PDF Oxu

Araşdırma

  • 3 295

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 25152 nəfərdir

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 25152 nəfərdir

Bu xəstəliyə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcmi genişlənib

Müasir dövrümüzdə bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstəliyinə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam etməkdədir. Şəkərli diabet xroniki xəstəlik olmaqla yanaşı, böyük xərclər tələb edən, ağır fəsadlarla müşayiət olunan xəstəlikdir. Bu xəstəliyin tarixi qədim olsa da. yayılma faizi bugünkü qədər olmamışdır.

Müasir dövrümüzdə bu xəstəliyə düçar olan insanlara dövlət tərəfindən xüsusi qayğı və diqqət var. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına görə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcmi genişlənmişdir. Hazırda bu xəstəlikdən əziyyət çəkən hər bir vətəndaş dövlət tərəfindən inyeksiya vasitələr, insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri və s. ilə pulsuz olaraq təmin edilirlər. Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə də şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı layihəyələr də həyata keçirilir. Mövcud olan layihələrlə bağlı aztəminatlı ailələrdən olan şəkərli diabeti olan uşaqlara şpris-qələmdən ibarət Apidra insulin preparatı ilə təmin olunublar. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini davam etdirir. Bundan əlavə, BMT-nin təşəbbüsü ilə 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondu Dünya Diabet Kampaniyasına qoşulub. Fondun dəstəyilə sosial qayğıya ehtiyacı olan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixo-sosial reabilitasiya yay məktəbi də təşkil edilir.

"2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" əsasında isə bu xəstəliklə bağlı daha geniş tədbirlər reallaşır. Belə ki, Tədbirlər Proqramına görə, profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlib.

Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsi genişləndirilir. Xəstələr insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilir.

Görülən işlərin davamı olaraq şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələri də təşkil olunur. Eyni zamanda ölkəmizdə "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi "Diabet Məktəblərinin təşkili" layihəsi həyata keçirilir. Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır.

"Şəkərli diabet üzrə Dövlət Proqramı" çərçivəsində aparılan tədbirlər nəticəsində, şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmışdır. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi iki dəfədən çox azalmış və 21,7-dən 9,2-yə enmişdir (hər 100 000 nəfər əhaliyə).

Dövlət tərəfindən diabetli xəstələrə qayğı və həssaslıqla yanaşılsa, da Azərbaycanda diabet xəstələrin sayının artdığını bildirməliyik. 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan şəkərli diabet xəstələrin sayı cəmi 25152 nəfərdir. Onlardan 21381 nəfəri insulindən asılı olmayan xəstələrdir. İnsulindən asılı olanların sayı isə 3576 nəfərdir.

Statistik rəqəmlər ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, 2000-ci ildə ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınan diabet xəstələrin sayı 5792 nəfər olub. Bu statistik rəqəm diabet xəstəliyinə düçar olan insanların sayının artdığını isbat edir. Qeyd edək ki, hazırda dünyada 250 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Çox böyük sürətlə inkişaf edən xəstəliyin qarşısı alınmazsa, 2025-ci ildə bu xəstəliyə yoluxanların sayı 386 milyona yüksələcək və 2190-cı ildə bütün dünyada yaşayan insanlar şəkərli diabetə düçar olacaqlar. Onu da vurğulayaq ki, şəkərli diabet genetik xəstəlik olsa da, vaxtında aşkarlanarsa, müalicəsi effektli olar.

NƏZAKƏT

Digər xəbərlər