Yaxud, Rusiyaya qarşı güclü anti-təbliğata start verən AXCP parlament seçkiləri qabağı Qərbin siyasi sifarişini həyata keçirir
Son vaxtlar "Azadlıq" qəzeti və AXCP sədri Əli Kərimli Rusiyaya qarşı anti-təbliğat kampaniyasına başlayıblar. Bunu həm Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq, həm də Qərbin Rusiyaya olan kinayəsinin reallaşdırılması kontekstində həyata keçirən "Azadlıq" qəzeti və AXCP sədri Ə.Kərimli parlament seçkiləri öncəsi "xidmət" göstərməyə cəhdlər edir. Elə Ə.Kərimli də yaxşı başa düşür ki, hazırda Rusiya ilə Qərbin münasibətlərində bir gərginlik var və o, bu faktordan istifadə edib Qərbdəki dairələrin dəstəyini qazanmaq niyyətindədir. Eyni zamanda, Azərbaycanla Rusiya arasında bütün strateji məsələlərdə ortaq məxrəc tapan iki ölkənin əlaqələri Qərbdəki müəyyən dairələri narahat edir. Bu səbəbdən də, anti-Azərbaycan və anti-Rusiya qüvvələri "Azadlıq" qəzeti və AXCP sədri Ə.Kərimli vasitəsilə məqsədlərinə nail olmağa çalışırlar. Bu işdə də "Azadlıq" qəzeti və AXCP sədri Ə.Kərimli canla-başla onlara xidmət etməyə öhdəlik götürüb.
Təxminən 2011-ci ildən başlayaraq, Rusiya ilə Qərbin münasibətlərində tamamilə soyuqlaşma başladı. Buna səbəb isə Ukraynada baş verən hərbi-siyasi oyunlar oldu. Əlbəttə ki, Yanukoviçi devirmək üçün bütün resurslarını səfərbər edən Qərbdəki qüvvələr bəlkə də, Rusiyanın bu qədər müqavimət göstərəcəyinə əmin deyildi. Lakin sonrakı məlum hadisələrin baş verməsindən sonra Qərb ölkələri və onların "Troya Atı" qismində çıxış edən beynəlxalq təşkilatlar Rusiyaya qarşı sanksiyalar qəbul etdilər. Lakin Qərb bununla da göslənilən nəticəni əldə etmədi. Doğrudur, sanksiyalar və neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatına zərər vursa da, siyasi və geosiyasi məsələlərdə rəsmi Moskva heç kəsə güzəştə getmədi. Əksinə Rusiya beynəxalq aləmdən təcrid olunmamaq üçün Qərbdən asılı olmayan güclü ölkələrlə inteqrasiyanı və əməkdaşlığı artırdı və çətin vəziyyətdən çıxdı. Amma belə bir mənzərə təbii ki, Qərbdəki dairələri razı sala bilməzdi. Ona görə də, Rusiya ilə strateji müttəfiqliyi olan ölkələrdəki "beşinci kolonları" vasitəsilə bu ölkəyə qarşı anti-təbliğat kampaniyasına start verdi. Azərbaycanda isə bu funksiyanı "Azadlıq" qəzeti və AXCP sədri Ə.Kərimli həyata keçirməyə başladı. Onların qarşısına qoyulan əsas vəzifə ondan ibarətdir ki, qəzetin hər nömrəsində təxribat xarakterli materiallar dərc edilsin, ictimai rəydə anti-Rusiya əhvalı yaradılsın. Bu baxımdan, son günlər ərzində "Azadlıq" qəzetində bir sıra təxribat xarakterli materiallar dərc olunub.
Bundan başqa, "Azadlıq" qəzetində və AXCP sədri Ə.Kərimlinin müsahibələrində Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq meyillərini də görürük. Əlbəttə ki, anti-Rusiya kampaniyasına start verən qüvvələr eyni zamanda Azərbaycandan ATƏT-in "qisasını almaq", həmçinin, I Avropa Oyunlarına görə Bakını cəzalandırmaq niyyətini də güdür. Belə bir vəziyyət də əlbəttə ki, "Azadlıq" qəzetinə və AXCP sədri Ə.Kərimliyə də sərf edir. Bir sözlə, Rusiyaya qarşı güclü anti-təbliğata start verən AXCP parlament seçkiləri qabağı Qərbin siyasi sifarişini həyata keçirməklə, müəyyən dəstək almağa cəhd göstərir.
"Səs" Analitik Qrupu