12 aprel 1961-ci il. Bəşər tarixinə daxil olan bu gün kosmosun fəthi erasının əsasını qoyub. Belə ki, tarixin ilk kosmik gəmisi "Voskot"la ilk Yer kosmonavtı Yuri Qaqarin orbitə çıxıb. Beləliklə, ilk dəfə insan ayağı kosmosa dəymiş olub. 1 saat 48 dəqiqə ərzində Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib. Kosmosa ilk uçuşuna görə, Yuri Qaqarinə Sovet İttifaqı Qəhrəmanı adı verilir.
Həmin gündən sonra kosmosun fəth olunması üzrə 250 proqram həyata keçirilib, orbitdə 36 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.
"AZƏRKOSMOS" AZƏRBAYCANDA VƏ QAFQAZDA İLK PEYK OPERATORUDUR
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qısa zaman kəsiyində ölkəmiz həyatın bütün sahələrində əldə etdiyi uğurlarla, nailiyyyətlərlə heyrətləndirməyə nail olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası beynəlxalq aləmdə Azərbaycanı neft-qaz, turizm, tolerant və idman ölkəsi kimi tanıdıb. Azərbaycan innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də nüfuz qazanıb.
Azərbaycan iqtisadiyyatında rabitə və informasiya texnologiyaları ən inkişaf etmiş sahələrə çevrilib. Telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində də lider dövlətə çevirib. Azərbaycanda aerokosmik sənaye yaradılıb. Bu sahənin inkişafı 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı məlum Sərəncamından sonra başlayıb. 2010-cu ildə isə Prezident İlham Əliyev "Azərkosmos" Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalayır və Yerüstü Peyk İdarəetmə Mərkəzinin Yaradılması ilə bağlı xüsusi tapşırıq verib. Beləliklə, "Azərkosmos" Azərbaycanda və Qafqazda ilk peyk operatoru kimi artıq fəaliyyət göstərir.
İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNKİŞAFI UĞURLU GƏLƏCƏYİMİZİN TƏMİNATIDIR
Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Səhmdar Cəmiyyəti bütün diqqəti ölkəmizdə ilk süni peyk - "Azərspase-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəltdi. Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adıyla ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Azərbaycanın ilk peyki 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rola malikdir.
Artıq uğur əldə edilib. Ölkəmizi daha böyük uğurlara gözləyir. Yeni peyklərin orbitə çıxarılması istiqamətində işlər aparılır. 2015-ci və 2016-cı illərdə əlavə iki peykin də orbitə buraxılacağı nəzərdə tutulub. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, bu, Azərbaycanda kosmos sənayesinin başlanğıcıdır: "Azərspace-1" o deməkdir ki, "Azərspace-2", Azərspace-3" və digərləri olacaqdır. Biz Azərbaycanda güclü kosmos sənayesinin qurulması üçün beynəlxalq tərəfdaşlarımızla işləyirik".
Fəxrlə deyirik ki, Azərbaycanın ilk telekommunikasiya peyki uğurla yerətrafı orbitə çıxarıldı. Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir. Heç şübhəsiz ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək.
Nəzakət ƏLƏDDİNQIZI