PDF Oxu

Araşdırma

  • 1 974

Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı tarixdir

Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı tarixdir

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, Azərbaycanın başına gətirilən olaylar, tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış edib və indi də etməkdədirlər.

Tarixi reallıqlar bizə deməyə əsas verir ki, 1917-ci ildə Rusiyada çar hökuməti devrildikdən sonra, Almaniya və Avstriya cəbhələrində xidmət edən minlərlə erməni əsgəri öz silahları ilə daşnakların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşiblər. Bəzən böyük dövlətlər müharibə ocaqlarının yaranmasında ermənilərdən istifadə ediblər. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilmiş, ata-baba yurdlarından deportasiyalara məruz qalmışlar. Azərbaycanın taleyi ilə bağlı olan bu tarixi məsələlərin öyrənilməsi 70 ildən çox müddətdə qadağan edilmiş, tədqiqatçılar məxfi arxivlərə yaxın buraxılmamışdır. XX əsrin əvvəllərində türklərin başlarına gətirdikləri qanlı faciələrdən doymayan ermənilər, illər uzunu fürsət düşdükcə, xaricdəki türk diplomatlarına və iş adamlarına qarşı terror əməliyyatları aparmışlar.

Ötən əsrin son illərində isə başlanan hadisələr zamanı ermənilər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edərək torpaqlarımızın 20 faizini işğal ediblər. Belə ki, 1988-ci ildən başlayaraq, ermənilər tərəfindən dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın tarixi torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı kimi məkanlarımız işğal olundu. Ermənistanın Azərbaycana açıq-aşkar təcavüzü nəticəsində 1 milyona yaxın soydaşlarımız indi də məcburi köçkün vəziyyətində yaşamaqdadır. Bir faktdır ki, 1989-cu ilin dekabrında Ermənistanda baş verən zəlzələ nəticəsində, ora xarici ölkələrdən əsasən də, Qərbdən, Suriyadan, Livandan, Beyrutdan və başqa yerlərdən, ərzaq əvəzinə, təyyarələrlə silahlar daşınmışdır. Sonralar bu, bizlərə bəlli oldu. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda zəlzələ zamanı ata-analarını itirmiş 5 yaşından 12-13 yaşlarına kimi uşaqların müxtəlif ölkələrdə yaşayan ermənilər tərəfindən qəyyumluğa götürüldüyü teleefir və mətbuat vasitəsilə yayımlanıb. Bu uşaqların bir qismini Macarıstan erməniləri qəyyumluğa götürdülər. Bəlkə də həmin bu erməni uşaqları Macarıstanda lazımi yerlərdə indi də erməni xislətinə xidmət edirlər.

AZƏRBAYCAN XALQI BİR ƏSR BOYU ERMƏNİLƏR TƏRƏFİNDƏN SOYQIRIMINA MƏRUZ QALIB

Soyqırımı, genosid bütün əhali qruplarının, etnosların, irqi, milli, etnik, yaxud dini əlamətlərinə görə tamamilə və qismən məhv edilməsi deməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bütöv bir əsr boyu bu cür soyqırımına məruz qalmışdır. Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən amansız faciələrdən sayılır. 1992-ci il fevralın 25-dən 26 - na keçən gecə - Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı bir tarixdir. Soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyi o qış gecəsinin dəhşətli anları hər bir azərbaycanlının qan yaddaşına elə çökmüşdür ki, bu hadisələri kiminsə unutmağına inanmaq qeyri-mümkündür. Xocalı soyqırımı təkcə bizlərin deyil, bütün türk dünyasının faciəsidir. Bu il bizlər, Xocalı soyqırımının 23-cü anım ilini qeyd edirik.

Bu tarixi gündə törətdilən vəhşiliklər insanlarda erməni terrorizminə, onların işğalçılıq siyasətinə, insanlığa sığmayan əqidə və məsləkinə qarşı dərin nifrət hissi oyadır. Faciə milli düşüncə tərzimizə, milli dəyərlərimizə, milli əxlaqımıza o dərəcə nüfuz etmişdir ki, faciənin törəmə tarixini keçmiş kimi qəbul edə bilmirik. Bu faciə ilə bağlı xalqın qan yaddaşında kök salmış hadisələr heç zaman bizi tərk etməyəcək, zaman-zaman ağrıdacaqdır.

Yeddi min əhalisi olan Xocalı erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alıyının köməyilə müxtəlif növ silahlardan atəşə tutularaq yerlə yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində 613 nəfər şəhid olmuş, onlardan 56-cı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə məcbur olan xocalılar hazırda ölkəmizin 40 rayonunda məskunlaşmışlar.

Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Xocalıda terror əməliyyatının planı əvvəldən hazırlanmışdır. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə olunmasıdır. Belə ki, vaxtilə Novosibirsk şəhərində "Suxoy" hərbi-sənaye kompleksində baş konstruktor işləyən Mixail Poqosyan keçmiş SSRİ MN-in baş qərargahında ixtira etdiyi yeni mərmilərin radiusunu, hədəfdəymə məqamlarını sınaqdan çıxarmaq üçün ən gözəl coğrafi cəhətdən dəyərli yer-məkan Azərbaycanın qərb zonasını təklif etmiş və Xocalı seçilmişdir. Xocalı şəhərində həyata keçirilən genişmiqyaslı soyqırımı zamanı SSRİ-nin hərbi-sənaye komplekslərində möhtəşəm yer tutan "T-80" tanklarının mühərriki, tərkibində kimyəvi silahlara məxsus başlığı olan mərmilər, Kalaşnikov avtomatına məxsus yeni güllələr, vərəm və "Sibir xorası" əleyhinə vaksinlər, zirehli geyimlər sınaqdan çıxarılıb. Beynəlxalq ictimaiyyət bu hadisə ilə yaxından tanış olsa da, təəssüflər olsun ki, vəhşiliklərə bəzi hallarda göz yumulur.

Erməni vəhşiliyinin kulminasiya nöqtəsi olan Xocalı faciəsi 5 minlik tarixi olan Xocalının 1992-ci il 26 fevralda yer üzündən silinməsinə, məhv olmasına gətirib çıxartdı. Bu faciədə ağlasığmaz vəhşiliklər törətməklə ermənilər özlərinin mədəniyyətsizliyini, təbiətlərinə humanizm, rəhm anlayışlarının yad olmasını yenidən sübut etdilər. Kişilərin başlarının dərisinin soyulması, uşaqların başının kəsilməsi, qadınların dırnaqlarının qoparılmasını heç faşist əsgəri özünə sığışdıra bilməzdi, çünki o, hər şeydən əvvəl, insan olduğunu unutmurdu. Millətə qarşı ən böyük təcavüzü ermənilər törətdilər. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə, amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Beynəlxalq birliklər tərəfindən soyqırımı siyasətinin qarşısını almaq üçün bir sıra beynəlxalq normalar yaradılıb. Əfsuslar olsun ki, XOCALI sakinləri bu cinayətin qurbanına çevrildi.

XOCALI SOYQIRIMININ DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASI İSTİQAMƏTİNDƏ GERÇƏKLƏŞƏN LAYİHƏLƏRİN COĞRAFİ MƏKANI İLBƏİL GENİŞLƏNİR

Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Qarabağda, Xocalıda baş verən olayları layiqli, düzgün qiymətləndirir. Bu gün Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanıması barədə qərar qəbul edilib. Faciəni qətliam kimi tanıyan ABŞ ştatları - Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi və Oklahoma ştatları qətnamə qəbul ediblər.

Bildiyimiz kimi, belə bir faciəyə siyasi-hüquqi qiymət vermək istəməyən dövlətlər də var. Təbliğat və təşviqatı daha da gücləndirməliyik, haqq səsimizi dünyaya lazımı səviyyədə çatdıra bilək. Bu gün təbii ki, Avropa dillərində çap olunuan kitablar, çəkilən filmlər Xocalı həqiqətləri ilə dünya ictimaiyyətini baş-başa qoyur. Beynəlxalq qurumlar qarşısında fikirlərimizi qətiyyətlə söyləyə bilirik. Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin artıq coğrafi məkanı ilbəil genişlənir. Bu, Azərbaycanın dünyada formalaşan imicinin məntiqidir.

Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşərin faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayətdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər