Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında mayın 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca partiyalar arasında rəqabət də kəskinləşir. Məlum olduğu kimi, hazırda parlamentdə baş nazir Devid Kemeronun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası mütləq üstünlüyə malikdir və ölkəni liberal demokratlarla koalisiya halında idarə edir. Torilərin (mühafizəkarlar) tarixən olduğu kimi bu gün də əsas rəqibi hazırda Ed Milibəndin başında dayandığı Leyboristlər Partiyasıdır.
Lakin sorğular və əvvəlki seçkilərin nəticələri göstərir ki, bu iki əsas partiyaya olan ictimai dəstək azalmaqdadır. 2008-ci ildən Avropada davam edən böhran səbəbindən dövlət xərclərinin azaldılması və bu siyasətin gələcəkdə davam etdirilməsi planları iqtidar partiyasının nüfuzuna zərbə vurur. Ölkənin üçüncü böyük partiyası olan liberal demokratlar isə parlamentdəki yerlərinin yarısını itirə bilərlər.
Əgər mühafizəkarlar və leyboristlər 1955-ci il seçkilərində birlikdə ümumi səslərin 97 faizini qazanmışdısa, qarşıdan gələn may seçkilərində onların birlikdə mümkün ən yaxşı göstəricisi 65 faiz dəyərləndirilir. Martın ortalarında bir qrup seçki eksperti 7 may seçkilərinin nəticələrini proqnozlaşdırmaq məqsədilə bir araya gəlib. Ekspert müzakirə və hesablamalarının, eləcə də 500-dən çox alim, jurnalist və sıravi seçicilər arasında keçirilən sorğunun yekununda bir nəticə əldə olunub: heç bir partiya İcmalar Palatasında səslərin mütləq çoxluğunu qazanmayacaq (bax: House of Uncommons: The Unpredictable British General Election / "Foreign Affairs", 7 aprel 2015).
7 may seçkiləri həm də onunla diqqət çəkir ki, onun nəticələri ölkənin Avropa İttifaqında qalıb-qalmayacağını da müəyyən edə bilər. Belə ki, son illərdə Britaniya cəmiyyətində ölkənin Aİ-yə üzvlüyünə tənqidi münasibət artıb, bu isə Naycel Farajın rəhbərlik etdiyi avroskeptik və anti-miqrant xəttin ifadəçisi olan Birləşmiş Krallıq Müstəqillik Partiyasının (UKİP) 2014-cü ildə Avropa Parlamentinə seçkilərdə ölkənin digər partiyalarından çox səs toplamasına səbəb olub. Aİ qurumlarında təmsil olunan partiya elə bu strukturu başlıca tənqid hədəfinə çevirib. Partiya iddia edir ki, Avropa İttifaqına üzvlük Birləşmiş Krallığın miqrant axınına nəzarət etməsinə mane olur, bu isə səhiyyə və təhsil sistemi üzərində yük yaradır. Avropada işsizliyin artdığı bir vaxtda belə çağırışlar seçicilərin diqqətini cəlb edir.
Mühafizəkarların lideri Devid Kemeron isə 2013-cü ildə söz verib ki, əgər partiyası 2015-ci il seçkilərində mütləq üstünlük qazanarsa, o zaman 2017-ci ildə ölkənin Aİ-də qalıb-qalmayacağını müəyyənləşdirən referendum keçiriləcək. Lakin mütləq üstünlük qazanmayacağı təqdirdə mühafizəkarlar koalisiya hökuməti yaratmalı olacaqlar. Onlar bu dəfə də avropamərkəzçi liberal demokratlarla koalisiya yaradarsa, onda referendumun baş tutma ehtimalı azalacaq. Lakin liberal demokratların parlamentdəki yerlərinin mühüm hissəsindən məhrum olacağı təqdirdə, onlarla ittifaq mühafizəkarlara hökumət qurmaq üçün yetərli olmayacaq. Ona görə də vəziyyətdən istifadə edərək UKİP rəhbəri N.Faraj nəzərdə tutulan referendumu 2015-ci ildə keçirmək şərtilə mühafizəkarlara seçkidən sonra koalisiya yaratmaq təklifini irəli sürüb. UKİP bununla əsas məqsədlərindən biri olan ölkəni Aİ-dən uzaqlaşdırmaq istəyinə nail olmağa çalışır. Lakin Mühafizəkarlar Partiyasının nümayəndələri belə bir ittifaqın baş tutmayacağını bəyan ediblər (bax: Cameron will NOT form a Coalition with Ukip after the election, reveals Tory chairman Grant Shapps / "Daily Mail", 30 yanvar 2015).
1993-cü ildə yaradılan, özünün radikal və bəzən populist mövqeyinə görə aparıcı partiyaların rəhbərlərinin o qədər də ciddi qəbul etmədiyi UKİP tərəfdarlarını sürətlə artırmaqdadır. Lakin partiyanı dəstəkləyənlər ölkə üzrə dağınıq paylanıb. Bu amil isə proporsional seçki sisteminə malik olan Britaniyada hər hansı ərazi üzrə nisbi səs çoxluğunun qazanılmasını çətinləşdirir.
Ölkənin ikinci əsas partiyası olan leyboristlər də seçkilərdə cüzi üstünlüklə qalib gələcəyi təqdirdə koalisiya formalaşdırmalı olacaq. Həm leyboristlər, həm də liberal demokratlar ölkənin Aİ-də qalmasını şübhə altına alan referendumun keçirilməsinə qarşıdır. Liberal demokratlar ciddi mandat itkisi ilə üzləşəcəyi təqdirdə leyboristlər koalisiya qurmaq üçün son illərdə nüfuzu artan Şotland Milli Partiyası (SNP) ilə ittifaq yaratmalı ola bilər. Ed Milibənd belə bir ittifaqın baş tutmayacağını bəyan etsə də, irəli sürülən ehtimal leyboristləri indidən siyasi rəqiblərinin tənqidi ilə üz-üzə qoyub. Çünki Şotland Milli Partiyası 2014-cü ildə Şotlandiyanın Birləşmiş Krallığın tərkibindən ayrılması məsələsinə dair referendumun keçirilməsinin əsas təşəbbüskarlarından olub. Bu səbəbdən də bu partiyanın hakim koalisiyada yer almasının ölkəni yenidən parçalanmaq təhlükəsi ilə üz-üzə qoyacağı iddia olunur.
Əhalinin 8 faiz hissəsinə yönələn Şotland Milli Partiyası üzvlərinin sayının yüz min nəfərdən çox olması səbəbindən faktiki olaraq Birləşmiş Krallığın üçüncü böyük siyasi partiyasıdır. Şotlandların müəyyən ərazilərdə toplu halında cəmləşməsi Şotland Milli Partiyasının həmin dairələrdəki yerlərin böyük hissəsini qazanması ilə nəticələnə bilər.
Seçkilərdə iştirak edəcək partiyaların rəhbərlərinin aprelin 2-də keçirilən televiziya debatında adıçəkilən 5 partiya ilə yanaşı, Yaşıllar Partiyası və Uels Krallığını müstəqil Aİ üzvü kimi görmək istəyən Uels Partiyası və ya Playd Kamri (Plaid Cymru) də təmsil olunub. Debatdan sonra keçirilən ayrı-ayrı mərkəzlərin keçirdiyi ictimai sorğuların nəticələri müxtəlif olub, bu isə seçkilərin nəticələrinin qabaqcadan proqnozlaşdırılmasını bir qədər də çətinləşdirib (bax:Big TV debate of British election campaign yields no clear winner / "Reuters", 3 aprel 2015).
Əslində, bundan öncəki 2010-cu il seçkilərində Mühafizəkarlar Partiyası mütləq səs çoxluğuna malik olmadığı üçün liberal demokratlar ilə koalisiya yaratmalı olmuşdu. Bəzi analitiklər bu faktı Britaniyada ikipartiyalı sistemin zəifləməsinin göstəricilərindən biri hesab edirlər. Çünki, adətən, bu ölkədə keçirilən parlament seçkiləri mühafizəkarların və ya Leyboristlər Partiyasının böyük üstünlüyü ilə nəticələnir və həmin partiyalar təkbaşına hökuməti formalaşdırırlar.
Ekspertlərin fikrincə, bu dəfə səslər arasındakı fərqlərin daha az olacağı gözlənilir, bu səbəbdən də iki partiyanın bir araya gəlməsi koalisiya hökumətinin qurulması üçün yetərli olmaya bilər və ən az 3 partiyanın öz aralarında ittifaq yaratması zərurəti meydana çıxa bilər. Bu o deməkdir ki, nisbi səs çoxluğu qazanarsa, mühafizəkarlar, yaxud leyboristlər iki və daha artıq sayda partiyanı yeni hökumətin tərkibinə cəlb edə bilərlər. Ekspertlərin qənaətinə görə, indiki mürəkkəb situasiyada yeni hökumətin yaradılması prosesi uzun müddət davam edə, hətta növbəti 2020-ci il seçkilərinədək uzana bilər. Bu müddətdə isə səsvermənin nəticəsindən asılı olmayaraq, parlament və hökumət işini hazırkı tərkibdə davam etdirəcək (bax:İzbejit li Velikobritaniə "podveşennoqo parlamenta"? / Mgimo.ru, 17 mart 2015).
Beləliklə, bir çox ekspertlərin gözlədiyi kimi, 7 may seçkilərində iki əsas partiya ciddi səs itkisi ilə üzləşə bilər. Seçkiqabağı qeyri-müəyyənlik, aşkar favoritin olmaması ikipartiyalı sistemə malik Britaniyada ikinci dərəcəli partiyaların nüfuzunun artdığını göstərir. Seçki öncəsində keçirilən çoxsaylı rəy sorğularının nəticələrinin bir-birindən kəskin fərqlənməsi nəticənin proqnozlaşdırılmasını çətinləşdirir. İstənilən halda, 7 may parlament seçkilərinin nəticələri ikipartiyalı sistemin möhkəmliyinin hansı durumda olduğunu daha aydın nümayiş etdirəcək.
Newtimes.az