Qədim dövlətçilik tarixi olan Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ötən əsrin 70-80-ci illərində Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanın da sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülmüşdür. Heydər Əliyevin rəhbərliyi ilə 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl respublikalardan biri olan Azərbaycanda böyük sosial quruculuq işləri aparılırdı və bu inkişaf Naxçıvandan da yan ötmürdü. Azərbaycan müstəqillik qazandıqdan sonrakı mərhələdə də 1993-cü ildən başlayaraq ölkəmizdə sürətli inkişaf dövrü yaşanır və müstəqilliyimizin banisi Heydər Əliyevin inkişaf strategiyası Naxçıvanın da sürətli inkişafına təsir göstərir. Bu gün Naxçıvanın bütün sosial, iqtisadi, infrastruktur və hərbi məsələləri yüksək səviyyədə öz həllini tapır. Müasir dövrümüzdə Naxçıvan müasir şəhərə çevrilib. Naxçıvan Muxtar Respublikasının çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir. Naxçıvan uğurla inkişaf edir. Bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin edilir.
SOSİAL-İQTİSADİ İNFRASTRUKTURUN YARADILMASI VƏ İNKİŞAFI İSTİQAMƏTİNDƏ QLOBAL TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Bu gün Naxçıvan Muxtar Respublikası yeni sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoymuşdur. Müstəqil Azərbaycan Respublikasının ayrılmaz bir hissəsi olan muxtar respublikada sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı istiqamətində qlobal tədbirlər həyata keçirilib. Naxçıvanda iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar cari ildə də özünü büruzə verib. Statistik rəqəmlərə əsaslanaraq deyə bilərik ki, təkcə bu ilin altı ayı ərizində ümumi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5,5 faiz artaraq 1 milyard 86 milyon 578 min manat təşkil etmiş, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 6,1 faiz artaraq 2465 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 32,1 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 60,8 faiz təşkil etmişdir.
MUXTAR RESPUBLİKADA TƏHSİLİN SƏVİYYƏSİ DAHA DA YÜKSƏLDİLİR
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri də davam etdirilir. Cari ilin ötən dövrü ərzində Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu yaradılmışdır. Mərkəzdə universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülmüş, tədris planları və mühazirələrin elektron bazası yaradılmışdır. Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmış, hazırda təhsil ocağında inşa işləri davam etdirilir. Bu il ərzində Ordubad şəhərində 810 şagird yerlik 3 nömrəli tam orta məktəb binasının tikintisi, Şərur rayonunda Kürkənddə 198 şagird yerlik, Babək rayonunun Qoşadizə kəndində 360 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, Şərur rayonunda Cəlilkənddə 270 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri başa çatdırılmışdır. Şərur rayonunun Axaməd, Babək rayonunun Xalxal və Xəlilli, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Gal, Saltaq və Qızılca, Şahbuz rayonunun Daylaqlı kəndlərində məktəb binalarının və Şərur şəhərində 2 nömrəli məktəb binasının tikintisi, Babək rayonunun Nehrəm kəndində 2 nömrəli, Şərur rayonunun Kürçülü və Oğlanqala, Ordubad rayonunun Tivi, Kəngərli rayonunun Yurdçu kəndlərində məktəb binalarının yenidən qurulması isə davam etdirilir.
SƏHİYYƏ MÜƏSSİSƏLƏRİ MÜASİRLƏŞİR
Bu gün Naxçıvanın rayon mərkəzlərində artıq müasir tibb məntəqələri vardır. Naxçıvanda diaqnostika mərkəzi, doğum mərkəzi tikilib. Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində feldşer-mama məntəqələri, Şərur rayonunda Cəlilkənddə həkim ambulatoriyası fəaliyyətdədir. Sosial layihələr çərçivəsində görülən işlər əhalinin sağlamlıq və rahatlığının təminatında əhəmiyyətlidir.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında ünvanlı dövlət sosial yardımlarının verilməsini də vurğulamalıyıq. 2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 692 min 19 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,6 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğundur. Bununla yanaşı olaraq, muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Cari ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 57 milyon 21 min manatdan çox vəsait yönəldilmişdir.
MƏDƏNİYYƏT OBYEKTLƏRİNİN İNŞASI VƏ BƏRPASI DAVAMLI XARAKTER ALIB
Naxçıvan Muxtar Respublikasında maddi və mənəvi dəyərlərimizin qorunması və təbliği diqqətdə saxlanılaraq, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter alıb. 2015-ci ilin yanvar-iyun aylarında Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin tikintisi, mədəniyyət evinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası, məscidin təmiri başa çatdırılıb. Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin tikintisi, Naxçıvan şəhərində Möminə Xatın türbəsinin, Culfa rayonunda Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilir, Əziz Əliyev küçəsində parkın tikintisi başa çatdırılıb. Naxçıvan şəhərində və Şərur rayonunda Kürkənddə məscidlərin tikintisi, Şərur rayonunun Xanlıqlar kəndində İmamzadənin bərpası davam etdirilir.
Bu gün bütün sahələrdə əldə edilmiş yüksək göstəricilər, davam etdirilən məqsədyönlü tədbirlər muxtar respublikanın dinamik inkişafının göstəricisidir.
NƏZAKƏT