PDF Oxu

Araşdırma

  • 1 706

Avropa Parlamenti erməni standartından çıxış etdiyini sübuta yetirdi

Avropa Parlamenti erməni standartından çıxış etdiyini sübuta yetirdi

Qondarma "soyqırımının" tanınması barədə qəbul edilən qətnamə Avropanın və Qərb ölkələrinin "simasını" yetərincə ifşa etdi

Uzun illərdir ki, antitürk və islamofob prinsipi ilə siyasət yürüdən Avropa Parlamentinin qondarma "erməni soyqırımını" tanıması barədə verdiyi qərar söz yox ki, bir daha Avropa dəyərlərinin məhz anritürk və anti-islam ovqatında kökləndiyini sübuta yetiridi və əslində, bundan təəccüblənməyə də dəyməz. Çünki faktları araşdırdığımız zaman Avroparlamentin hələ 1987-ci ildə də bənzər qətnamə qərarı verdiyini görərik. Ancaq bütün bunlarla yanaşı, adıçəkilən Avropa qurumunun qəbul etdiyi qətnamələrin kağız üzərində qalması özünü kifayət qədər sərgiləyib. Belə ki, Avropa Parlamenti hələ 1987-ci ildə qəbul etdiyi qətnaməsindən sonra, qurumun digər Avropa dövlətlərinə "erməni soyqırımının" qəbul edilməsi ilə bağlı verdiyi "tövsiyələri" qulaqardına vurulmuşdu. Eləcə də bu günlərdə sözügedən halın yaşanmasından sonra Avroparlamentin eyni müraciət ünvanlaması da bir daha isbat edir ki, bu qurumun məqsədi yalnız erməni lobbisinin pul-parasını rüşvət kimi qəbul etməklə, zaman-zaman həmin qətnamələri qəbul edir.

Bu arada yalan və sərsəm qətnamənin qəbulu çərçivəsində Türkiyənin "soyqırımını törətdiyinə görə utanc hissi keçirməli olduğu" barədə fikrin bildirilməsinə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən layiqli və tutarlı cavab verilib. O, qeyd edib ki, əslində Türkiyəni günahlandırması yerinə, Avropanın özü hələ I Dünya müharibəsində xalqlara qarşı törətdiyi qətliamlara görə utanc hissləri keçirməli, öz günahlarını etiraf etməlidir.

Məhz bu amilləri də nəzərə aldığımız zaman qənaətə gələ bilərik ki, bu gün Avropa Parlamentinin təşəbbüsü ilə yaradılan bir sıra xarici təşkilatlar həmin qurumu özünə mərkəz seçməklə, türk dünyasına aşkar erməni baxışları ilə nəzər salır. Digər tərəfdən, Avropa Parlamenti I Dünya müharibəsində təsdiqini tapmamış iddialar arasında erməni "məzluimluğuna" can yandırdığı halda, ötən əsrin ən qanlı qətliam hadisəsi kimi dünya tarixinə utanc gətirəcək Xocalı faciəsini soyqırımı kimi tanımamaqda israr göstərir. Bu isə həmin qurumun türklərə, türk soylu millətlərə qarşı ermənilər qədər nifrət, düşməşilik göstərməsinin bariz sübutudur.

Lakin gəlin dünyada baş verən və tarixlər boyu qərblilərin törətdikləri soyqırımı faktlarını bir daha sadalayaq, eləcə də istər Avropa Parlamentindən, istərsə də erməni "soyqırımını" tanıyan bəzi Avropa ölkələrinin öz əməllərini nəyə görə etiraf etməmələri barədə mülahizələrimizi yürüdək. Məsələn, Holokost eksperti Devid Sesarani kimi müəlliflərə görə, ABŞ-ın məlum yerli əhaliyə (hindli tayfalarına) qarşı olan hökuməti və siyasəti əvvəlcədən düşünülmüş soyqırımı kimi "Tale Manifesti"ni (Manifest Destiny) irəli sürür. Sesarani qeyd edir ki, "təmiz rəqəmlərə istinad etdikdə "Yerli Amerikalıların Soyqırımı" "Holkost"dan çox olur". O, "Amerika Holokostu" kitabının müəllifi Devid E. Stannarddan sitat gətirir: "Yerli xalqlara qarşı soyqırımı və irqi dəhşətlər Birləşmiş Ştatlar daxil olmaqla Qərb yarımkürəsinin bir çox xalqları tərəfindən tətbiq olunub və tətbiq olunur..."

"Biz soyqırımı ödəyirik: Filippində ABŞ-ın qısa tarixi" məqaləsindən görünür ki, "Siyasi İşlər"in (özünü maliyyələşdirən virtual jurnal, "Marksist virtual düşüncə") 2005-ci il dekabr buraxılışında Konnektikutda Filippin Mədəni Tədqiqatlar Mərkəzinin direktoru E.San Xuan Jr. qeyd edir ki, 1899-1902-ci illər Filippin-ABŞ müharibəsi və Sakit okean kampaniyası zamanı Birləşmiş Ştatlar tərəfindən başladılmış özünün Sakit okean proqramının tərkib hissəsi olan, bir milyondan çox filippinlinin həyatı bahasına başa gəldiyi iddia olunan əməliyyatlar təşkil edilmiş soyqırımıdır.

1901-ci ilin noyabrında "Philadelphia Ledger"in Manila müxbiri yazırdı: "İndiki müharibə qansız deyil. Bizim adamlar kəmfürsətdirlər, onlar kişilər, qadınlar, uşaqlar, məhbuslar və əsirlər, fəal üsyançılar və şübhəli şəxslərə qədər öldürürlər, belə fikir hakimdir ki, filippinlilər itlərdən də aşağıdırlar." Birləşmiş Ştatlar ordusunun 1906-cı ildə Moro Krater kütləvi qırğınında iştirak etmiş generalı Leonard Vud filippinli müsəlmanları ümidsiz fanatiklər hesab edərək onların hamısının məhvinə çağırmışdı.

Filippin kampaniyası haqqında "New York Review of Books"da məktublaşarkən Qor Vidal general C.Franklin Bellin Amerika qüvvələrinin yalnız Luson adasında 600 000 kişi, qadın və uşağın öldürülməsinə görə məsuliyyət daşıdığını yazdığı şəxsi raportunu müzakirə edərkən deyir: "Əgər bu, soyqırımı siyasətidirsə (sözün lüğəti mənasında heç bir sirli hərf yoxdur), real nəticə olana qədər davam edəcək."

Filippin bədbəxtliklərinə dair hesablamalar hələ də yüksək səviyyədə mübahisəli və siyasiləşdirilmiş rəqəmlərdir. Bunun diskussiya və analizləri Con M. Geytsin "Filippində müharibə qurbanları" Sakit okean icmalında yerləşdirilib. Hesablanıb ki, 34 min Filippin hərbçisi və 200 mindən çox mülki şəxs bilavasitə və ya dolayısı ilə müharibənin nəticəsində, əksəriyyəti də əsasən müharibənin sonuna yaxın yayılan vəba epidemiyasına görə həyatını itirib. Enkarta ensiklopediyasındakı başqa bir hesablamaya əsasən 200-600 min filippinli və ən azı 5000 amerikalı müharibədə ölüb. Müharibədə qələbəni bəyan edən Sakit okean proqramı (1902-1913) ərzində daha çox ölən olub. Bir hesabata görə Filippində bütün ölənlərin sayı 1,4 milyondan çoxdur.

Daha bir soyqırımı faktına nəzər salaq. 19-cu əsrdə Avstraliyaya məxsus Van Dimen torpağında, indiki Tasmaniya adasında Britaniya kolonistləri ilə Tasmaniya yerliləri arasında Qara Müharibə olmuşdur. Xəstəliklər və digər faktlarla birlikdə konflikt Tasmaniyanın yerli əhalisinə dağıdıcı təsir etmiş və Tasmaniya yerliləri qırılmışdır. Tarixçi Ceffri Bleyni 1830-cu il Tasmaniyası haqqında deyir: "Onların çoxunu çiçək öldürürdü, lakin hərbi və fərdi zorakılıq da dağıdıcı idi."

1940-cı ildə Rafael Lemkin tərəfindən soyqırımı sözü işlədildikdən sonra Lemkin və əksər digər müqayisəli soyqırımı tədqiqatçıları əvvəllər çap olunmuş analizlərinə əsasən Tasmaniya aborigenlərinin qırılmasını soyqırımına nümunə kimi göstərirdilər; buna baxmayaraq Avstraliya ekspertləri daha diqqətlidirlər, çünki Avstraliya tarixi üzrə ixtisaslaşmış tarixçilər tərəfindən qırğını əhatə edən hadisələrin daha detallı araşdırılması daha erkən tarixlərdəki bəzi detallar və şərhlər haqqında suallar ortaya çıxarıb. Bu hadisələrin təsvir olunduğu bir bölmədə Anna Körtos qeyd edir ki, "Əgər biz 19-cu əsrin I yarısında Tasmaniyada nə baş verdiyini, bunu ən yaxşı necə konseptuallaşdırmaq lazım olduğunu və bu tarixi biliklərdən hansının bizim üçün mənəvi və intellektual olaraq müvafiq olduğunu daha yaxşı anlayırıqsa, soyqırımı və Tasmaniya tarixi araşdırmaları arasında daha güclü mübadilənin vaxtıdır."

1985-ci ildə Birləşmiş Millətlər Təşkilatı üçün hazırlanmış, lakin qəbul edilməmiş Vayteker (Witaker) raportuna görə 1904-07-ci illərdə Alman Cənub-Qərbi Afrikasında Herero və Namaqua (indiki Namibiya) soyqırımı dövlət tərəfindən təşkil olunmuş ilk soyqırımı idi. Herero həmçinin 20-ci əsrdə soyqırımına məruz qalan ilk etnik qrup olub. Alman generalı Lotar fon Trotanın başçılıq etdiyi qəddar yerüstü kampaniyada bütün Herero əhalisinin 80%-i, Nama əhalisinin isə 50%-i öldürülmüşdür. Ümumilikdə 10000 nama ilə birlikdə 24 mindən 100 minədək herero həlak olmuşdur. Biz buraya Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qanlı qətliamları da əlavə edə bilərik...

Göründüyü kimi, bu gün özlərini "ən ağıllı" və "demokratik dəyərlərə hörmət edərək, qərarlar verən" Qərb ölkələri, əslində, tarixin ən qanlı hadisələrinə rəvac göstəriblər. İndi isə öz əməllərini bir kənara qoyaraq, başqalarına qarşı qarayaxma xarakterli qətnamələr qəbul etdirirlər. Haqlıdırlarmı? Əlbəttə ki, yox!

Bəli,bu gün tarixi faktlar, sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Beləliklə, artıq zaman yetişib. Türkiyənin və Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxması zamanı...

Rövşən RƏSULOV

Digər xəbərlər