PDF Oxu

Araşdırma

  • 1 703

Azərbaycan əsl Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir

Azərbaycan əsl Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir

Prezident İlham Əliyev: "Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar"

Azərbaycan hökuməti dayanmadan, fasiləsiz olaraq qurub-yaratmaq qətiyyəti ilə bütün bölgə ölkələrinə bir örnəkdir

İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycan artıq dünyada zəngin neft-qaz ölkəsi kimi deyil, həm də sivilizasiyalarası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən ölkə statusunda qəbul olunur. Respublikamız bu gün dünyanın 50-dən artıq ölkəsinə yanacaq ehtiyatlarının təchizatçısı kimi nüfuz sahibi olmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyası sayəsində potensial sərmayəçi kimi də diqqəti cəlb edir. Azərbaycan, həmçinin, regionda sabitləşdirici faktor rolunda çıxış edərək bölgənin təhlükəsizlik seqmentlərini formalaşdırır.

Hazırda Avropanın hər bir nöqtəsindən minlərlə insan Azərbaycana axışır, I Avropa Oyunlarına gələn xaricilərin ilk təəssüratı ölkəmizlə bağlı bu cür olur: Azərbaycan neft ölkəsi kimi inkişaf etsə də, iqtisadi və sosial həyatın bütün sahələrindəki dinamika, modernləşdirmə epoxası, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların ənənə halını alması bu ölkənin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir. Azərbaycan dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya məkanı hesab olunur.

Müstəqil Azərbaycan Avropa arenasında özünü ancaq neft ölkəsi kimi deyil, həqiqətən də zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim etdiyini xatırladır və ölkədə nəhəng quruculuq işləri paytaxtın və bölgələrin simasını dəyişdirib. Azərbaycan əsl Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatların sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz göstəricisidir.

Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Multikulturalizm ölkələrin qarşılıqlı hörmət və sıx əməkdaşlıq mühitinin yaranmasında vacib bir amilə çevrilib. Azərbaycan multikulturalizmə böyük önəm verir və son iyirmi iki il ərzində müstəqil ölkə kimi həyata keçirilən siyasətin əsas təməllərindən biri də məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarət olub. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi multikulturalizmdən çox asılıdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. Özünütəcrid isə mənfi fəsadlara yol açan meyillər sayıla bilər. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Bu barədə Prezident İlham Əliyev "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında da fikirlərini diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün.

Eyni zamanda, Bakıda keçirilən Beynəlxalq Humantiar forumlarda da məhz dünya ölkələrinin əsas müzakirə mövzusu multikulturalizmlə bağlı olub. Hər bir ölkə bu formulu gələcək üçün mühüm bir siyasi-ideoloji xətt sayır, multikulturalizmlə bağlı yeni çağırışları ortaya çıxarır. Bu gün bütün dünya mətbuatı da yuxarıda sölənilən fikirlərini əsas götürməklə, həmçinin, yazırlar ki, Azərbaycandakı inkişaf insanların sosial həyat tərzində hiss olunur. Azərbaycanda insanlar yaxşı yaşamağa başlayıblar, ölkə öz simasını dəyişir. Azərbaycanlılar rəhbərliyin mövqeyini bəyənirlər. İnsanlar öz problemlərini gizlətmirdilər, lakin onlar yekdilliklə hesab edirlər ki, yerli hökumət onlara böyük diqqət ayırır. Azərbaycan əhalisi Ulu Öndər Heydər Əliyevə olduğu kimi, Prezident İlham Əliyevə də inanır.

Bakı şəhərində və ölkənin bütün regionlarında sosial infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, ən müasir standartlara cavab verən elm, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman obyektlərinin inşası, hündürmərtəbəli yaşayış binalarının, hotel komplekslərinin tikintisi, park və istirahət komplekslərinin, xiyabanların yaradılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi inanılmaz bir möcüzə kimi qiymətləndirilir. Bu cür nəhəng işləri görməyə hər bir ölkənin nə maliyyə qüdrəti, nə də real vaxt imkanları çata bilməz. Azərbaycan hökuməti dayanmadan, fasiləsiz olaraq qurub-yaratmaq qətiyyətilə bütün bölgə ölkələrinə bir örnəkdir.

Həqiqətən, bu gün ölkəmizin hər bir bölgəsi başdan-başa gözəlləşir, yaşıllıqlara bürünmüş ətraf ərazilər füsunkar gözəlliyi ilə insana zövq verir. Azərbaycana ayaq basan hər bir insan ölkəmizin, əsasən də paytaxtın simasının ildən-ilə dəyişdiyinin, Bakının ən yaraşıqlı şəhərə çevrildiyinin şahidi olur. Bakı şəhərinə gələn əcnəbi vətəndaşlarla bərabər, xaricdə yaşayan soydaşlarımız da hər dəfə paytaxtın giriş qapısına ayaq qoyanda yeni dəyişiklikləri, bir neçə ay əvvəllə müqayisədə Bakının daha da müasirləşdiyini görürlər.

Xaricdən ölkəmizə təşrif buyuran qonaqlar, eləcə də, soydaşlarımız Bakının bu qədər sürətlə inkişaf etməsindən heyranlıqlarını gizlədə bilmirdilər. Onlar Azərbaycan paytaxtının simasının dəyişərək müasir sivilizasiya mərkəzinə çevrildiyini bildirirlər.

Bir sözlə, Azərbaycan paytaxtının siması az qala hər gün dəyişir - gözəlləşir, müasirləşir. Köhnə binalar, obyektlər bərpa olunur, yeniləri tikilir, paytaxt sürətlə inkişaf edir. Bakı şəhərinin bütün kənd və qəsəbələrinin istirahət, mədəniyyət, turizm obyektlərinin yenidən qurulmasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev bu istiqamətdə davamlı tədbirlərin görülməsi üçün büdcə ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitlərinin ayrılmasına qərar verir. Dövlət başçısının bu diqqət və qayğısının nəticəsidir ki, son illərdə park və mədəniyyət mərkəzlərinin böyük əksəriyyəti ən müasir üslubda yenidən qurularaq insanların istifadəsinə verilib. Paytaxtın küçə və prospektlərində, park və xiyabanlarında davam etdirilən yenidənqurma və abadlıq işlərini gücləndirmək məqsədilə davamlı olaraq böyük həcmdə maliyyə vəsaiti ayrılır. Bu gün paytaxtımızda ən orijinal tikinti layihələri həyata keçirilir, sosial infrastruktur obyektləri yaradılır, zövqoxşayan istirahət kompleksləri istifadəyə verilir. Bakının bütün prospekt və küçələrinin kənarında və ətrafındakı binaların, park və mədəniyyət ocaqlarının müasir, zövq oxşayan forma və üslubda bərpası, yenidən qurulması işləri davam etdirilərkən həm milli ornamentlər və arxitektura normaları, həm də şəhərsalmanın ən modern üslubları tətbiq olunur. Binaların fasadı üzlük daşlarla üzlənir, pəncərələr yenilənir, eyvanlar milli ornamentə uyğun quraşdırılır. Həmçinin, binaların girişinə dəmir-seyf qapılar qoyulur. Binaların qarşısındakı piyada səkiləri isə metlax və qəmbər daşlarla döşənir. Görülən işlər nəticəsində paytaxtdakı bir əsrə yaxın yaşı olan binalar tarixiliyini saxlamaqla, müasir şəkildə abadlaşdırılır. Bir sözlə, quruculuq və abadlıq işləri paytaxtın hüsnünə zəngin çalarların əlavəsi kimi dəyərləndirilə bilər. Azərbaycan, xüsusilə də paytaxt Bakı mükəmməl panoramı ilə ölkə vətəndaşlarını və turistlərin zövqünü oxşayır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər