PDF Oxu

Araşdırma

  • 1 667

Aİ: işsizlikdən radikal siyasi şüura doğru

Aİ: işsizlikdən radikal siyasi şüura doğru

Avropanın bir sıra ölkələrində ənənəvi ikipartiyalı sistem ciddi sınaqlara məruz qalmaqdadır. Bəzi yerlərdə isə çökməyə başlayır, özü də bu, İkinci dünya müharibəsindən sonra ilk dəfədir ki, baş verir. Qitənin cənub hissəsində siyasi teatr səhnəsinə daxili və xarici siyasi kursla bağlı seçicilərə alternativ təklif edən gənc və iddialı liderlərin başçılıq etdiyi radikal sağ və solçu birliklər çıxmaqdadır. Qənaət siyasətinə, korrupsiyaya və kasıblarla varlılar arasında uçuruma son qoymağı vəd edən xarizmatik rəhbərlərin səsinə müasir Avropa cəmiyyətinin dayağı olan orta sinif nümayəndələri arasında səs verənlər tapılır.

İspaniyada "Podemos" ("Biz bacararıq") solçu radikal partiyasının nüfuzunun getdikcə artması deyilənlərin əyani sübutudur. Cənubi əyalətdə – 30 ildən çoxdur ki, sosialistlərin "mülkiyyəti" hesab edilən Əndəlüsdə vaxtından əvvəl keçirilən mart seçkilərində təxminən 1 il yarım bundan əvvəl meydana gələn bu təşkilat səslərin 15%-ni toplaya bildi və beləliklə də yerli qanunvericilik orqanında üçüncü qüvvəyə çevrildi. Sosialist partiyasının namizədləri 35,5% səs topladılar ki, bu da əvvəlki seçkilərlə müqayisədə 4 faiz azdır. İspaniyanın baş naziri Mariano Raxoy bir neçə dəfə Sevilyaya baş çəksə də, ölkədə hakim sağ mərkəzçi "Xalq partiyası" 17 deputat kürsüsünü itirərək 27% səs topladı.

Əhalisinin üçdəbir hissəsindən çoxunun işsiz olduğu Əndəlüsdə kampaniya ölkədə may ayında keçiriləcək bələdiyyə və regional, noyabr ayında isə ümumxalq seçkiləri qabağı bir növ güc sınağı oldu. Bu səsvermə həmçinin "Podemos"un Yunanıstanda keçirilən seçkilərdə "Siriza" solçu radikal koalisiyasının qələbə çalmasından sonra ilk sınaq imtahanı oldu. Ruh və məqsədlərinə görə onlar bir-birinə çox yaxındırlar. Maraqlı bir məqam da bundan ibarətdir ki, liman şəhəri olan Kadisdə işsizlərin sayı Yunanıstandakından çox olsa da, "Podemos"dan olan namizədlər burada çoxluq qazanmışlar.

Lakin 37 yaşlı politologiya doktoru Pablo İqlesiasın başçılıq etdiyi bu partiya üçün Əndəlüs hakimiyyətinin fəaliyyətində iştirak etmək ciddi sınaq olacaqdır: bütün ölkə özünü real adlandıran yeni müxalifətin seçkiqabağı vədlərinə necə əməl etməsini diqqətlə izləyəcəkdir. Mütləq çoxluq əldə etməyən sosialistlər səmərəli fəaliyyət üçün tərəfdaşlar axtarmaq məcburiyyətindədirlər. Lakin "Podemos" yaxın keçmişdəki rəqibi ilə koalisiya yaratmaq istəsə, bu, nəhəng dəyişikliklərin zəruri olduğunu bəyan edən şüarlara zidd olacaqdır. Qarşılıqlı əlaqələrdən imtina edilməsi isə "Xalq partiyası" namizədlərinin P.İqlesiasın tərəfdaşlarına səs verilməsinin bölgədə stabilliyi təhdid etməsi barədə bəyanatlarını təsdiq etmiş olacaqdır…

İstənilən halda siyasi isteblişmentə daxil olmaqla "Podemos" İspaniyanın ənənəvi olaraq mühafizəkarlardan və sosialistlərdən ibarət olan ikipartiyalı sistemini sarsıtmış oldu. Radikal populistlər təkcə Yunanıstan və İspaniyada deyil, Fransada ("Milli cəbhə"), İtaliyada ("Beş ulduz hərəkatı"), hətta Böyük Britaniya ("Birləşmiş Krallığın müstəqillik partiyası"), Hollandiyada ("Azadlıq partiyası") və Almaniyada ("Pegida" hərəkatı) da səs salmaqdadırlar. Cəmiyyətdəki əhval-ruhiyyənin kəskin şəkildə dəyişməsinin səbəbləri uzun illərdir ki, davam edən maliyyə böhranının zərbələri altında orta sinfin həyat səviyyəsinin eroziyaya məruz qalması, müsəlman immiqrantlarının və qaçqınların kütləvi şəkildə axın etməsi, sosial təminat sisteminin dağılması, işsizliyin yüksək səviyyəyə çatması və bunların nəticəsi olaraq ənənəvi siyasi elitaların nüfuzunun aşağı düşməsi olmuşdur.

Bütün bunlar göstərir ki, bütövlükdə Avropada inteqrasiya prosesi sual altına alınmaqdadır: "Brüssel bürokratiyasından daha çox suverenlik əldə edək" kimi şüarlar irəli sürülür. Belə bir şəraitdə hətta yenicə formalaşmış hərəkat və partiyalar belə seçicilərdə ümidlər doğurur. Avropa İttifaqının bir sıra ölkələrində bu partiya və hərəkatların populyarlığının artması isə yaxın gələcəkdə siyasi təsisatların özünün mahiyyətinin xeyli dəyişə biləcəyindən xəbər verir. "İyirmi səkkizlər" üçün hakimiyyətdə solçu radikalların olduğu Yunanıstan bir növ poliqon oldu. Əslində, onların uğuru və ya uğursuzluğundan çox şey asılıdır.

Bu il ümumxalq seçkiləri Aİ-nin 8-ə yaxın ölkəsində keçiriləcəkdir. Onların nəticələrinə gəlincə, qeyd etmək lazımdır ki, Avropa Parlamentinə keçirilmiş ötən ilki seçkilərin nəticələrini proqnozlaşdırılmaq bu kampaniyanın nəticələrini proqnozlaşdırmaqdan daha asan olardı.

Newtimes.az

Digər xəbərlər