Bütün dünya xalqları bu gün də Yaponiyadakı nüvə reaktorunun partlamasından və ondan sonra yaranmış çox təhlükəli vəziyyətdən danışır. Əlbəttə ki, baş vermiş zəlzələdən sonra nüvə sızıntısının qarşısının alınmasının qeyri-mümkün olması nəticəsində ortaya çıxmış vəziyyət hər kəsi atom elektrostansiyaları haqqında bir daha düşünməyə vadar etdi. Kilometrlərlə "ölü zonalar"ın yaranmasını, on minlərlə insanın öz evindən köçməsini, hələ bundan sonra on illiklər ərzində radiasiyanın təsirindən həmin ərazilərdə yaşayışın olmayacağını nəzərə aldıqda, ilk olaraq, diqqət mərkəzinə Çernobl daha sonra isə Metsamor AES-lər gəlir.
Xatırlatmaq yerinə düşər ki, Çernobl qəzası zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edildi. Rəsmi məlumatlara görə, onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişdi. Qeyri-rəsmi məlumatlara görə, qəzanın aradan qaldırılmasında iştirak edən təxminən 95-100 min adam məruz qaldığı şüalanma nəticəsində öldü. Xilasetmə işlərində çalışan təxminən 500-550 min adam isə ağır xəstəliyə tutuldu. Onların bir hissəsi artıq dünyasını dəyişib, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamaqda davam etməkdədir. Bu insanlar əslində ömürlük əzab çəkməyə məruz qoyulan faciə qurbanlarına çevriliblər. Onlar həyatla ölüm arasında can çəkməkdədirlər və ətraflarındakı yaxınlarına da bu dəhşəti yaşatmaqda davam edirlər. Bir vaxtlar xilasetmə işlərində çalışan və şüalanma zonasında yaşayan insanlar üçün müəyyən pulsuz müalicələr nəzərdə tutulmuşdu. Onlara dövlət tərəfindən az da olsa maliyyə yardımları göstərilirdi. Lakin SSRİ-nin dağılmasından sonra bu məsum insanlar unuduldular və onların ağır günləri başladı. Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bu, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.
Göründüyü kimi, özü ilə ölüm gəzdirən və daim insanlığı təhdid altında saxlayan Atom Elektrik Stansiyaları, xüsusilə də, istismar müddəti başa çatmışlar nəinki yerləşdiyi bölgə, hətta, bütöv bir qitə üçün təhlükələr yaradır. Elə bu sırada birinci olaraq, Ermənistandakı 40 il öncə tikilmiş və bu gün tamamilə tükənmiş Metsamor AES durur. Yüksək seysmik zonada yerləşən, köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanan, bu elektrostansiya bütün region və yaxın qonşu ölkələr üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri həddindən artıq faciəli ola bilər. O, istismar müddətini hələ 10 il öncə başa vurmasına baxmayaraq, beynəlxalq birlik narahatlığı aradan qaldırmaq istəmir, üstəlik, onun bağlanması əvəzinə, Ermənistana Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək üçün dəstək verir. Lakin Ermənistana bu işdə dəstək verənlər başa düşməlidirlər ki, hələ ötən əsrin 80-ci illərində Ermənistanda baş vermiş zəlzələdən sonra AES-in vəziyyəti ağırlaşıb. Elə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Metsamorun ikinci reaktorunun vəziyyətinə dair hesabatında göstərilir ki, reaktorun gücləndirilməsi üçün müəyyən rekonstruksiya işləri aparılmalı, stansiya təhlükəsiz iş rejiminə gətirilməlidir. Əfsuslar olsun ki, Ermənistanın həmin işləri görməsi üçün maddi imkanı yoxdur və sənəddə göstərilən işlərin heç biri görülməyib. Əgər zəlzələ nəticəsində stansiyanın kommunikasiya, idarəetmə, soyutma sistemləri 1-2 dəqiqə müddətində dayansa, reaktor qızar və temperatur 2000-2500 dərəcəyə qalxar. Bu isə radioaktiv sızmanın baş verməsinə səbəb olar. Təbii ki, bu da Cənubi Qafqaz və Qara dəniz hövzəsi üçün böyük təhlükələr yarada bilər. Bu zaman cavabı mütləq lazımlı olan sual ortaya çıxır: Fukusima kimi müasir AES-də baş vermiş qəzanın ağır nəticələrini Yaponiya kimi super inkişaf etmiş ölkə ala bilmədiyi halda xarici ianələr hesabına yaşayan Ermənistan belə bir vəziyyətə düşdükdə nə edəcək? Bu səbəbdən də, bütün dünya xüsusilə də, Avropa, elə Rusiyanın özü də Ermənistana Metsamorun bağlanması ilə bağlı təzyiqlər etməlidir. Siyasi məqsədlər naminə bütöv bir bölgə böyük təhdidlə üz-üzə qalmamalıdır.
Azərbaycan bu gün bu təhlükə ilə əlaqədar dünya dövlətlərini, beynəlxalq təşkilatları məlumatlandırır. Elə Prezident İlham Əliyevin Haaqada keçirilmiş III Nüvə təhlükəsizliyi sammitində Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq dedi ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir: "Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır".
Bununla belə Azərbaycan bir daha nümayiş etdirir ki, Azərbaycan regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşları ilə apardığı əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqdir. Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycan nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq edir və ölkəmizin iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəkləyir və bu yaxınlarda Azərbaycan nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını BMT-yə təqdim edib. Həmçinin, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib.
Amma bütün bunlara baxmayaraq, Ermənistan region üçün həm istismar müddəti başa çatmış AES-i ilə, həm də nüvə materiallarının tranzit məkan olmasıyla təhlükə yaradır. Doğrudur, Azərbaycan nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərir. Bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırıb. Hətta, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk "Dəniz Təhlükəsizliyi Strategiyası"nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyati materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.
Lakin çox təəssüflər olsun ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır. Göründüyü kimi, bu gün Ermənistan Cənubi Qafqazda destabillik mərkəzi kimi inkişafa, əməkdaşlığa və təhlükəsizliyə böyük təhdid olaraq qalır. Ermənistanın bu cür radikal mövqe tutması ümumilikdə Avrasiya geostateji məkanda nüvə terrorçuluğunun da yayılmasına səbəb ola bilər. Ona görə də, bütün dünya Metsamor AES-nin bağlanmasına və Azərbaycanın torpaqlarından çıxması üçün Ermənistana təzyiqlər etməlidir. Əks halda, erməni faşistlərinin iddialarından bütün dünya dövlətləri əziyyət çəkə bilər.
"Səs" Analtik qrupu