28-30 aprel 2015-ci ildə Əfqanıstan İslam Respublikasının prezidenti Əşrəf Qəni Hindistan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər bir sıra məqamları ilə diqqəti çəkdi. Məsələ burasındadır ki, Hindistan Əfqanıstanın mühüm geosiyasi tərəfdaşı olmaqla, onun iqtisadiyyatına böyük həcmdə sərmayə (kapital qoyuluşu 2 milyard ABŞ dolları həcmində olmaqla, Hindistan donor ölkələri arasında dördüncü yerdədir) yatırsa da, ötən ilin sentyabr ayında ƏİR-in yeni prezidenti seçildikdən sonra Ə.Qəni bu ölkəyə baş çəkməyə tələsmirdi. Hindistana getməzdən öncə Ə.Qəni Çin və Pakistanda səfərdə oldu, ABŞ-da yüksək səviyyədə qarşılandı, İngiltərədə Əfqanıstana həsr edilmiş beynəlxalq konfransda iştirak etdi, Səudiyyə Ərəbistanına baş çəkdi.
Əfqanıstanın indiki prezidentinin bu addımları göstərdi ki, o, xarici siyasətin əvvəlki prezident Həmid Kərzainin dövründə müəyyənləşdirilmiş prioritetlərində düzəlişlər etmək niyyətindədir. Əfqanıstana 13 il ərzində rəhbərlik edən H.Kərzai prezidentliyinin son illərində Qərbdən uzaqlaşdı, ABŞ və NATO-nun onun ölkəsində həyata keçirdiyi ayrı-ayrı hərbi əməliyyatları açıq şəkildə tənqid etdi. Pakistanın da siyasətindən narazı olduğunu gizlədə bilməyən Kərzai onu Əfqanıstanda stabilliyi pozan taliblər və digər qüvvələrlə mübarizədə zəif səy göstərməkdə ittiham edirdi. 2011-ci ildə o, Hindistana səfər etmiş və bu ölkə ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamışdı. Bu müqaviləyə görə, Hindistan tərəfi hərbi kadrların hazırlığına dəstək vermək və bəzi silah növlərini tədarük etmək öhdəliyini öz üzərinə götürürdü. İslamabadda müqavilə az qala ölkənin şərqdən və qərbdən geosiyasi mühasirəyə alınması cəhdi kimi qiymətləndirildi. Özü də qərb istiqamətində Pakistan Hindistanın təkcə Əfqanıstanla deyil, İranla da müttəfiqliyini görürdü.
Çox güman ki, Ə.Qəninin Dehliyə səfərində məqsəd Kabilin regiondakı siyasətində bir növ varisliyi, onun iqtisadi yardımda və Dehli ilə geniş qarşılıqlı əlaqələr qurmaqda maraqlı olduğunu nümayiş etdirmək idi. Səfər gözləntiləri doğrultdumu? Bir tərəfdən, doğrultdu, çünki Əfqanıstan lideri Hindistanda və onun hüdudlarından kənarda populyar olan Narendra Modi ilə əlaqələr qura və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edə bildi. Digər tərəfdən, münasibətlərdə elə bir ciddi irəliləyiş olmadı. Səfər zəif notlarla başladığı kimi, elə də başa çatdı. Liderlər strateji tərəfdaşlıq mövzusundan yan keçdilər. N.Modi Kabilin İslamabadla daha sıx əlaqələr qurmaq istəyini anladığını ifadə etdi, çünki təhlükəsizlik sahəsində vəziyyət bir çox mənada bundan asılıdır. O, dedi: "Biz Əfqanıstanın ekstremistlərin terrorçuluğu və zorakılığı ilə bağlı ağrılarını bölüşürük. Bu, insanların həyatını təhdid edir və tərəqqiyə mane olur".
Tərəflər Əfqanıstanla Pakistan arasında yenə də 2011-ci ildə imzalanmış ticarət və tranzit haqqında sazişə diqqəti yönəltdilər. Modi Əfqanıstandan Pakistan ərazisindən keçərək Hindistana, Hindistandan da Əfqanıstana yükdaşımalarını təmin etmək üçün Hindistanın bu sazişə qoşulmalı olduğunu bəyan etdi. Onun sözlərinə görə, bu planların həyata keçirilməsi Asiyada avtomobil yolları rabitəsində inqilab etməyə imkan verərdi. Modi, həmçinin onu da qeyd etdi ki, Hindistan İranın Çabahar limanının inşasına yardım etmək niyyətindədir. Bu, Əfqanıstan üçün Pakistandan yan keçməklə dünya okeanına marşrut açacaqdır.
Ə.Qəninin Hindistana səfərindən təxminən 10 gün əvvəl Pakistana ÇXR-in sədri Si Tsinpinin gəldiyini və tərəflərin Pakistanın perspektivdə Əfqanıstanın da istifadə edə biləcəyi Qvadar limanının tikintisi ilə bağlı işlərin davam etdirilməsi barədə razılığa nail olduqlarını nəzərə alaraq, iki infrastruktur layihəsinin və onların sponsorlarının rəqabət apardıqlarını görmək çətin deyil.
Maraqlıdır ki, Ə.Qəninin Hindistana səfəri zamanı onu prezident kampaniyasında əsas rəqibi olan və indi Ə.Qəninin formal olaraq hakimiyyəti bölüşdürdüyü A.Abdulla müşayiət etmirdi. Belə bir fikir var ki, məhz onun özü üçün tətbiq edilən baş icraçı vəzifəsini tutan A.Abdulla Hindistana ölkə prezidentindən daha mülayim münasibət bəsləyir. O, qeyri-formal şəkildə 1990-cı illərin müharibəsində Hindistan, İran və Rusiyanın dəstəyinə arxalanan "şimallılar"ın maraqlarını ifadə edir. Görünür, nümayəndə heyətinin tərkibində A.Abdullanın olmaması çoxtərəfli beynəlxalq yardıma, ABŞ və NATO ölkələri tərəfindən maliyyə və hərbi dəstəyə, habelə Hindistan-Pakistan əlaqələrinin yaxşılaşdırılmasına ümidi ifadə etməklə Kabilin hal-hazırda öz prioritetlərini dəyişmək istəməməsindən xəbər verir.
Rüstəm İsmayılov