciət etmiş və bu təkliflə bağlı 2 sentyabr 2013-cü il tarixdə müvafiq qətnamə qəbul olunmuşdur. Uzun illər həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin həllində də bu fakt öz müsbət təsirini göstərməlidir. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, dövlətçilik tariximizdə yeni bir səhifənin açıldığı gün barədə geniş ictimaiyyətin məlumatı azdır və yaxud heç yoxdur. Xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Azərbaycanın kosmik dövlətə çevrilməsi faktının, onun mahiyyətinin öyrədilməsi olduqca vacibdir. Bəlkə də soydaşlarımız az vaxt keçməsinə baxmayaraq bu tarixi tamam unudublar. Kütləvi informasiya vasitələrinə bu mövzu ilə bağlı çox iş görməli olduqlarını xatırlatmaq lazım gəlir.

Televiziya kanallarında saatlarla davam edən hansısa şou proqramının əvəzinə yarım saatlıq elmi-kütləvi bir veriliş hazırlamaq çətindirmi? Politoloqların və siyasətşünasların da 8 fevral 2013-cü il gününə lazımi dəyər vermədikləri ikiqat təəssüf oyadır. Bu tarixlə bağlı açıqcalar, döş nişanları, suvenirlər hazırlanması da unudulub. Qeyd etdiklərimiz kimlərəsə mənasız görünə bilər. Unutmamalıyıq ki, Azərbaycan dövlətinin müsbət imici yolunda atılan hər bir addım bizim vətəndaşlıq missiyamızdır. Xatırladaq ki, "imic" termini birmənalı izahlana bilmədiyindən razılaşmalıyıq ki, dövlət haqqındakı təsəvvürlər ("representations") və görüntülər ("perceptions") kompleksindən kənar bir məna daşımır. Sosial həyatın bütün sferalarında, eləcə də siyasətdə və diplomatiyada ötən əsrin 90-cı illərindən oturaqlıq qazanan "imic" termini dövriyyəyə bir qədər əvvəl amerikalı iqtisadçı Kennet Bouldinq tərəfindən daxil edilmişdir. Müəllif bu istilahı iki mənada şərh edirdi. Birincisi - dövlət haqqında yad dövlətin insanlarının təsəvvürləri, ikincisi - vətəndaşların öz dövləti haqqında təsəvvürləri. Dövlət haqqında təsəvvürləri obyektiv formalaşdırmaq çoxşaxəli və sistemli fəaliyyətin qurulmasını tələb edir.

Kərəm Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Vəliyulla Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər