PDF Oxu

Araşdırma

  • 1 636

İkiüzlü Avropa, yaxud "qoca qitə"nin qiymətləndirmə qabiliyyəti itib

İkiüzlü Avropa, yaxud "qoca qitə"nin qiymətləndirmə qabiliyyəti itib

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son plenar iclasında qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin hazırladıqları "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı 13801 saylı qətnamə layihəsi üzrə müzakirələr keçirilib.

Bu hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərindən öncə ölkədəki demokratik təsisatlarının fəaliyyətinin öyrənilməsi və assambleyanın 2013-cü ildə Azərbaycan üzrə qəbul etdiyi tövsiyələrinin yerinə yetirilməsi və onların dəyərləndirilməsi ilə əlaqədar hazırlanıb.

Hesabat daha çox icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin tarazlığı, məhkəmələrin müstəqilliyi və seçki məsələlərini əhatə edib. Həmməruzəçilər Azərbaycan hökumətinin şəffaflığın təşviq edilməsi və korrupsiya, terrorizmin maliyələşdirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizəsindəki səylərini yüksək qiymətləndirib.

Bundan başqa, hesabatda 2014-cü ilin avqustunda Avropa Şurası baş katibi ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı razılığa əsasən, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun bərpa olunmasını müsbət qiymətləndirilib.

Qeyd edək ki, komitədə əsas müzakirələr hesabatın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi haqqındakı birinci paraqrafı - "Parlament Assambleyası Avropa İttifaqı, Türkiyə, İran Xəzər dənizi hövzəsindəki digər qonşuları, eləcə də Rusiya Federasiyası və ABŞ ilə tarazlaşdırılmış münasibətlər qurmağa cəhd edən Azərbaycanın geopolitik vəziyyətinin mürəkkəbliyini tanıyır. Azərbaycan müstəqil və çoxşahəli xarici siyasət aparmağa müvəffəq olub və buna, əsasən özünün mühüm enerji ehtiyatları və Xəzər dənizi üstündəki strateji yerinin sayəsində nail olub. Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır" - ətrafında aparılmışdı. Erməni tərəfi və onları müdafiə edən bəzi avropalı deputatlar bu paraqrafın tam şəkildə və yaxud onun işğala aid son cümləsinin sənəddən çıxarılmasını və ya son cümlənin "...hakim olan Dağlıq Qarabağ münaqişəsinin nəticələri" cümləsi ilə əvəz olunmasını tələb edən əlavə və dəyişikliklər irəli sürüblər. Monitorinq Komitəsinin iclasındakı səsvermələrdə 22 səs lehinə, 21 səs əleyhinə olmaqla yuxarıdakı paraqrafın sonuncu cümləsinin çıxarlmasını nəzərdə tutan 3 nömrəli dəyişiklik komitə tərəfindən təsdiq olunub. Lakin prosedura uyğun olaraq həmin iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ olmayıb.

Əlbəttə ki, keçən gərgin müzakirələr zamanı bir daha ikiüzlü və erməni lobbisinin təsiri altında olan avropalı deputatların sayəsində ədalətsiz qərar verilib. Doğrudur, ədalət naminə çıxış edən deputatlar həqiqəti diqqətə çatdırmağa çalışıblar. Məsələn, polşalı həmməruzəçi Tadeuş İvinski Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb və Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü olduğunu deyib. T. İvinski bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini təsdiqləyən qərar qəbul etdiyini xatırladıb.

Makedoniyalı deputat Nikoloski Aleksandar və türkiyəli millət vəkili Egemen Bağış öz çıxışlarında hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi maddəsinin hesabatda saxlanılmasının vacibliyini bildiriblər. Hər iki deputat AİHM-nin son qərarını misal gətirərək, Ermənistanın Azərbaycan əraziləri üzərində effektiv nəzarət etdiyini söyləyib.

Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrexin fikirləri xüsusi diqqət çəkib: "Bu ölkə ilə 9 il işləmişəm. Mən anlaya bilmirəm, o qədər postsovet ölkəsində problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Niyə? Məgər bizə Azərbaycanda xaos lazımdır, yoxsa stabil bir ölkə?"

"Biz Azərbaycanla işlədikdə elə qüvvələrlə rastlaşmışıq ki, onlar bizimlə söhbətlərində bu ölkədə hökuməti devirməyə çağırışlar edirdilər. Məgər Avropa Şurası belə fikirlərin müdafiəçisidirmi?" - deyə J.Qrex qeyd edib.

İspaniyalı deputat Diaz Teyera isə erməni Hovannisyan Arpinin saxta fikirlərinə düzəliş verərək, Azərbaycan ərazilərinin işğal olunması faktının BMT-nin 4 qətnaməsi və AŞPA-nın qətnamələrində əks olunduğunu bildirib: "Fikrimcə, bu müzakirələrdə ərazi bütövlüyü məsələsi elə ən vacib məsələlərdəndir. Krımdan danışarkən deyirik ki, anneksiya olub, Dağlıq Qarabağın işğal edilməsinin bircə fərqi bunun 20 il bundan əvvəl baş verməsidir. Nə vaxt baş verir-versin, işğal elə işğaldır".

Göründüyü kimi, Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması və sənəddə dəyişikliyin edilməməsi üçün kifayət qədər sübutlar gətirilsə də, bu, nəticəsiz qalıb. Çünki dəyişikliklə bağlı təklifin müəllifləri Pyeter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qross, Röne Ruke olub. Və biz adları çəkilən ermənipərəst qüvvələrin təsiri altında olan ikiüzlü avropalı deputatlar arasında bir neçəsini elə əvvəlki illərdən tanıyırıq. Bu, həmin Andreas Qrossdur ki, neçə illərdir Azərbaycana qarşı qərəzli mövqe tutub. Hər zaman çalışıb ki, Azərbaycanın demokratik imicinə zərbə vursun, erməni lobbisinin maraqları təmin edilsin.

Lakin görünür, artıq elə bir zaman çatıb ki, nə Avropa, nə də avropalı siyasətçilər üçün demokratiyanın önəmi qalmayıb. Avropa bütün dünyaya demokratiya carçısı olduğunu söyləyir, amma bütün proseslərə bu prizmadan yanaşdığını iddia edən Avropa nədənsə, heç də həmişə bu "andına" sadiq qalmır. Masa üzərinə şəxsi maraqlar gəldikdə, əksər hallarda "andlar" nə yazıq ki, unudulur. Çox qabarıq və bir çox hallarda çox eybəcər şəkildə önə çıxan iqtisadi maraqlar demokratiya "donuna" bürünmüş siyasi mövqeləri bir kənara atır.

Azərbaycan təəssüf ki, bir çox dönəmlərdə bu ikiüzlü yanaşma ilə qarşılaşmalı olur. Məsələn, Azərbaycanda insan haqları məsələlərini müzakirə edənlər haqqında bəhs etdikləri ölkədəki proseslərdən söz açanda işğal altında olan bir məmləkətdən danışdıqlarını onları dinləyənlərə sezdirməyi heç ağıllarından belə keçirmirlər. Sanki bu ölkədə müharibə olmayıb, torpaqlar işğal olunmayıb, soyqırımlar yaşanmayıb, insanlar öldürülməyib, əsir, girov düşməyib. Əcəba, bu sadalananlar insan haqları məsələlərinə aid deyilmi?

Avropanın yüksək dairələrinin rəsmiləri hər dəfə verdikləri açıqlamalarda Azərbaycanla daima yüksək səviyyəli və davamlı əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirirlər. Sərgilənən ikiüzlü siyasətin fonunda kölgədə qalan Avropa ədaləti nə yazıq ki, saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir.

Azərbaycanın nümayəndə heyətinin sədri Səməd Seyidov müzakirələr zamanı çıxışında bu məsələyə toxunub və kifayət qədər məntiqli arqumentlər irəli sürüb: "Artıq yetər. Azərbaycanı insan haqlarının pozulduğu ölkə kimi təqdim etmək heç bir həqiqətə uyğun gəlmir. Siz burada Azərbaycanda həbs olunan insanlardan danışdınız. Bəs niyə görə ön xətdə öldürülən insanların insan haqlarından danışmırsınız? O cümlədən, valideynləri Dağlıq Qarabağda qeyri-qanuni həbsdə saxlanılan uşaqların haqlarından. Biz qeyri-qanuni həbslə bağlı bir söz belə eşitmədik. Siz bizdən üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməyəi tələb edirsiniz. Əgər siz öz işinizi düzgün yerinə yetirirsinizsə, onda soruşuram: necə olur ki, bu gün Azərbaycanı tənqid edənlər öz ölkələrinizdə insan haqlarına riayəti təmin etməyə qadir belə deyillər? Azərbaycanı tənqid etməzdən əvvəl, öz ölkəniz haqqında düşünün. Avropa Olimpiya komitələrinin iclasında Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürdü. Bundan sonra bir çox ölkələr Azərbaycanı tənqid etməyə başladılar".

Beləliklə də, aydın olur ki, ədalət tələb edən Avropanın ədalətli olmağa ehtiyacı var. Əks halda fərqli mənzərə formalaşa bilər. Yəni bumeranq effektini Avropanın yadına salmaq istədik...

"Səs" Analitik Qrupu

Digər xəbərlər