PDF Oxu

Araşdırma

  • 2 244

Sosial-iqtisadi inkişafın Naxçıvan modeli

Sosial-iqtisadi inkişafın Naxçıvan modeli

İlham Əliyev: "Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir"

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli Sərəncamında deyilir: "Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etmişdir".

Ümumiyyətlə, hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, ayrı-ayrı xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyi və bütövlüyünü qoruyub saxlaya bilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Bu gün isə bəhs olunan siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir.

Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq-abadlıq işlərinin fəal iştirakçısıdır.

Statistik rəqəmlər, real faktlar

Son iki ilin statistik rəqəmlərini müqayisə etməklə bir daha muxtar respublikada sosial-iqtisadi inkişafın düzgün siyasi xəttin bəhrəsi olduğunun şahidi oluruq. 1996-cı ildən ötən dövrdə muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artım tempi təmin edilmiş, 2014-cü il muxtar respublikada 2 milyard 391 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da bir il əvvəlki müvafiq göstəricidən 1,3 faiz çoxdur. 2014-cü ildə hər bir nəfərə düşən ÜDM-in həcmi 2013-cü ilə nisbətən 0,8 faiz artaraq 5465,2 manat səviyyəsində olub. 2013-cü illə müqayisədə 2014-cü ildə sənaye məhsulunun həcmi 2,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2,3 faiz, o cümlədən ixracın həcmi 1,5 faiz, əhalinin gəlirləri 2,2 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,9 faiz artıb.

Ötən il muxtar respublikada 891 milyon 486 min manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da bir il əvvəlki müvafiq göstəricini 2,5 faiz üstələyir. Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşüb. Məhsulun 92,6 faizi özəl sektorda istehsal olunub. Ötən il muxtar respublikada dövlət dəstəyi ilə 47 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 30 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə davam etdirilib. Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, 2014-cü ildə 313 milyon 481 min ABŞ dolları dəyərində sənaye məhsulu ixrac olunub.

Muxtar respublikada cəmiyyətin hər bir üzvünün ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi diqqətdə saxlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın qəbul edildiyi 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 229 milyon 646 min manata, heyvandarlıq məhsullarının həcmi isə 2,1 dəfə artaraq 125 milyon 511 min manata çatıb. Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 260 ədədi 2014-cü ilin yanvar-dekabr aylarında olmaqla, cəmi 1505 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2014-cü ildə 276 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib. İl ərzində məhsul istehsalçıları 3867,3 ton mineral gübrə ilə təmin olunub.

İnfrastruktur quruculuğu istiqamətində perspektivlər

Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri muxtar respublikada da uğurla həyata keçirilir. Belə ki, ötən il muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 924 milyon 629 min manat həcmində investisiya yönəldilib ki, bunun da 806 milyon 943 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu müddətdə muxtar respublikada 296 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 153 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Ötən ildə 8 kənd mərkəzi, 1 şəhər mərkəzi istifadəyə verilib, 8 kənd mərkəzinin inşası davam etdirilib. Eyni zamanda, 4 yaşayış binasının tikintisi, 6-sının yenidən qurulması, 2-sinin əsaslı təmiri, 6-sının təmiri başa çatdırılıb, 4-nün tikintisi, 4-nün yenidən qurulması, 1-nin əsaslı təmiri, 1 yaşayış binasının isə təmiri davam etdirilib. Bundan əlavə, Naxçıvan şəhərində "Gənclər şəhərciyi" yaşayış kompleksinin tikintisi davam etdirilib, yeddi yaşayış binasında istilik xətlərinin yenidən qurulması, doqquz binada istilik xətlərinin təmiri başa çatdırılıb.

Bəli, Naxçıvan diyarı öz tarixi missiyasını bu gün də şərəflə yerinə yetirərək, tərəqqi və inkişafın ən yüksək zirvəsindədir. Bu zirvədən baxdıqda insan iradəsinin, zəhmətinin nəyə qadir olduğu aydın görünür.

Prezident İlham Əliyev Naxçıvan MR-in milli tariximizdə rolunu belə xarakterizə etmişdir: "Naxçıvanın çox zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan qədim diyardır... Bütün dövrlərdə Naxçıvan Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər