Millət vəkili: "ABŞ ölkələrində iğtişaşlar törətmək üçün hər il milyardlarla pul xərcləyir"
"Assoşiated Press" ilk Avropa Oyunları öncəsi Azərbaycanda mövcud vəziyyətlə bağlı məqalə ilə çıxış edib. Bir vahid mərkəzdən idarə olunan Qərbin bir sıra "hüquq müdafiə və media" qurumlarının Azərbaycana qarşı apardıqları qara piar kampaniyası bundan sonra da qərəzli və qeyri-obyektiv formada davam edəcək. "Human Rights Whatch", "Amnesty İnternational" təşkilatlarının hazırladıqları məkrli hesabat və məqalələrdən digər təşkilatlar da araşdırma aparmadan istifadə etməyə başlayıb.
Şübhəsiz "Associated Press"in Avropa Oyunları ilə bağlı sərgilədiyi mövqe bir mərkəzdən idarə olunan "Azərbaycana təzyiq" kapmaniyasının bir hissəsidir. Yazır ki, Avropa Oyunlarının açılışında Azərbaycanda dövlət və hökumət başçıları iştirak edəcək: "Lakin Xədicə İsmayıl oyunları yaxından izləyə bilməyəcək". Göründüyü kimi məntiqsiz olduğu qədər də heç bir çərçivəyə sığmayan bu düşüncə tərzi Azərbyacana qarşı tutulan mövqenin nə dərəcədə məkrli olduğunun göstəricisidir. Məgər Xədicə İsmayıl dövlət başçısıdırmı? Və ya özləri üçün "dəyərli", qanunlarımızla isə "casus" hesab edilən bir "qadın"ın dövlət atributu kimi təqdim edilməsi gülünc deyilmi? X.İsmayılın azadlıqda qalması bəzi xarici dairələrə necə sərf edirsə, onun həbsdə qalması da təhlükəsizlik baxımından bizim üçün daha artıq vacibdir. Milli maraqlarımızı satan şəxsin əlahiddə formada təbliğ və müdafiə olunması heç bir normal məntiqə sığmır. Bəli, Azərbaycan insan hüquq və azadlıqlarının qorunması üçün müxtəlif beynəlxalq konvensiyaların iştrakçısıdır və öhdəlikləri də var. Lakin bu dövlətə xəyanət edən şəxslərin həbs edilməyəcəyi ilə bağlı ölkəmiz heç bir öhdəlik götürməyib. İmza atdığmız konvensiyalardan bir bənd nümunə gətirib izah edin ki, X.İsmayıl nə üçün azadlıqda qalmalıdır. Bundan başqa, Xədicənin "casus" fəaliyyəti hər kəsə bəlli olsa da, o, sırf vətəndaşı intihara sövq etdiyinə görə həbs edilib. Məgər sizin ölkələrdə intihara sövq etdiyinə görə təqsirləndirilən şəxsə 7 il həbs cəzası verilmirmi?
Qərb dairələrinin ölkəmizə qarşı apardığı bu çirkin oyunların əsl mahiyyətindən danışan millət vəkili Astan Şahverdiyev "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, əslində dünyanın diqqət mərkəzində olan, böyük iqtisadi uğurlara imza atan, dünyada siyasi üstünlüklər əldə edən Azərbaycana qarşı atılan bu addımlar bir qüvvə tərəfindən idarə olunur: "Konkret olaraq desək, ABŞ-ın və Avropanın xüsusi xidmət orqanlarının himayəçiliyi ilə ölkəmizə qarşı kampaniyalar aparılır. Bunun üçün milyonlarla vəsait xərclənir. Özlərinin hüquq-müdafiə və media qurumları vasitəsilə təsir etməyə çalışırlar. Təsəvvür edin ki, ABŞ hər il sırf bu istiqamətdə, müsəlman ölkələrində iğtişaşlar törətmək üçün milyardlarla pul xərcləyir. Bu gün ABŞ-ın Avropanın təkcə bir ölkəsində yüzlərlə təşkilatı var. Eləcə də dünyanın əksər dövlətlərində fəaliyyət göstərən minlərlə təşkilatlar var ki, ABŞ vasitəsilə maliyyələşdirilir".
Avropa Oyunlarından sonra Azərbaycanda parlament seçkilərinin keçiriləcəyinə də diqqət çəkən millət vəkili A.Şahverdiyev qeyd etdi ki, ortada seçki amili də var: "Çünki Azərbyacanda bu il parlament seçkiləri olacaq. Ənənəvi olaraq bu dəfə də qara qüvvələrin təbliğat maşını işə düşəcək. Sadəcə, oyunlar bunu bir az sürətləndirib. Ancaq bütün bunların hamısı yersiz cəhdlərdir".
Samir