Amerika Birləşmiş Ştatları hər zaman özünü "demokratiya carçısı" kimi təqdim edir, bu məqamdan istifadə edərək müxtəlif kiçik dövlətlər haqda mənfi fikirlər səsləndirir, bu mövzuda özünü arbitr kimi təqdim etməyə çalışır. Bu ölkə hər zaman kimisə qaralayanda, orada hüquqların məhdudlaşdırıldığı haqda geniş məlumatlarla çıxış edir və müxtəlif kəskin bəyanatlar səsləndirir. Həmçinin bu mövzuda ixtisaslaşmış bir sıra təşkilatlar var ki, onlar da geri qalmayıb silsilə bəyannamələr verir, ard-arda qətnamələr qəbul edirlər. Amma ABŞ-ın özündə və ya hər hansı digər Qərb dövlətində insan haqlarını aşağılayan hal baş verdikdə, nə həmin dövlətlərin özü, nə də məlum təşkilatlar bu barədə bir söz demirlər və heç nə olmamış kimi davranırlar.
Qərb Azərbaycandakı vəziyyətdən bərk "narahat" olur, silsilə çıxışlar, bəyanatlar ortaya qoyur. Bu arada Harvard Hüquq Məktəbinin professoru Annete Gordon-Reedin bir çıxışını xatırlamaq yerinə düşərdi. "Financial Times" qəzetində çıxış edən və ABŞ-ın irqçiliklə bağlı probleminin həll edilməli olduğunu bildirən amerikalı professor deyib ki, ABŞ-da bir çox qaradərili gənc şəxsən tanıdıqları adamlar haqda eyni əhvalat danışa bilərlər ki, qaradərilini polis güllələyib: "Vaxtilə Tomas Cefferson ABŞ-da qaradərililər üçün əsil vətəndaşlıq ola biləcəyinə şübhə edirdi, bu şübhə indiyə kimi qalır. Qaradərili amerikalılar ədalətə nail olmaqda hələ də çətinlik çəkirlər. İlin əvvəlində Yuta ştatında Bundy rançosunda yaşayanlar federal hökumətin hərəkətlərinə qarşı etiraza qalxdılar. Onlardan çoxu silahlı idi. Ancaq onlar ağdərili idilər. Onların qiyamı qarşıdurmaya gətirmədi. Onlara qarşı silahlı əsgər yeridilmədi".
Bu fakt bir daha deməyə əsas verir ki, digər dövlətlərin kiçik problemini qabardıb qınaq obyektinə çevirən ABŞ özü neçə əsr yaşı olan irqçilik problemini həll edə bilmir və ya etmək istəmir.
Təəssüf ki, ABŞ vətəndaşlarının gördükləri "polis şousu"nun siyahısı çox uzundur. Onlardan digər ən çox diqqət çəkəni isə "Wall Street-i işğal et" etiraz aksiyası zamanı yaşananlardır. Belə ki, Birləşmiş Ştatlarda və başqa ölkələrdə zənginlərlə yoxsulların gəliri arasındakı fərq uçurumuna, iqtisadi bərabərsizlik və işsizliyə etiraz edənlər maliyyə böhranı yaşayan bankların sadə insanların vergiləri hesabına öz problemlərini həll etdiklərini, bu üzdən sıravi vətəndaşların kreditə aldıqları evlərinin əllərindən alınmaları ilə üzləşdiklərini bildirirdilər.
Bütün bu faktlar, ABŞ-da irqçilik və ya digər problemlər üzündən baş verən qiyamlar, mitinqlər göstərir ki, bu ölkənin hakim təbəqəsi hələ də əsl demokratiyadan uzaq düşüncə, ideologiya ilə yaşayır, amma maraq dairəsində olan kiçik dövlətlərə "demokratiya çubuğu" ilə hücum edib onları hədələməklə məşğul olur. Güman var ki, bu həmlələrin nəticə vermədiyini görən ABŞ hökuməti bundan sonra heç bir dövlətin daxili işlərinə qarışmayacaq, diqqətini daxildəki narazı kütlənin haqlı tələblərinə yönəldəcək.
RƏFİQƏ