PDF Oxu

Araşdırma

  • 7 677

Rusiya -Ermənistan münasibətləri

Rusiya -Ermənistan münasibətləri
Kredit və silah axını davam edir

Yerli və xarici mətbuatın yaydığı məlumata görə, Rusiya Ermənistan ordusunun silahlandırılması ilə bağlı maliyyə vəsaiti ayırıb. Nələ ötən həftələrdə Rusiya ilə Ermənistan arasında bu ölkəyə 200 milyon dollar güzəştli kreditin ayrılması haqqında saziş imzalanıb. Bu məbləğin Ermənistan ordusu üçün müasir silahlar alınmasına xərclənəcəyi açıqlanıb.

Silah satışı Ermənistanın işğalçılıq amilini daha da artırır

Ermənistanın silahlanması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil. Çünki Ermənistan ordusunun aldığı silahlarla dünyada geosiyasi durumun bir qədər ağırlaşmasından istifadə etməklə işğal etdikləri Azərbaycan ərazilərində möhkəmlənməyə çalışırlar. Eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllə nail olmaq istəmədiyinə şübhə yoxdur. Çünki Ermənistan rəhbərliyi anlayır ki, bu yolla Azərbaycanın haqlı olduğu tam sübut olunacaq. Ona görə də o silahlanır və eyni zamanda, süründürməçi mövqe tutur. Rusiya isə daha pis duruma düşür. Məsələ ondan ibarətdir ki, Moskva Ermənistanla Azərbaycan arasında sülh yolu ilə münaqişənin həll edilməsi ilə bağlı saziş imzalayıb. Bu sazişə əsasən Dağlıq Qarabağ problemi danışıqlar vasitəsi ilə həll edilməlidir. Bu halda tərəflərin heç birinin vəziyyəti gərginləşdirən hərəkət etməməsi lazımdır. Tarazlığı pozmamalıdır. İndi isə belə çıxır ki, Rusiya təcavüzkarı silahlandıraraq onu üstün duruma çıxarır və bununla da danışıqlar prosesini çıxılmaz vəziyyətə salır. Qəribəsi odur ki, Ermənistana yeni silahların verilməsi Rusiyanın öz maraqlarına ziyandır. Bu halda Rusiyanın situasiyaya təsir dərəcəsi azalır.

Politoloq Qabil Hüseynli hesab edir ki, hər iki ölkə arasında bağlanan sazişdə siyasi məqsədlər var: "Həyəcanın arxasında Rusiya şirkəti daranır. Elektrik enerjisini qaldıran da Rusiyadır. Vəziyyət elə yaranıb ki, qaldırılan tarifi aşağı endirmək mümkün olmur. Verilən 200 milyondan Ermənistan köhnə borcları silmək üçün istifadə edir. Buradan əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına heç nə qalmayıb. Özü də kredit indi yox, çoxdan verilib. Sarkisyan artıq 200 milyonu xərcləyib. Olsaydı, elektrik enerjisinin qiymətini aşağı endirərdi. Bəzi məlumatlara görə, Ermənistandakı hadisələri qızışdıran, əhalinin ayağa qalxmasına səbəb olan qərar Rusiyanın yuxarı elitasında verilib. Bundan əlavə, ayağa qalxan əhalini sakitləşdirmək, müəyyən çərçivəyə salmaq üçün Rusiya tərəfindən heç bir cəhd edilmir. Üstəlik, Rusiya Sarkisyanı müdafiə etmək istəmir, yaxud hələ ki belə bir qərara gəlməyib. Ona görə də əhali belə qərarlı və qətiyyətli görünür. Onsuz da Rusiyanın hərəkətlərini başa düşmək çox çətindir. Ermənistanda hakimiyyət komandasından qopmalar var. Bu, üsyançıları müdafiə edənlərə baxanda açıq-aşkar görünür. Fikrimcə, hadisələr Qarabağ klanının devrilməsinə doğru gedir. Mənə elə gəlir ki, Qarabağ münaqişəsinin həlli üçün şərait yetişəndə, yaşıl işıq yananda Ermənistanda hadisələr qarışdırılır. Ermənistanda vəziyyətin qarışması Rusiyanın Qarabağ problemini həll etmək iradəsini zəiflədə bilər. Bir sözlə, problemlərin həllinin uzanmasına səbəb ola bilər. Əsas olan budur".

Q.Hüseynli onu da vurğulayıb ki, bu saziş Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyəcək: "Rusiya deyə bilər ki, silah satıram, başqa istiqamətlərdə də sənə kömək edirəm. Yəni tarazlığı gözləyirəm. Açığı, bu məsələni heç Rusiyanın qarşısında qaldırmarıq. Şübhəsiz ki, bizim üçün heç də yaxşı hal deyil. Çünki Ermənistanı xilas edən amildir. Ona görə də bu məsələlər ətrafında siyasi polemika aparmaq olmur".

A.SƏMƏDOVA