Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas hədəfləri ölkədəki dinamik inkişafın sürətlənməsi, makroiqtisadi sabitliyin möhkəmlənməsi, bölgələrin bərabər şəkildə inkişafının təmin edilməsi, ölkədəki mövcud əmək potensialından istifadə etməklə qeyri-neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi üçün əhəmiyyəti ilə seçilməkdədir. Prezident İlham Əliyev ölkədə iş yerlərinin yaradılması strategiyasını iqtisadi siyasətin əsas təməl nöqtələrindən biri kimi müəyyən edib və bu strateji xətt son 12 ildə dinamik templə davamlı xarakter alıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirdiyi kimi, Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimi iş yeridir: "Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür". Bu davamlı strateji konsepsiya 2015-ci ilin birinci yarısında da mühüm nəticələrlə müşayiət olunub və ötən 6 ay ərzində ölkədə 60 min yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilib.
Respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verib və nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər baş verib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası artıq bütün rayonların iqtisadi, sosial və infrastruktur bölmələrində əhəmiyyətli dərəcədə hiss olunmaqdadır. Yeni iş yerlərinin yaradılması ilə bağlı davamlı tədbirlər öz mühüm bəhrələrini göstərməkdədir. İqtisadi artım, ilk növbədə, istehsalın strukturunun dəyişməsi və yeni rəqabətədavamlı istehsal sahələrinin yaradılması insanların iş yerləri ilə təmin olunmasına imkan yaradır. Bu siyasət sosial məzmun kəsb etməklə işsiz insanların məşğulluğunun həllinə səbəb olmaqdadır. İnsanların işsizliyinin aradan qaldırılması isə ölkə üzrə işsizlik indukatorunun ən aşağı həddə düşməsinə gətirib çıxarmaqdadır. Prezident İlham Əliyevin vurğuladığı kimi bütün bölgələrdə, rayonlarda baş verən inkişaf, canlanma, iqtisadi aktivlik, sənaye müəssisələrinin yaradılması son nəticədə işsizlik probleminin həllinə səbəb olur.
Yeni iş yerlərinin yaradılması ilə bağlı siyasət ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına zəmin yaratmaqla bərabər, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin artmasına və yoxsulluğun azalmasına impuls verməkdədir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci və ikinci proqramlarda olduğu kimi, 2014-2018-ci illəri əhatə edən proqramın da əsas xüsusiyyətlərindən biri yeni müəssisələrin və iş yerlərinin yaradılması ilə bağlıdır. Yeni Dövlət Proqramının icrasının nəticələri onu göstərir ki, yeni yaradılmış iş yerlərinin böyük əksəriyyəti yenə də bölgələrin payına düşür. İş yerlərinin yaradılması ilə bağlı strategiya birbaşa regional məzmun kəsb etdiyindən insanların məşğulluğu da birbaşa bölgələri əhatə edir. Yəni hazırda insanların daha çoz iqtisadi fəallığı rayonlarda nəzərə çarpır, bu da, birbaşa iri sənaye, aqrar-sənaye, emal komlekslərinin regionlarda yerləşməsi ilə bağlıdır.
Ümumiyyətlə, yeni iş yerlərinin bölgələrdə yaradılması sosial məna daşımaqla yanaşı, infrastruktur layihələrinin paytaxtadan bölgələrə daha çox yönlənməsinin təmin edir, insanların rayonlara axınını sürətləndirir, həm də, ictimai faktor olaraq Bakı şəhərinin yüklənməsinin qarşısını alır. İnsanların bir neçə il əvvəl işləmək üçün daha çox paytaxta axını baş verirdisə, indi sənayeləşmənin geniş vüsət alması ilə əlaqədar olaraq Gəncə, Zaqatala, Şəki, Qəbəbə, Quba, Balakən, Lənkəran, İsmayıllı, Xaçmaz, Şirvan, Şamaxı kimi bölgələrə axın yüksəlir. Bu şəhərlərdə, eyni zamanda, onların yaxınlığındakı rayonlarda iri sənaye komplekslərinin inşası insanların işlə təmin olunması fonunda ümumi işsizlik probleminə son qoyulmasına töhfə verir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda yaradılan iş yerlərində, sinerji layihələrində transmilli və xarici şirkətlərin də rolu artır. Ümumiyyətlə, bu gün respublikamızın güclü siyasi sabitlik və sosial-iqtisadi inkişaf göstəriciləri, digər amillər xarici investorların sənayeləşmə, texnopark quruculuğu, aqroparkların yaradılması və iri layihələrin həyata keçirilməsi proseslərində aktivliyinə səbəb olub. Ölkədə bütün investorlar üçün azad və şəffaf rəqabət şəraitinin təmin edilməsi Azərbaycan hökumətinin başlıca prioritetlərindən biridir. Son illərdə biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər ölkədə həyata keçirilən iqtisadi islahatların və davamlı siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Dünya təcrübəsinə əsasən, hər bir ölkədə xarici iş adamlarının yüksək aktivlik göstəricisi həmin ölkənin biznes mühiti ilə sıx bağlıdır. Bu mənada Azərbaycanda xarici investorların fəaliyyətinə geniş şərait yaradılması respublikamıza sərmayə qoyuluşlarının artmasına, yeni mühüm sənaye obyektlərinin yaranmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulub.
Ötən müddətdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında" qanunların icrası, eləcə də Azərbaycanla bir sıra xarici dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin qüvvəyə minməsi xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların ölkəmizə olan marağının daha da artmasına əsaslı zəmin yaradıb. Onların Azərbaycanda yeni müəssisələr açmaq istəyinin reallaşması məşğulluq proqramında mühüm seqmentə çevrilib. Nəticədə, minlərlə iş yerlərinin yaradılmasında xarici sərmayəçilərin fəallığı da artır.
"Səs" Analitik Qrupu