Müasir kapitalist sistemi digər iqtisadi quruluşlarla müqayisədə daha səmərəli şəkildə, böyük həcmdə və yaxşı keyfiyyətə malik məsul istehsal etmək və xidmət göstərmək qabiliyyətinə malikdir. Ətraf mühitin qorunması ilə məşğul olanlar təbii sərvətlərin getdikcə tükəndiyini bildirsələr də, dünyada əhalinin sayı durmadan artır və dünya tarixində adam başına bu qədər qida məhsulu istehsal olunmamışdır.Lakin əhalinin böyük hissəsi bundan bəhrələnmir. Dünyada gündəlik 2 ABŞ dollarından az qazancla yaşayan 2.8 milyard insan var. Bu demək olar ki, dünya əhalisinin yarısıdır. Dünyada sərvətlərin artmasına baxmayaraq, yalnız əz zəngin insanlar bu sərvəti mənimsəyirlər. Zənginlər və yoxsullar arasında fərq böyüdüyündən sadə insanların alıcılıq qabiliyyəti çox aşağı düşür. Varlılar və kasıblar arasında uyğunsuzluq artır. Bu uyğunsuzluq isə müasir kapitalizm sisteminin mükəmməllikdən uzaq olduğunu və heç də böyük kütləyə geniş faydalanma imkanları yaratmadığını nümayiş etdirir.
Kapitalizmin düzgün şəkildə işləməməsi qətiyyən onun istehsal qabiliyyətindən məhrum olunması anlamına gəlməməlidir. Məhsul çeşidi olduqca genişdir və daha böyük tələbat olduğu halda istehsalın həcmi artırıla bilər. Kapitalizmin əlavə həcmdə məhsul istehsal etməməsi müştərilərin əlavə məhsul almaması ilə bağlıdır. Buna səbəb isə alıcıların maddi imkanının aşağı olmasıdır. Sərvət məhdud sayda insanın əlində cəmləşdiyi və səmərəli şəkildə dövr etmədiyi təqdirdə sıravi insanların alıcılıq qabiliyyəti azalır. Dünyanın 2.8 milyard əhalisi qida, geyim, yaşayış sahələri, səhiyyə və digər əsas xidmətlər bazarından istifadə edə bilməyən kütlədir. Onlar potensial alıcılardır. Bu səbəbdən, istehsal istehlakı üstələyir.
Qlobal kapitalizmin daha bir öldürücü qüsuru borcdur, yəni insanları və şirkətləri kreditlərdən istifadə etməyə təşviq etməkdir. Kredit iqtisadi artımda böyük rol oynayır və borc almaq imkanı sərmayələrin mənfəətliyini əhəmiyyətli dərəcədə artırır (The Crisis of Global Capitalism: Open Society Endangered by George Soros). Bu gün korporasiyalar borcun cazibədar və riskdən azad olduğunu nümayiş etdirmək üçün reklam kampaniyalarına yüz milyonlarla dollar xərcləyir.
Düşünülmüş qlobal xarakterli reklam kampaniyaları və birbaşa elektron poçt proqramları, yeniyetmələrdən tutmuş yaşlı nəslə qədər, bütün yaş kateqoriyasına daxil insanları hədəfə alır. Onilliklər boyu bankirlər havadan pul düzəldib, faizlə borca verib insanları "borc quluna" çevirmişlər. Hakimiyyətdə olanlar üçün bu çox vacib məqamdır, çünki böyük borcu olan insanları idarə və manipulyasiya etmək daha asandır. Bu səbəbdən hökumətlər insanları borc vasitəsilə daha da "köləliyə" sürükləməkdə banklara yardım edirlər.
İqtisadi inkişaf kapitalın akkumulyasiyasını tələb edir, bu isə yalnız aşağı əmək haqqı və qənaətçilik vasitəsilə əldə edilir (The Crisis of Global Capitalism: Open Society Endangered by George Soros). Məhz buna görə, hökumətlər illər boyu iri şirkətlərə yardım etmiş və əmək haqlarının aşağı səviyyədə saxlanılmasına şərait yaratmışlar. Bu isə öz növbəsində "maaş köləliyi" ilə nəticələnmişdir.
Sənayeləşmə haqqında bir neçə kəlmə demək gərəkdir. Iqtisadi artım naminə istehsal sektorunun inkişafı ətraf mütin çirklənməsinə səbəb olmuşdur. Tullantıların həcmi durmadan artmaqdadır və aydındır ki, kapitalistlər planetimizin gələcək nəsillər üçün qorunması naminə iqtisadi artımı məhdudlaşdırmayacaqlar.
Problemin kökü qlobal rəqabətdədir. Hökumətlər iqtisadiyyata müdaxilə etmək hüquqlarını özlərində saxlasalar da, getdikcə qlobal rəqabət gücünün təsirinə məruz qalırlar. İstənilən hökumət kapital axınına zidd şərtlər qəbul etdiyi təqdirdə, kapital oradan "qaçmağa" çalışır və əksinə, hökumət aşağı maaş və seçilmiş şirkətlər üçün əlverişli şərait yaradırsa, bununla kapitalın akkumulyasiyasına nail olmaq olar.
Yəni, qlobal kapitalizm sistemi öz siyasətləri olan bir çox suveren dövlətlərdən ibarətdir, lakin onların hər biri yalnız ticarət deyil, həm də kapital axını uğrunda beynəlxalq rəqabətə məruz qalır. Bu, sistemi mürəkkəbləşdirən xüsusiyyətlərdən biridir. İqtisadi və maliyyə məsələlərində qlobal rejimdən bəhs etdiyimiz halda, siyasətdə qlobal rejim anlayışı yoxdur. Hər ölkənin öz rejimi mövcuddur. (The Crisis of Global Capitalism: Open Society Endangered by George Soros).
Sistemin ciddi qüsurları var. Nə qədər ki, kapitalizm qalib gələcək, pul naminə fəaliyyət sosial aspektləri üstələyəcək. İqtisadi və siyasi sistemlər quruluşlar nasaz vəziyyətdədir. Qlobal cəmiyyətin inkişafı qlobal iqtisadiyyatın inkişafı ilə ayaqlaşa bilmir (The Crisis of Global Capitalism: Open Society Endangered by George Soros).
Aydındır ki, bizim demokratik, ətraf mühiti qoruyan və daha keyfiyyətli yaşayış tərzi təmin edə biləcək iqtisadi sistemə ehtiyacımız var. Bu gün bizim cəmiyyətlərimizə, ölkələrimizə və dünyamıza iqtisadi tənəzzül və onun acı iztirablarını dəf edəcək alternativ iqtisadiyyata ehtiyacımız var. Biz qüsurlu qlobal iqtisadi sistemə alternativ olan sistemin yaradılmasında iştirak etməliyik.
newtimes.az