Qərblə Rusiyanın Ukraynada qarşıdurması məzmunca yeni səviyyəyə qalxıb. Onun konkret ifadəsi Krımda özünü göstərir. Tərəflərin heç biri güzəştə getmək istəmir. Əksinə, onlar vəziyyəti gərginləşdirən yeni addımlar atırlar. Mütəxəssislər bu durumu çox riskli hesab edirlər. Onlar Krımda yaşayan əhali arasında yarımadanın taleyi ilə bağlı yekdil fikrin olmamasına da diqqət çəkirlər. Bütövlükdə təhlükəli, həssas və riskli bir vəziyyət meydana çıxıb. Analitiklər buradan çıxış yolu haqqında müxtəlif fikirlər irəli sürürlər.
Sanksiyalar və cəzalar: siyasi xaosdan çıxış yolu?
Ekspertlərin yekdil rəyinə görə, Ukrayna indi tam siyasi xaos içindədir. Bütövlükdə ölkədə əhalinin qəbul edə biləcəyi siyasi qüvvə yoxdur. "Maydan hərəkatı"nın qəhrəmanları hakimiyyətdə olsalar da, dövlətin müstəqilliyini və ölkənin ərazi bütövlüyünü saxlamağın real kursunu hələlik ortaya çıxara bilməyiblər. Bu faktdır.Digər tərəfdən, Rusiyanın Krımla əlaqədar həyata keçirdiklərinə alternativ ola biləcək addımları nə Kiyev ata bilir, nə də Qərb. Onlar hələlik Rusiyanı durdurmaq üçün sanksiyalardan bəhs edirlər. Avropa İttifaqı və ABŞ Moskvanı cəzalandırmaqla hədələyirlər. Bu üsul Rusiya kimi böyük dövlət üçün nə dərəcədə qəbul edilən və effektivdir, onu zaman göstərəcək. Ancaq hələlik Vaşinqton və Brüssel başqa real addım atmayıb. Ümumiyyətlə, sanksiyalardan fərqli hansı üsullardan istifadə edilə biləcəyi haqqında təsəvvür yoxdur.Bu iki faktor meydana cavabı çətin olan suallar çıxarır. Onlar Ukraynadaxili, regional və qlobal miqyasların hər birinə aiddir. Ukrayna üçün mövcud siyasi kursun qalması halında ərazi bütövlüyünü saxlamaq aktualdır. Regional miqyasda geosiyasi mübarizənin hərbi müstəviyə keçməsi variantında ölkələrin təhlükəsizliyinin təmini məsələsi vacib vəzifəyə çevrilib.Qlobal miqyasda isə postsovet məkanında münaqişələrin mövcud olduğu digər ölkələrdə proseslərin hansı istiqamətdə inkişaf edə biləcəyi üzərində ciddi düşünmək lazım gəlir. Çünki həmin məkanda demək olar ki, bütün dövlətlərdə rusdilli əhali var. Doğrudur, Ermənistan və Gürcüstan istisnadır. Lakin Yerevan özünü Moskvaya çoxdan satıb, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyanı itirib. Yəni reallıqda həmin bölgələrdə yaşayanlar elə "rusdilli" sayıla bilərlər.Yuxarıda vurğulanan faktorlar prizmasından ümumən Ukraynaya və ayrılıqda Krıma baxsaq, mürəkkəb və çətin vəziyyətin yarandığını görərik. Üstəlik, Krım ətrafında cərəyan edən hadisələr siyasətçiləri və diplomatları sözün həqiqi mənasında üz-üzə qoyub. İndi demək olar ki, dünyanın bütün böyük geosiyasi gücləri bu yarımadanın problemlərini həll etmək üçün ciddi-cəhdlə çalışırlar. İlk növbədə orada keçirilmiş referendumun legitim olub-olmadığı ətrafında mübahisə edirlər.Rusiya hesab edir ki, Krım referendumu qanunidir. Moskva bunu sübut etmək üçün xeyli arqument gətirir. Vaşinqton və Brüssel isə tam əksini sübut etməyə çalışırlar. Onlar da kifayət qədər faktlar ortaya qoyurlar.
Əsas problem: kompromis yoxsulluğu
Ancaq hər iki tərəfin yanaşmasından aydın görünür ki, əsas məqsəd Ukrayna xalqının və dövlətinin marağına uyğun çıxış yolu tapmaqdan ibarət deyil – onlar üçün əsas olanı öz geosiyasi maraqlarını təmin etməkdir. Digər ziddiyyətlər və anlaşılmazlıqlar məhz buradan qaynaqlanır. Bu müstəvidə Krımda baş verənlərə nəzər salsaq, bir çox təhlükəli və risklərlə dolu məqamları görmək mümkündür.Hər şeydən əvvəl onu deyək ki, Krım məsələsində Qərblə Rusiyanın qarşıdurması kəskinləşir. BMT TŞ-də həmin problemin müzakirəsi zamanı Fransanın bu təşkilatdakı səfiri Jerar Aro açıq deyib ki, "Əgər Rusiya Krımı işğal etsə, bu, çox ciddi bir iş olacaq. Beynəlxalq münasibətlərdə külli sayda problemlərə yol açacaq. Onların bir çoxu haqqında artıq deyilib...".ABŞ prezidenti B.Obama isə Ukraynanın baş naziri Arseni Yatseynukla görüşündə vurğulayıb: "Biz Rusiya hakimiyyətinə deyirik ki, əgər o, həmin istiqamətdə bir qədər irəli getsə, bütün beynəlxalq ictimaiyyət – ABŞ, Aİ və başqaları Rusiyanı beynəlxalq qanunları pozmağının bədəlini ödəməyə məcbur edəcək".Kreml də öz növbəsində bir addım da geri çəkilmir. Rəsmi Moskva Krımla bağlı atdığı bütün addımların tamamilə beynəlxalq hüquq qaydalarına uyğun olduğunu deyir. Rusiya Duması Krımı ölkənin tərkibinə qatmağa qanuni əsas verən qərar qəbul edib. Rusiya prezidenti və Krımın ''rəhbərlər''i Krım Respublikasının və Sevastopol şəhərinin yeni subyektlər kimi Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında müqavilə imzalayıblar. Son olaraq, prezident V.Putin və xarici işlər naziri S.Lavrov Amerikanın Krımla əlaqədar verdiyi təkliflərin qəbuledilməz olduğunu bildiriblər. Rusiya prezidenti bəyan edib ki, Krım ''yalnız Rusiyaya məxsus ola bilər''.Qərblə Rusiyanın bu cür kəskin formada qarşıdurmasının fonunda Krımın daxilində vəziyyət xeyli dərəcədə ziddiyyətli görünür. Orada yaşayan ruslar RF-yə birləşməyə üstünlük verirlər. Ukraynalılar və tatarlar isə Ukraynanın tərkibində qalmaqdan bəhs edirlər. Milli azlıqlar isə qorxu içərisindədirlər. Məsələn, azərbaycanlıların Krımdan artıq köç etməyə başladığı haqqında informasiyalar yayılır.Rusiya prezidenti V.Putinlə Krım tatarlarının lideri C.Krımoğlu telefon danışığında Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. Rusiya prezidenti isə Ukraynanın SSRİ-dən çıxması və müstəqilliyini elan etməsi prosedurunda qüsurların mövcud olduğunu deyib.Bunların fonunda bəzi analitiklərin gəldikləri qənaətlər maraq doğurur. Məsələn, postsovet məkanı üzrə sayılan ekspertlərdən olan Ariel Koen iddia edir ki, Ukraynanın parçalanmasında heç bir tərəf maraqlı deyil. Qərb bunu qətiyyən arzulamır. Rusiya da Krımın müstəqilliyindən çox, Kiyevdə mötədil bir rejimin olmasına üstünlük verərdi. Çünki Moskvaya bütöv və loyal Ukrayna lazımdır ki, strateji aspektdə müəyyən dividendlərə ümid yeri qalsın.Məşhur analitik Z.Bjezinski də tərəfləri kompromisə dəvət edir. Birincisi, Rusiya Krımı zəbt etmək kursundan imtina etməlidir. İkincisi, Qərb Ukraynanı NATO-ya daxil etmək niyyətinin olmadığına rusları inandırmalıdır. Bundan başqa, bilmək lazımdır ki, Ukrayna Putin üçün SSRİ-nin dağılmasının əvəzidir. Əgər orada rəsmi Moskva uğur qazansa, sovetləri bərpa etmək həvəsi artacaq.Onu deyək ki, Krımdakı referenduma iki sual çıxarılmışdı: birincisi, Krımın Rusiyanın tərkibinə qatılması; ikincisi, 1992-ci il Konstitusiyasına qayıdaraq muxtar quruma daha geniş səlahiyyətlərin verilməsi. Lakin referendum da formal mahiyyət daşıdı. Çünki artıq rəsmi Kiyev Aİ ilə assosiativ üzvlük sazişini imzalayıb. Eyni zamanda, Krım parlamenti müstəqillik haqqında sənəd qəbul edib. Şübhəsiz ki, bu halda referendumun hansı məna daşıdığı tam aydın deyil. Çünki referenduma qədər Krım müstəqildirsə, bir bəyanatla onun Rusiyanın tərkibinə keçməsi də mümkün olacaq.Bütün bunlar Krımda müharibənin alovlanmasının an məsələsi olduğunu göstərir. Böyük geosiyasi güclərin Ukrayna uğrunda amansız və güzəştsiz mübarizəsi, Krımda yaşayan əhali arasında yarımadanın taleyi haqqında fərqli mövqelərə sahib olması burada "barıt çəlləyi"nin üzərində siyasət aparıldığı mənasını verir. Digər tərəfdən, nə qədər inkar etsələr də, Rusiya və Qərb hərbi qüvvələrini Qara dəniz-Krım istiqamətinə cəmləşdirirlər. Hələlik heç bir tərəf ilk gülləni atmır. Bununla yanaşı, Rusiya KİV-i rəsmi Kiyev tərəfdarlarının dinc əhaliyə zor tətbiq etdiyi barədə informasiyalar yayır.Hadisələrin təhlili göstərir ki, Krım ətrafında beynəlxalq hüquq baxımından ziddiyyətli, siyasi aspektdə mürəkkəb və hərbi müstəvidə çox riskli vəziyyət formalaşıb. Orada proseslərin süründürməçi xarakter daşıyacağını proqnozlaşdırmaq olar. Bununla yanaşı, hər iki tərəf sürətli və kəskin hərəkət etmək şansını saxlamağa çalışacaq. Krım məsələsinin postsovet məkanındakı bütün münaqişələrin həlli prosesinə ciddi təsir etməsi mümkündür. Hər bir halda Krım həmin məkanda bir presedent ola bilər.
Newtimes.az