Aprel ayının 11-12-də Panamanın paytaxtında sayca 7-ci olan Amerikaların sammiti keçirildi. Vacib problemlərin həlli istiqamətində ümumi strategiyanı işləmək üçün təşkil olunan Amerikalar sammiti Amerika dövlətləri təşkilatının (ADT) egidası altında bölgə dövlətlərinin liderlərinin görüşüdür. İlk dəfə belə bir görüş 1994-cü ildə Mayamidə keçirilib.
İndiki sammitdə 35 dövlətin liderləri iştirak edirdi. İlk dəfədir ki, burada Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastronun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunurdu.
Forumun açılış mərasimində ABŞ prezidenti Barak Obama və Kuba rəhbəri Raul Kastro artıq ikinci dəfədir ki, bir-birinin əllərini sıxdı. İki ölkə arasında belə yüksək səviyyəli əlaqələr son 50 ildə qeydə alınmayıb. Birinci dəfə onlar 2013-cü ilin dekabr ayında Nelson Mandelanın dəfn mərasimində Yohanesburq yaxınlığındakı stadionda bir-birinin əllərini sıxmışdı.
Barak Obama tarixə iki ölkəni barışdırmış prezident kimi düşə bilər. Dekabrın 17-də B.Obama Kuba ilə diplomatik münasibətlərin tam bərpa edilməsi və Havanada ABŞ səfirliyinin açılması barədə sənəd imzaladı. Bununla əlaqədar ABŞ-ın dövlət katibi Con Kerriyə müvafiq göstərişlər, o cümlədən Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılmasının mümkünlüyünü ifadə edən tapşırıqlar da verildi. Beləliklə, 4 ay bundan öncə Obama və Kastro ABŞ və Kuba arasında münasibətləri normallaşdırmaq niyyətini bəyan etdilər. O zamandan etibarən tərəflər Vaşinqton və Havanada səfirliklərin açılması, ticarət əlaqələrinin bərpa edilməsi ilə bağlı danışıqlar aparırlar. ABŞ artıq Kubaya informasiya materiallarının tədarükü, burada İnternet texnologiyalarının inkişaf etdirilməsi ilə bağlı proqramlar üzərində işləyir.
Kuba xalqı bütün bunlara böyük ümidlərlə baxır. İnsanlar təcriddə yaşamaqdan beziblər. ABŞ-da isə iki dövlətin münasibətlərinin yaxşılaşması birmənalı qarşılanmır. "Gallup" institutunun apardığı araşdırmalara görə, amerikalıların 2/3 hissəsi Obamanın təşəbbüslərini müsbət qarşılayırlar. Kubaya qarşı tətbiq edilən embarqo artıq əvvəlki kimi populyar deyil. Hətta Amerikadakı Kuba diasporu da bu məsələyə artıq neqativ yanaşmağa başlayıb.
"Caterpillar", "Bacardi", "Center Sugar Holding" və bir çox digər şirkətlər, hətta ABŞ Ticarət Palatası çoxdandır ki, təxminən 50 il bundan öncə itirdikləri bu dərəcədə yaxın bir bazara çıxış əldə etməyə can atırlar. Vaşinqtonun Kuba siyasətinin dəyişməsi "ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab verən addım" kimi qələmə verilir.
Kuba rəhbəri Raul Kastronun addımlarına gəlincə, qeyd etmək olar ki, onun qərarlarına iki amil təsir göstərə bilər. Birincisi onun yaşı ilə bağlıdır. R.Kastronun istefaya gedəcəyi 2018-ci ildə Kubanı əsaslı dəyişikliklər gözləyə bilər. İkinci amil Venesueladakı vəziyyətlə əlaqəlidir. Uqo Çavesin dövründə bu ölkə Kubaya yardım göstərirdi. Çavesin olmadığı, Venesuela iqtisadiyyatında isə siyasi kataklizmlərin baş verdiyi və beynəlxalq bazarda neftin qiymətinin kəskin dərəcədə aşağı düşdüyü bir dövrdə kubalılar Venesuelanın yardım əlini itirmiş olurlar.
Xatırladaq ki, bu ölkənin vəziyyəti SSRİ və Şərqi və Mərkəzi Avropada dostluq rejimlərinin iflasından sonra ağırlaşdı. Rusiya və Avropanın keçmiş sosialist ölkələri ada ilə ticarət-iqtisadi əlaqələrini kəskin dərəcədə azaltdılar. Ölkə rəhbərliyi respublikanın daxili ehtiyatlarını səfərbər etmək, iqtisadiyyatda dəyişikliklər həyata keçirmək, digər dövlətlərlə, o cümlədən Latın Amerikası ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirmək məcburiyyətində qaldı.
Bu gün Kubanın iqtisadiyyatına güclü zərbə vuran ticarət-iqtisadi embarqonun ABŞ tərəfindən ləğv edilməsi onun üçün mühüm əhəmiyyətli məsələlərdəndir. Təkcə onu qeyd etmək kifayətdir ki, Amerika vətəndaşlarına Kubaya səyahət üçün qadağanın götürülməsi nəticəsində adaya turist axını ən azı iki dəfə arta bilər. İnfrastruktur layihələrini həyata keçirmək üçün ölkənin xarici investisiyalara və texnologiyalara çox böyük ehtiyacı var. Lakin bunun üçün Kuba əlverişli investisiya mühiti yaratmalı, investorlar üçün cazibəli olmalı, dərin iqtisadi islahatlar aparmalıdır. İnvestisiya daxilolmaları, kreditlərə və Amerika bazarına çıxış əldə etməklə Kuba ictimai həyatın bütün sahələrində modernləşməni həyata keçirə bilər. Buna görə də Kuba embarqonun saxlanması siyasətini pisləyir. 2012-ci ilin noyabr ayında BMT-nin Baş Assambleyasında "ABŞ-ın Kubaya qarşı iqtisadi, ticarət və maliyyə sanksiyasına son qoyulmasının zəruriliyi" adı altında qətnamə qəbul olunub.
Kubanın inkişafı üçün əlavə imkanlar Meksika körfəzində Kubanın neft yataqlarının işlənməsi ilə açıla bilər. Kuba tərəfi burada 20 mlrd. barelə yaxın neftin olduğunu bildirir, Amerikanın geoloji xidmətinin qiymətləndirmələrinə görə isə, bu ehtiyatlar 4,6 mlrd. həcmindədir.
ABŞ-Kuba münasibətlərinin yaxşılaşması belə bir sualı gündəmə gətirir: ABŞ və Rusiya kimi iki fövqəldövlətin siyasi və diplomatik qarşıdurmasında rəsmi Havana kimin tərəfini saxlayacaqdır?
"Los Angeles Times" yazır ki, Rusiya büdcəsi artıq xərclərdən yaxa qurtara bilər. Onillərlə SSRİ Kubadan şəkər alır və neft tədarük edir, bu ölkəyə humanitar yük göndərirdi. Rusiya Kubanı ərzaqla təchiz etməkdə davam edir, neftin kəşfiyyatı ilə bağlı yardım göstərir, kreditlər verirdi. Hazırda bu iki ölkəyə birgə layihələri inkişaf etdirmək üçün heç nə mane olmamalıdır.
Kubada Rusiyanın strateji aviasiya bazasının yerləşdirilməsi perspektivləri ABŞ-da ciddi narahatlıq doğurur. Bu, Meksika körfəzindən Amerikaya aparılan və oradan çıxarılan yüklərin daşınmasında ciddi çətinliklər yarada bilər. "Stratfor" analitik mərkəzinin ekspertləri də bir vaxtlar Rusiya raketlərinin və aviasiyasının Kubada və Venesuelada peyda olması nəticəsində ABŞ iqtisadiyyatının iflic ola biləcəyindən ehtiyatlanırdılar. Lakin Rusiya rəsmiləri hazırda hərbi infrastrukturun dəyişdiyini və Kubada hərbi baza yaratmağa ehtiyacın olmadığını bildirirlər.
Kuba təkcə Latın Amerikasının deyil, həm də dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilə bilər. Son bir neçə ildə Kuba iqtisadiyyatı bütün göstəricilər üzrə artım nümayiş etdirir və bu tendensiya davam edəcəkdir. Bunları və ümumdünya inkişaf meyllərini nəzərə alaraq iqtisadçılar Kubanın bütün inkişaf ssenarilərinin onu bazar iqtisadiyyatına apardığını qeyd edirlər.
Newtimes.az