PDF Oxu

Araşdırma

  • 1 492

Ermənistana niyə sanksiyalar tətbiq olunmur?

Ermənistana niyə sanksiyalar tətbiq olunmur?

İşğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın edib və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Lakin Azərbaycanın güclü və ləyaqətli ordusu düşməni yerində oturdub.

Son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirən siyasətçilər, milllət vəkilləri vurğuladılar ki, beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etməlidir.

Azay Quliyev: "Beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etməlidir"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, deputat Azay Quliyev:

- Ən vacib və təxirəsalınmaz addımlardan biri beynəlxalq aləmdə Ermənistanın aqressiv siyasətini ifşa etmək və region üçün bu dövlətin ən böyük təhlükə olduğunu göstərməkdən ibarət olmalıdır. ıİşğalçı Ermənistanın təmas xəttində atəşkəsi pozaraq ordumuzun mövqelərinə etdiyi hücumun və törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycanın Milli Ordusu üzərinə düşən vəzifəni layiqincə və yüksək peşəkarlıqla yerinə yetirir. Ancaq hamımız bilirik ki, müharibə təkcə cəbhə xəttində deyil, eyni zamanda informasiya və diplomatiya sahəsində də aparılır. Buna görə də bu gün bizlər - millət vəkilləri, diplomatlar, siyasi partiyalar, QHT-lər, KİV-lər və bütövlükdə hər birimiz belə bir həssas məqamda məsuliyyətimizi, üzərimizə düşən vəzifəni düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıyıq. Beynəlxalq qurumlardan aqressorun və işğalçının cəzalandırılmasını tələb etməliyik. Xüsusilə, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı verdiyi son bəyanatına bütün vətəndaş cəmiyyəti institutlarının qoşulmasına və onu dəstəkləməsinə ciddi ehtiyac var.

İnformasiya və diplomatiya sahəsində əldə etdiyimiz üstünlüyü qoruyub saxlamaq və daha da gücləndirmək üçün bütün QHT-lər, siyasi partiyalar, mətbuat nümayəndələri, dövlət qurumları və bütövlükdə ictimaiyyət vahid mövqedən çıxış etməli və zəruri hallarda fəaliyyətimizi əlaqələndirməliyik. Mən, xüsusilə qeyri-hökumət təşkilatlarını bu günlərdə daha fəal olmağa, Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı məlumatları operativ şəkildə beynəlxalq təşkilatlara təqdim etməyə çağırıram.

İlham Məmmədov: "Son hadisələr bir daha onu göstərdi ki, Azərbaycan öz torpaqlarını öz gücü ilə azad etməyə qadirdir"

YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov:

- Vətən uğrunda canlarlından keçən Vətən oğulları bizim fəxrimizdirlər. Şəhidlik insanlığın ali məqamıdır. Bu adı qazananlar əbədi yaşar insanlardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar xalqımızın tarixinin qəhrəmanlıq salnamələridirlərı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın ordu quruculuğu istiqamətində apardığı işlər öz müsbət nəticələrini verir. Mən bütün cəbhəboyu bölgələrlə əlaqə saxlayıram. Çox yüksək əhval-ruhiyyə var. İndi uşaqdan tutmuş böyüyə qədər hamı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazırdır. Kimi dindirirsən, "Mən hazıram" deyir. Bilirsiniz, müharibədə yalnız silahın gücünə qalib gəlmək mümkün deyil. Burada əzm, iradə, ruh böyük önəm daşıyır. Bu mənada həm ordumuz, həm də bütövlükdə xalqımızda böyük ruh yüksəkliyi var. Təbii ki, ruh yüksəkliyi ilə texniki gücün bir yerdə olması qələbəmizin təminatçısıdır. Buna görə Ali Baş Komandanımıza minnətdar olmalıyıq. Son hadisələr bir daha onu göstərdi ki, Azərbaycan öz torpaqlarını öz gücü ilə azad etməyə qadirdir. İndi internet əsridir. Ermənistan itkilərini gizlətməyə çalışsa da, hər şey bizə aydındır. Düşmən tərəf ciddi itki ilə geri çəkildi.

Eldar İbrahimov: "Ermənistan tərəfi insanların qarşısını almaq üçün itkilərin sayını gizlədir"

Millət vəkili Eldar İbrahimov:

- Ermənistan cəbhədə təxribatlar törətməklə Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa cəhd edir. Yəni Ermənistan həmişə olduğu kimi, öz xain xislətini göstərməklə münaqişənin həlli ilə bağlı danışıqları pozmağa çalışır. Düşmən tərəfi bu təxribatları törətməklə özünü daha da çətin vəziyyətə saldı. Görünür, Ermənistan təxribatlar zamanı xeyli sayda itki verdiyinə görə bu məsələni ortalığa çıxara bilmir. Ona görə ki, hazırda Ermənistanın özündə insanlar ayağa qalxıb, Serj Sarqisyana qarşı mitinqlər keçirirlər. Bu baxımdan, insanların qarşısını almaq üçün itkilərin sayını gizlədirlər. Digər bir tərəfdən, Dağlıq Qarabağ problemini uzatmaqla Ermənistan özünü daha böyük uçuruma aparır. Nə qədər ki, Dağlıq Qarabağ problemi həll edilməyib, Azərbaycana dəyən zərərlərdən dəfələrlə çox Ermənistanın özünə zərər dəyir. Ermənistan əhalisi bu gün ac-yalavac, dilənçi vəziyyətində yaşayır, ölkə iqtisadiyyatı batıb, hər il çoxlu sayda erməni ölkədən köçüb gedir. Ermənistan başa düşməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır. Ermənistanın hakimiyyətinin ağlı olsaydı, Dağlıq Qarabağ problemini yaratmasaydılar, indi onlar da Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iri layihələrdən faydalanıb xalqını yaşada bilərdi. Ancaq Ermənistan bunların hamısından məhrumdur, özünü pis vəziyyətdə qoyub, yalnız xaricdən göndərilən ianələrin hesabına yaşayırlar.

Zərifə Quliyeva: "Azərbaycan dövləti qısa bir zamanda erməni yalanlarının ifşa edilməsinə, dünya birliyinin əsl həqiqətlərlə tanış olmasına nail olur"

YAP Qadınlar Şurasının üzvü, Nəsimi Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva:

- Güclü və qüdrətli Azərbaycan bu gün bir çox bizi istəməyənlərin qəlblərinə köz basır, dağlayır. Mən cəbhədə baş verən son hadisələrlə bağlı bir mühüm məqama diqqətinizi yönəltmək istərdim. Bu gün bizim qəhrəman əsgərlərimiz, silahlı qüvvələrimiz erməni vəhşilərinin, terrorçu və işğalçıların cavablarını layiqincə verməkdədirlər. Bu gün istər iqtisadi, istərsə də siyasi çəkisinə görə, Azərbaycandan dəfələrlə geri qalan Ermənistan üçün sülh yolu çıxış yoludur. Azərbaycan dövləti, ordusu hər an öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. İldən-ilə artan dövlət büdcəsi, milli təhlükəsizliyimizin qorunması istiqamətində hərbi xərclərə ayrılan vəsaitlərin həcminin artması bir daha işğalçı Ermənistanın sülhdən başqa çıxış yolunun olmadığını göstərir. Xarici siyasətdə atılan qətiyyətli addımlar onu göstərir ki, Azərbaycan dövləti qısa bir zamanda erməni yalanlarının ifşa edilməsinə, dünya birliyinin əsl həqiqətlərlə tanış olmasına nail olur. Bu nailiyyətin əsasında isə Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin apardığı hücum diplomatiyası dayanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə, nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərər çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidir və daha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik.

Məhz güclü ordumuzun, orduda xidmət edən gənclərimizin patriotluğunun nəticəsidir ki, erməni işğalçıları böyük itkilər verərək geri çəkilməyə məcbur olublar. Burada ölkəmizin Prezidenti, Cənab İlham Əliyevin bir ifadəsini xatırlatmaq istərdim: "Biz nəinki Qarabağı, eləcə də tarixi torpaqlarımız olan İrəvanı, Qərbi Azərbaycanı düşməndən azad etmək gücündəyik". Bəli, məhz bu önəmli mesajlar Ermənistanı qorxuya salıb və onlar hər dəqiqə güclü ordumuzun, şanlı Azərbaycan əsgərinin ayaqları altında qalıb əziləcəklərini yaxşı anlayırlar. Mən, fürsətdən istifadə edərək, şəhid düşən əsgər və zabitlərimizin, gizirlərimizin ailələrinə başsağlığı verir, onlara rəhmət diləyirəm. Təki Vətən sağ olsun!"

Elman Məmmədov: "Azərbaycan xalqı əmin ola bilər ki, güclü ordumuz var və tezliklə işğal olunmuş torpaqlarımızı azad edəcək"

Millət vəkili Elman Məmmədov:

- Bu gün belə fikir yaranır ki, cəbhə bölgəsində guya ermənilər fəallaşıb. Qeyd edim ki, 10 gündən çoxdur ki, cəbhə bölgələrindəyəm. Göranboy, Murov istiqamətindən tutmuş Beyləqan istiqamətinə qədər bütün cəbhə bölgələrində olmuşam. Şəhidlərimizin dəfn mərasimlərində iştirak etmişəm, hərbi hissələrimizin komandirləri ilə görüşlərim, söhbətlərim olubdur. "Səs" qəzeti vasitəsi ilə bütün Azərbaycan xalqını qəti əmin edirəm ki, şəhid olmuş əsgərlərimizin 5-6 dəfə artıq düşmən tərəf itki veribdir. Azərbaycan ordusu çox yüksək səviyyədə ləyaqətlə, mərdliklə onların təxribatlarının qarşısını alıbdır və onlar o murdar olmuş meyitlərini sürüyüb aparmaq məcburiyyətində olublar, çox sayda itkilərlə, yaralılarla düşmən geri oturdulubdur. Azərbaycan xalqı əmin ola bilər ki, güclü ordumuz var və torpaqlarımızın keşiyində möhkəm durmaqla bərabər, eyni zamanda Ali Baş Komandamızın əmrini gözləyir və erməniləri təkcə işğal olunmuş torpaqlarımızıdan yox, ata-baba torpaqlarımız olan Yerevandan da o tərəfə qovacaqlar. Cəbhə bölgəsində olan əsgərlərimiz hər an döyüşə atılmaq arzusu ilə yaşayırlar. İnşallah, buna da nail olacağıq.

Musa Quliyev: "Ermənistan ovçu deyil, ovçunun tulasıdır"

Millət vəkili Musa Quliyev:

- Son günlər cəbhə bölgəsində baş verən döyüşlər bir daha göstərdi ki, Azərbaycan ordusu çox qüdrətli bir ordudur və Azərbaycan əsgəri Vətənin səngərində ayıq-sayıq dayanıbdır, heç bir düşmən müdaxiləsi Azərbaycanın tərəflərinə müdaxilə edə bilməz. Düşmənin təxribatı da onu göstərdi ki, biz çox namərd düşmənlə qonşuyuq.

Dəfələrlə müsahibələrimdə demişəm ki, Ermənistan ovçu deyil, ovçunun tulasıdır. Azərbaycan ordusun düşmənə layiqli cavabından sonra Ermənistanın xarici işlər və müdafi nazirlərinin ATƏT-ə və digər təşkilatlara müraciət edərək onların qorunmasını istəyiblər. Belə olan halda, o zaman siz bu hünərə malik deyilsinizsə, gedin öz xarabanızda oturun. Onu da deyim ki, son olaraq atəşkəsin pozulması və Azərbaycan ordusunun layiqli cavabı düşünürəm ki, erməniləri ağıllarını başlarına yığmağa və konstruktiv sülh danışıqlarına gəlməyə vadar edir. İnanıram ki, yaxın vaxtlarda prezidentlərin Soçidə görüşündə ermənilər danışıqlar masasına gələcək. Sevindirici haldır ki, Qarabağ problemi ilə bağlı bütün kateqoriyadan olan vətəndaşlarımız Vətənin müdafiəsinə, torpaqlarımızın azad olmasına hazır olduqlarını bildirdilər. İnanırıq ki, yaxın müddətdə bu qələbəbimizin şahidi olacağıq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər