Ukrayna hadisələri fonunda Pekinin xarici siyasəti mütəxəssisləri maraqlandırır. Çin hazırda ABŞ-la rəqabət apara biləcək dövlət kimi qəbul edilir. Bu iki böyük gücün siyasətləri arasındakı fərq nədən ibarətdir? Pekinin dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələrin məzmunu bu suala cavab verməyə əsas yaradır. Həmin müstəvidə indi aktual olan bir sıra geosiyasi məqamlara nəzər salaraq, ümumiləşdirici nəticələr çıxarmaq mümkündür. Dünya geosiyasi aspektdə maraqlı mərhələyə qədəm qoymaqdadır.
Tonqa və Mərkəzi Asiya: Çin siyasətinin iki hədəfi
Çin yalnız ehtiyatlı davranmır. Onun siyasətində "müdrik ekspansiya" elementi getdikcə özünü daha çox göstərir. Pekin birtərəfli xətt yürütmür. Rusiyanı özünə strateji tərəfdaş hesab etsə də, BMT TŞ-də səsvermə zamanı Krım məsələsində bitərəf qalıb. Ancaq ümumi bəyanatlarla bu yarımadada referendum keçirilməsinə etiraz etməyi doğru saymadığını da bildirir (bax: Russia vetoes U.N. resolution against Crimea referendum / "Reuters", 15 mart 2014).
Bunlar Çinin xarici siyasətinin "aysberqinin" görünən tərəflərindəndir. Proses keçən əsrin 90-cı illərindən başlayıb. Pekin sovetlərin dağılmasından sonra dünya liderliyinə Şərq müdrikliyi ilə nail olmaq istiqamətində çalışır. Onun ehtiyatlılığı, "bitərəfliyi" və "mədəni amillərə" üstünlük verməsi bu müstəvidə məzmun kəsb edir. Çox kiçik Tonqa Krallığı istiqamətində yeritdiyi siyasətdə həmin məqam daha qabarıq özünü göstərir.
Tonqa Cənubi Sakit okean regionunda 170 kiçik adadan ibarət ölkədir. Əhalisi təxminən 100 min nəfərdir. Ümumi Daxili Məhsulu cəmi 760 milyon ABŞ dolları həcmindədir. Tarixən Avstraliya və Yeni Zelandiya ilə əlaqələri olub. İndi isə Tonqanın dünyada cəmi bir ölkədə – Çində səfirliyi var! Pekin Yeni Zelandiyanı bu kiçik ölkənin aviaməkanından sıxışdıraraq, orada liderlik edir.
Çin Tonqanın iqtisadiyyatında dominantlıq edir. Çünki bu ölkənin ona böyük həcmdə borcu yaranıb. Özəl sektorun 70%-i çinlilərin əlindədir. Artıq Nukualofanın (Tonqanın paytaxtı) siyasətini Pekin müəyyənləşdirir. Əsas isə odur ki, Çin bu ada-dövlətdə hərbi baza yerləşdirməyi planlaşdırır! (bax: Sofiə Pale. Qlobalğnaə gkspansiə Kitaə: Korolevstvo Tonqa kak gksperimentalğnaə plohadka / "Novoe Vostoçnoe Obozrenie", 14 mart 2014). Özü də Çinin hərbi bazası fransız (Yeni Kaledoniya) və amerikan (Quam) hərbi obyektlərinə çox yaxın yerdə qurulmalıdır.
Dinamika aydındır: Pekin əvvəlcə yardım əlini uzadır, sonra cəmiyyətdə özünə hörmət qazanır, növbəti mərhələdə rəqiblərinin təsir dairəsini məhdudlaşdırır, yalnız bundan sonra əsl məqsədini – hərbi varlığını təmin etməyə çalışır. Bu strategiya reallaşmaya da bilər. Çin bundan incimir, zahirən geri çəkilir ki, imkan yarananda növbəti həmləni etsin.
Tonqaya yönəlmiş siyasətin daha mürəkkəb forması Mərkəzi Asiya regionunda həyata keçirilməkdədir. Ekspertlər son zamanlar bu siyasəti "Çin Mərkəzi Asiyanı qaz mühasirəsinə alır" kimi qiymətləndirirlər (bax: Viktoriə Panfilova. Pekin vzəl Üentralğnuö Aziö v qazovoe kolğüo / "Nezavisimaə qazeta", 14 mart 2014). Həqiqətən də coğrafi olaraq bu, belədir. Bununla yanaşı, geosiyasi təsir məkanı qismində də Pekinin Mərkəzi Asiya regionunu tam əhatə etməkdə olduğunu demək lazımdır.
Qlobal istila: Çin modeli
Belə ki, artıq Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan Çinə aparılan enerji daşıyıcılarının ya tranzit ölkəsi, ya da layihədə ortağıdır (bax: əvvəlki mənbəyə). Son olaraq Düşənbə bu prosesə qoşulub. Çin Milli Neft Şirkəti (CNPC) ilə "Taciktransqaz" ortaq müəssisə yaradıblar. Bu, Çinin ildə əlavə 25 milyard kubmetr qaz almasına imkan yaradacaq. Hazırda Pekin qazı Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin marşrutu ilə alır. Yeni boru kəmərinin təhvil verilməsi ilə ikinci nəql xətti işləməyə başlayacaq. Onu demək gərəkdir ki, belə layihələrlə Pekin daha geniş geosiyasi məkanda təsirini saxlamış olur.
Bu kontekstdə, ilk növbədə, İranın enerji ehtiyatlarını nəzərdə tutmaq gərəkdir. Çinin Mərkəzi Asiyada iqtisadi-energetik varlığında həlledici rolu Tehranla əməkdaşlıq oynayır. Sirr deyil ki, İran dünyanın ən böyük neft-qaz ehtiyatlarına malik ölkələrindən biridir. Onun Çinlə əməkdaşlıqda çox maraqlı olduğu məlumdur. Son illər iki ölkə arasında bu sahədə ciddi layihələr həyata keçirilir. İndi Mərkəzi Asiyada Çinin geniş nəqletmə infrastrukturu qurması ilə həmin istiqamətdə daha böyük addımlar atmağa şans yaranır.
Bunun fonunda Çinin ABŞ siyasətində maraqlı məqamlar özünü göstərir. Ümumilikdə iki ölkə arasında əlaqələr genişlənir. Hazırda Amerika ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 520 milyard ABŞ dolları təşkil edir (bax: Vladimir Skosırev. Kitay ukrepit sotrudniçestvo s SŞA / "Nezavisimaə qazeta", 14 mart 2014). Çinin baş naziri Li Keqiang Pekinin Vaşinqton siyasətini "müdrik adamlar ümumi maraqlar tapmağa can atırlar" Çin atalar sözü ilə xarakterizə edib (bax: əvvəlki mənbəyə). Buradan diqqət çəkən bir nəticə çıxarmaq olar.
Mahiyyətcə, Çinin Tonqa siyasəti ilə Amerika siyasəti arasında elə bir fərq yoxdur. Sadəcə, miqyas və atılan addımların incəliyi fərqlidir. Pekin bütün istiqamətlərdə "müdrik əməkdaşlıq" modelinə üstünlük verir. Bunu reallaşdırmaq üçün isə tələsmədən, ardıcıl, əsəbilik nümayiş etdirmədən, lakin qətiyyətlə irəli gedir. Çin Mərkəzi Asiyada enerji siyasətini həyata keçirərkən Amerika ilə münasibətlərin gələcək məzmununa uyğun layihələr reallaşdırır. Konkret misal göstərmək olar.
Pekin Mərkəzi Asiyada enerjinin istehsalı ilə nəqli marşrutlarının müəyyənləşdirilməsini uyğunlaşdırır. Belə ki, Çin həmin regiona külli miqdarda sərmayə qoyur. Son məlumatlara görə, bu rəqəm 50 milyard ABŞ dolları təşkil etməlidir!
Paralel olaraq, Çin həmin regionda dil və mədəniyyətini yayan layihələr gerçəkləşdirir. Son dövrlərdə bu tendensiya xeyli güclənib. Mərkəzi Asiyada Konfutsi İnstitutu fəaliyyət göstərir, insanlar Çin dilini xüsusi təşkil edilmiş kurslarda öyrənirlər. Bununla da Pekin xarici siyasətində çox mühüm bir məqama diqqət yetirir. Söhbət bu ölkənin Mərkəzi Asiyaya dövlət və mədəniyyət olaraq nüfuz etdiyindən gedir. Ən əsası isə odur ki, məhz bu prosesin fonunda regionun enerji daşıyıcıları Çinə nəql edilir. Həmin marşrutun seçilməsi yerli cəmiyyətlərdə heç bir qıcıq yaratmır.
Lakin Çinin yeritdiyi siyasətin məzmunu bununla da bitmir. Həmin proseslərin arxasında Pekin regionla hərbi əməkdaşlığını genişləndirir. Bu, özünü Qərb və Rusiyanın hərbi texnikasına olan asılılığı aradan qaldırmaqda göstərir. Çin alternativ hərbi silahlar təklif etməklə region dövlətlərinə müstəqil hərəkət imkanı verir. Buna görədir ki, yaxın perspektivdə hansısa Mərkəzi Asiya dövlətində Çin hərbi bazasının peyda ola biləcəyinə bu gün təəccüblənməməliyik. Tonqa hadisəsində olduğu kimi.
Yuxarıda qeyd edilənlər kontekstində Krımda baş verən proseslərə Pekinin münasibəti düşündürücü görünür. Biz, təsadüfən bu təhlilə Ukrayna hadisələri ilə başlamadıq. Məsələ ondan ibarətdir ki, Çin Qərbin strateji məqsədlərini yaxşı dərk edir. Əsas hədəf Çindir! Onun Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi layihələrə aktiv müqavimət göstərməyin zamanı deyil. Çinin qarşısını Rusiya istiqamətində kəsmək olar. Bunun üçün Ukrayna və Rusiyanın xaosa salınması kifayətdir. Çünki bu ölkələrdə qarışıqlıq olanda onların inkişafı dayanır. Moskva Pekinin təsiri altına düşməyəcək qədər güclüdür. Ancaq onun başı Krıma qarışanda sanksiyaların təsiri ilə özünün inkişaf kursunu reallaşdırmaqda çətinlik çəkəcək.
Belə çıxır ki, Qərb nə Ukraynanı xilas edəcək, nə də Rusiyaya güclü hərbi zərbə endirəcək. Vaşinqton və Brüsselə hadisələrin süründürülməsi sərfəlidir. Müəyyən müddətdən sonra isə həmin xaos Çinə sirayət edə bilər.
Pekin bunları anladığından nə Rusiyanın Krımdakı maraqlarına qarşı çıxır, nə də Qərbə aktiv müqavimət göstərir. O, Şərq müdrikliyi ilə iki qüvvə arasında manevrlər edir. Lakin bunun da bir sonu vardır. Həmin aspektdə Pekin nəyi düşünür?
Bu, strateji əhəmiyyəti olan sualdır. Bizcə, Çin proseslərin qarşısını ala bilmək gücündə deyil. O, Rusiyanı da xilas edə bilməz. Görünür, böyük güclərin geosiyasi mübarizəsi daha gərgin bir mərhələnin astanasındadır. Müəyyən müddətdən sonra ABŞ-la Çin birbaşa üz-üzə dayana bilərlər. Tarixin bu səhnəsi "müdrikliklə" "yumşaq gücün" yarışı olacaq. Kim qazanacaq?
Newtimes.az