PDF Oxu

Araşdırma

  • 1 725

Avropa İttifaqı 2014-cü il Avropa Parlamenti seçkiləri ilə "demokratikləşmə tərəzisində" nə qədər sabitlik əldə edə biləcək?

Avropa İttifaqı 2014-cü il Avropa Parlamenti seçkiləri ilə "demokratikləşmə tərəzisində" nə qədər sabitlik əldə edə biləcək?

22-25 May 2014-cü il tarixlərində Avropa İttifaqının əsas qanunverici orqanlarından olan Avropa Parlamentinə (AP) seçkilər keçiriləcəkdir. AP Avropa ölkələrinin vətəndaşlarının təmsil olunduğu yeganə birbaşa seçilən qurum olaraq Avropa demokratiyasının təminatçısı sayılır.AP-nin üzvləri hər 5 ildən bir birbaşa seçki yolu ilə müəyyən olunur. Səsvermə sistemləri və seçki rayonlarının miqyası ölkədən-ölkəyə dəyişir və bəzi üzv-ölkələrdə səsvermə proseduru 1 həftəyə qədər uzana da bilər. AP üçün keçirilən seçkilər demokratiya baxımından Avropa İttifaqı miqyasında yeganə təcrübədir.

Qeyd etdiyimiz kimi, Avropa Parlamenti İttifaq orqanları arasında yeganə seçkili orqan kimi bu qurumda demokratiyanın təminatçısıdır. Lakin əslində bu orqan Aİ yarandığı zaman o qədər səlahiyyətsiz və lazımsız orqan kimi qiymətləndirilmişdi ki, hətta adı belə Parlament olmamışdır. Təsis sazişlərinə nəzər yetirdiyimiz zaman Avropa Parlamenti terminindən istifadə edilmədiyini, Assambleya və ya Məclis adlarına üstünlük verildiyini görürük. Ancaq bütün hallarda milli dövlətlər tərəfindən təyin olunan nümayəndələrin təşkil etdiyi quruma dərhal Parlament adının verilməsi də tərəddüdlərə yol açırdı. Hər halda seçilmiş məclis təyin edilmiş məclisdən daha güclüdür ki, bu da Parlament üçün səlahiyyətlərin rolunun nə qədər önəmli olmasına işarədir. Müştərək Məclis adlandırılan bu orqan nəzarətetmə səlahiyyətinə malik olsa da, qanunvericilik səlahiyyəti yox idi. Müştərək Məclisin fəaliyyəti 1957-ci ildə imzalanan Roma sazişi ilə Avropa İqtisadi İttifaqı (Aİİ) və Avropa Atom Enerjisi İttifaqının (AAEİ) təsis edilməsinə qədər davam etmişdir .

Roma sazişində birbaşa seçkilərin keçirilməsi vurğulansa da, üzv-ölklərin buna əməl etmə məsələsində razılığa gələ bilməmələri nəticəsində ilk dəfə birbaşa seçkilərin keçirilməsi 1979-cu ilə qədər uzandı. Seçkilərdə iştirak nisbəti 1979-cu ildən bu günə qədər daim azalır. Birbaşa seçkilərin keçirilməsi qərarı yenə də üzv-ölkələrin Aİ-nin legitimliyini artırmaq və demokratik boşluqları doldurmaq istiqamətindəki cəhdlərinin bir hissəsi kimi AP-nin səlahiyyətlərinin genişləndirilməsi prosesinin başlamasına bir işarə oldu.

AP-nin İttifaq daxilindəki mövqeyinə baxdığımız zaman bu qurum ilə digər klassik parlamentlər arasında bəzi fərqlərin olduğu nəzərə çarpır. Bunun xarakterik xüsusiyyəti həmin fərqin əslində Avropa İttifaqını digər qurumlardan ayıran mühüm cəhətin olmasıdır. Bu fərqin ən mühüm tərəflərindən biri AP-yə üzv-dövlətlərin vətəndaşlarının qərar qəbuletmə prosesində birbaşa seçilmiş nümayəndələri vasitəsilə iştirakıdır.

Avropa İttifaqı (Aİ) qurulduğu tarixdən bugünədək dəyişən relyeflər üzərində fəaliyyətini davam etdirmiş, genişlənmiş və inkişaf etmişdir. Yaranmasında hər nə qədər fərqli səbəblər olsa da, Aİ Avropa qitəsində bir çox dövlətləri ''Vahid Avropa'' naminə bir istiqamətdə irəliləməyə sövq etmişdir. ''Sosial haqların məkanı'' Avropasından – məhdudiyyətlərin kəskin müəyyənləşdiyi ''Avropa qalası'' məkanına çevrilən Aİ zaman-zaman vətəndaşlarda həm ümid, həm də inamsızlıq və biganəlik yaratmışdır.

Bu proseslərin dəvam edəcəyi və ya dəyişəcəyi fikirləri ilə Avropanın son həftələrdəki gündəmi növbəti – 2014-cü il Avropa Parlamenti seçkiləri ilə müzakirələrin aktiv məkanına çevrilmişdir. Seçki müzakirələri daha çox Aİ-nin idarəetmə mərkəzi sayılan Brüsselə olan narazılıqları ifadə edir.

Seçkilərə getmək, yoxsa getməmək? Avropa İttifaqına üzv-dövlətlərin vətəndaşları hələ də bu haqda düşünürlər. Bu, artıq gərcəkləşəcəyindən daha çox xəyali bir düşüncəyə çevrilən Avropanın siyasi cəhətdən bütövləşməsinə münasibətin ümidverici olmadığını göstərir. Çünki uğurlu iqtisadi bütövləşmədə xalqların münasibətinə elə də ehtiyac hiss etməyən Avropa qurumları siyasi bütövləşməni Avropa xalqlarının vahid fikri və münasibəti olmadan reallaşdıra bilməzlər.

Siyasi partiyalar və partiyaların cəmləşdiyi siyasi qruplar Avropa xalqlarını aktiv olaraq seçkilərdə iştirak etməyə inandırmağa çalışırlar. Ancaq ümumi rəylər, bu inandırma fəaliyyətinin şablon xarakter aldığını, vətəndaşların boş ideologiyaya deyil, sosial rifah və təminatlarının yüksəldilməsini tələb etdiklərini göstərir.

Bu il seçkilərə gedənlərin sayının 2009-cu il AP seçkliləri ilə müqayisədə faiz nisbətində daha az olacağı proqnozlaşdırılır. Əslində, burada önəmli olan göstəricilər deyil, Avropa ölkələrinin vətəndaşlarının Avropa İttifaqına və bundan irəli gələrək qurumlarına inam yaratmaqdır. AP seçkilərində iştirakın göstəriciləri isə bu inamın nə dərəcədə olacağını göstərəcəkdir. Çünki Avropa xalqları özlərini mərkəz Brüsseldən təcrid olunmuş sayırlar. Xalqlarla yüksək idarə edənlər (high authorities) arasında keçilməsi getdikcə yüksələn sədd yaranır, bu isə hədəf olaraq siyasi bütövləşmə yolunda olan Aİ üçün böyük maneədir.

Hazırda bir çox problemlərin kəsişmə nöqtəsi olan iqtisadi böhranın həm yaranması, həm də yaratdığı əsas səbəblərdən biri olan işsizliyin həlli hər hansı inzibati qurumlar vasitəsilə deyil, mərkəzləşmiş Avropa tərəfindən həll olunmalıdır. Bunun istiqaməti isə AP seçkilərində daha aydın görünəcək. Getdikcə Aİ-yə maraqları azalan sadə vətəndaşların seçkilərdə iştirak fəallığının bir çox problemlərin həllinin təməli olacağı düşüncələri hələ də qalır. Hər nə qədər Aİ-nin 2007-ci ildə imzalanan son Lissabon sazişi ilə AP ən böyük dəyişikliklər və daha çox səlahiyyətlərin verilməsi ilə hazırda səlahiyyətlər baxımından ən güclü qurum statusunda görünsə də, fəaliyyətində bu görünmür. Ancaq yenə də seçkilərə ümidlər hələ ki var və Vahid Avropa naminə bu seçkilərin nəticələri növbəti 5 illik fəaliyyətin başlanğıcının göstəricisi olacaqdır.

Newtimes.az

Digər xəbərlər