PDF Oxu

Araşdırma

  • 2 179

GRECO təşkilatının iddiası əsassız və böhtan xarakterlidir

GRECO təşkilatının iddiası əsassız və böhtan xarakterlidir

Adıçəkilən təşkilata daxil olan bir çox Avropa dövlətlərində korrupsiya faktları tüğyan edir

Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib. Ötən dövrdə 2004-2006-cı illəri əhatə edən korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunub. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlayıb. Bunlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair" tədbirlər haqqında Fərman dövlətin bu sahədə strateji kursunu müəyyən edib. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" və Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" konvensiyalarına, həmçinin "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası"na qoşulub.

Azərbaycan istər MDB məkanında, istərsə də beynəlxalq aləmdə korrupsiyaya qarşı ən sərt şəkildə mübarizə aparan dövlətlər sırasındadır

Bütün bunlara rəğmən, bəzi hallarda bir sıra Avropa qurumları heç bir əsası olmadan ölkəmizə qarşı "korrupsiya" ittihamları ilə çıxış edir, hesabatar yaymaqda davam edir. Məsələn, özünü Avropa Şurasının anti-korrupsiya qurumu kimi təqdim edən GRECO (Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu-red.) təşkilatı digər bir sıra qərəzli Qərb beynəlxalq qurumları kontestindən çıxış edərək, Azərbaycana qarşı qeyri-ciddi ittihamlar irəli sürüb. Bununla bağlı hesabat yayan GRECO həmin hesabatında iddia edib ki, guya Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində qanunlar qəbul edilsə də, həmin müstəvidə "az iş" görülür. Lakin onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan istər MDB məkanında, istərsə də beynəlxalq aləmdə korrupsiyaya qarşı ən sərt şəkildə mübarizə aparan dövlət kimi, həm də adıçəkilən qurumun 2004-cü ildən üzvüdür. Daha bir maraqlı məqam isə hesabatda guya son ildə Azərbaycanda korrupsiyanın "yüksək həddə" inkişaf etdiyi göstərilir. Qurumun daha bir iddiası isə guya ölkə parlamentində hakim Yeni Azərbaycan Partiyasına qarşı "səmərəli müxalifətin olmaması", bu amilin "korrupsiya ilə mübarizədə parlament nəzarətini məhdudlaşdırması" ilə bağlıdır. Hansı ki, bu gün ölkə parlamentində kifayət qədər müxalifət partiyalarını təmsil edən deputatlar fəaliyyət göstərirlər. Eyni zamanda, neqativlikləri, çatışmayan halları müzakirəyə çıxaran müxalifətçi deputatlar bu mövqelərini indi də qoruyub-saxlamaqdadırlar. Onların sivil müxalifət mövqeyindən çıxış etmələri isə Avropa təşkilatlarını qane etmir. Bu səbəbdən də Azərbaycan parlamentində fəaliyyət göstərən müxalifət partiyalarının qarşısının guya hakim YAP tərəfindən alınmasını iddia edirlər. O cümlədən, Azərbaycanda korrupsiya ilə mübarizənin rəsmən elan olunmasına rəğmən, "irəliləyişin əldə olunmaması" da dırnaqarası fakt kimi irəli sürən GRECO çox yəqin ki, bir faktı gizlədir. Ancaq həmin faktı biz qeyd edə bilərik. Əlbəttə ki, belə bir əsassız hesabatın verilməsi arxasında Azərbaycanı istəməyən, ölkəmizin inkişaf və tərəqqisini gözü götürməyən dövlətlərin və ermənipərəst təşkilatların rolunun dayanması şübhəsizdir. Ancaq həmin əsassız hesabatın verilməsini daha bir amillə sübuta yetirmək olar.

Beləliklə, adıçəkilən dırnaqarası hesabatı araşdırarkən GREGO-nun qarşısına bir çox əsaslı, danılmaz və dəqiq faktların qoyulması zərurəti yaranır. Məsələn, çox yaxın bir dövrdə, daha dəqiqi, ötən ilin 19 noyabr tarixində GRECO-nun prezidenti Marin Mrçela Azərbaycanda fəaliyyət göstərən rəsmi saytların birinə (AzərTac-red.) müsahibəsində demişdi ki, Azərbaycan onun təmsil etdiyi qurumla tərəfdaşdır: "Azərbaycan GRECO-nun fəal üzvü və mühüm tərəfdaşıdır. Biz bu qurum çərçivəsində Azərbaycan ilə fəal əməkdaşlıq edirik. Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı üzərinə götürdüyü öhdəliklərə hər zaman əməl edib".

Onu da xatırlatmaq yerinə düşərdi ki, o, bu sözlərini Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA-red.) üzvü və iştirakçısı olan dövlətlərin assambleyasının 3-cü sessiyası zamanı demişdi. Beləliklə, M.Mrçela bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı üzərinə götürdüyü öhdəliklərə hər zaman əməl edib. Bu zaman belə bir sual yaranır ki, əgər Azərbaycan GRECO-nin yaxın tərəfdaşıdırsa, eyni zamanda bu qurumun prezidenti ölkəmizin korrupsiya ilə mübarizədə götürdüyü öhdəliklərə hər zaman əməl etdiyini rəsmən bəyan edirsə, həmin bəyanatın üzərindən beş ay keçməmiş verilən hesabat hansı anlamı daşıyır?! Əlbəttə ki, qərəz, qərəz və bir daha qərəz!

Ölkəmizin başçısı korrupsiya ilə qarşı mübarizə çərçivəsində vətəndaşların da rolunun olduğunu vurğulayıb

Bütün bu kimi hesabat və qərəzlərin müqabilində isə, Azərbaycan hökuməti və dövləti yalnız faktlarla çıxış edib. Bu baxımdan, zaman-zaman bu cür hesabatların verilməsi yalnız həmin hesabatları yayan qurumların nüfuzlarına böyük zərbə vurur. Belə ki, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman korrupsiya ilə mübarizədə siyasi iradənin davamlı olduğunu vurğulayıb. Çünki bu iş ölkəmizdə yalnız müəyyənləşdirilmiş dövlət qurumları tərəfindən aparılmır. Eyni zamanda, vətəndaşlar da korrupsiyaya qarşı mübarizədə əsas rollardan birini oynayırlar. Çünki dövlət başçımız da bu amili öz çıxışlarında xüsusilə vurğulayıb. Cənab Prezidentin səsləndirdiyi bütün fikirlər isə hər bir vətəndaşa örnəkdir.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşmışdır. Belə ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur: "Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulması ilə qanunvericilik bazası tam müasirləşdirilmiş və institutsional islahatlar həyata keçirilmişdir".

Göründüyü kimi, istər GRECO, istərsə də digər hər hansı bir beynəlxalq qurum olsun, onların irəli sürdükləri qərəzli hesabatlar yalnız qərəzdən irəli gələn bir haldır.

Prezident İlham Əliyev: "Təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır"

Daha bir məqam isə bu gün Azərbaycana qarşı korrupsiya ittihamı ilə çıxış edən Qərb dairələrini təmsil edənlərin ölkələrinin həmin burulğanda batması faktlarıdır. Məsələn, ötən ilin yayında "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev vurğulayıb ki, korrupsiya amili Avropa ölkələrində də ciddi problemlər yaşadır: "Təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir".

Hər il Aİ ölkələrində ümumi daxili məhsulun təxminən 120 milyard avro dəyərində olan hissəsi korrupsiya səbəbindən yoxa çıxır

Bəli, məhz Avropa ölkələrinin özündə korrupsiya tüğyanı bir çox sübut və dəlillərə əsaslanır. Məsələn, ötən il Avropa Siyasi Mərkəzində İttifaq ölkələrindəki korrupsiya və rüşvətxorluq hallarına dair konfrans keçirilərkən, konfransın ən önəmli qonaqlarından biri, Avropa Komissiyasının daxili işlər üzrə komissarı Sesiliya Malmström açılış nitqindən sonra Avropa ölkələrində (sadəcə, 28 üzv ölkə-red.) korrupsiya halları haqqında komissiya tərəfindən hazırlanan hesabatı təqdim edib. Həmin hesabatdan da bəlli olmuşdu ki, korrupsiya faktları istisnasız hər bir 28 üzv ölkədə (!-red.) var, sadəcə, bəzilərində göstəricilər nisbətən çox və ya nisbətən azdır. Xanım müvəkkil qeyd edib ki, hər il Aİ ölkələrində ümumi daxili məhsulun təxminən 120 milyard avro dəyərində olan hissəsi korrupsiya səbəbindən yoxa çıxır.

Sənəddə bildirilir ki, sahibkarlar bələdiyyə məmurlarına rüşvət vermədən iş görə bilmirlər. "Köhnə dünya" sakinlərinin 76 faizi hesab edir ki, korrupsiya Aİ-də geniş yayılıb. 56 faiz hesab edir ki, son üç ildə onun ölkəsində korrupsiyanın səviyyəsi yüksəlib. Aİ sakinlərindən hər 12 nəfərindən 1-i şəxsən korrupsiya sövdələşməsinin iştirakı olub və ya belə sövdələşmədən xəbərdardır. Aİ ölkələrində korrupsiyaya qarşı sərt qanunlar olsa da, hesabata əsasən, bu qanunlar heç də həmişə işləmir. Hüquq-mühafizə orqanlarının isə korrupsiya ilə mübarizə üçün yetərli imkanları yoxdur. Bir çox ölkələrdə korrupsiyaya qarşı mübarizə üçün siyasi iradə mövcud deyil. Bu hesabatdan məlum olur ki, Avropa İttifaqının özü heç də digər ölkələrdən az korrupsiyalaşmayıb.

Məsələn, korrupsiya ilə bağlı daha bir faktı ortaya çıxaraq. Belə ki, İsveç xarici işlər naziri Karl Bildt də hər zaman Azərbaycanı korrupsiya ittihamları ilə günahlandırmağa cəhdlər göstərib. Ancaq bu dəfə onun özünün nə qədər rüşvət burulğanı çirkabında batdığını göstərə bilərik. Məhz İsveçdə dərc olunan "Aftonbladet" qəzetinin məlumatlarından aydın olur ki, nazir əsl korrupsioner imiş. Qeyd edək ki, "Aftonbladet" qəzeti xarici işlər naziri Karl Bildtin korrupsiya əməlləri ilə məşğul olduğunu, öz mənfəəti naminə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə lobbiçilik etdiyini yazıb. Qəzet qeyd edir ki, K.Bildtlə bağlılığı olan PR şirkətinin Saakaşvilinin müsbət imicinin formalaşdırılması üçün Gürcüstanın keçmiş hakimiyyətindən 3 milyon dollardan artıq pul aldığını təsdiqləyən sənədlər var.

Avropada tüğyan edən növbəti korrupsiya faktı isə alman milyarderinin Almaniya Məhkəməsinə verdiyi külli miqdardakı rüşvəti ilə bağlıdır. Bu baxımdan, GRECO-nun Azərbaycanı hədəfə almasındansa, Almaniyanı nəzarətə götürməsi daha yaşxı olardı. Bunun ən bariz nümunəsi isə "Formula-1" çempionatının rəhbəri, 83 yaşlı milyarder Berni Ekklstoun alman məhkəməsinə 100 milyon avro ödəyərək barəsində qaldırılmış cinayət işinə xitam verilməsinə nail olmasıdır. İddialara əsasən, milyarder "Formula-1" çempionatının səhmlərini almaq üçün Almaniyanın "BayernLB" bankının risqlərin idarəedilməsi üzrə departamentinin keçmiş rəhbəri Herhard Qribkovskiyə rüşvət verib. Almaniya Məhkəməsində davam edən prosesə son qoymaq üçün Ekklstoun məhkəməyə təklif edib ki, 100 milyon avro kompensasiyanın əvəzində işi bağlasınlar. Dövlət ittihamçıları bu təkliflə razılaşıb və məhkəmə prosesinin bağlanmasının əvəzində milyarderdən 100 milyon kompensasiyanın alınmasından sonra B.Ekklstouna qarşı ittihamları geri çəkiblər.

Nəticə olaraq bir daha deyə bilərik ki, istər GRECO olsun, istərsə də digər hər hansı bir Avropa təşkilatı, onların ölkəmizlə bağlı yaydıqları qərəzli hesabatlarının hər birinin qarşısına onlarla, yüzlərlə faktlar və sübutlar qoymaq olar. Bütün bunların timsalında isə Azərbaycan və digər ölkələri vaxtaşırı korrupsiyaya görə ittiham edən Avropa qurumlarının, əslində, bu məsələdən danışmağa haqqının olmadığı növbəti dəfə öz təsdiqini tapmış olur.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər