PDF Oxu

Araşdırma

  • 2 169

Leyla Yunus kimilərin qanunla cəzalanması sosial-ictimai sifarişdir

Leyla Yunus kimilərin qanunla cəzalanması sosial-ictimai sifarişdir

Yaxud Leyla Yunus kimilərin əsas fəaliyyəti maddi maraqlarından irəli gəldiyindən onlar üçün milli maraqlar, xalqın mənafeyi anlayışı heç bir məna kəsb etmir

Xəbər verdiyimiz kimi, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa hökm oxunub. Məhkəmənin qərarı ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Axır ki, haqq-ədalət öz yerini tapıb.

Bu fakt bir daha sübut etdi ki, əvvəli məlum olan kəsin sonu da başqa cür ola bilməzdi. Bütün həyatı boyu satmağı və satılmağı həyat fəlsəfəsinə çevirən Leyla Yunusun bu xisləti hələ 1992-1993-cü illərdə - Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, onun Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik etdiyi dövrdən bəlli idi. Həmin zamanlardan bəri davam edən "fəaliyyətini biznesə çevirmiş" Leyla Yunus erməni qohumları və dostları hesabına daha da genişləndirmişdi. Laura Baqdasaryan, David Şahnazaryan (Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri), Riçard Kirakosyan (Vaşinqton), Qrant Baqratyan (keçmiş nazir, indiki deputat), Vaaqn Xaçaturyan (Yerevanın sabiq meri), Arnold Stepanyan, Marina Karapetyan (erməni diasporunun nümayəndələri), İqor Martirosyan (Ermənistan XİN), Lilit Petrosyan (Vaşinqton), Mari Titizyan (Kanada), Karine Stepanyan, Dağlıq Qarabağ separatçısı Samvel Babayan kimi məşhur ermənilərdən dəstək alan Leyla Yunusun müxtəlif ağır cinayətlərdə ittiham olunaraq həbs edilənlər üzərində qurduğu "siyasi məhbus" biznesi günü-gündən böyümüşdü. Əlbəttə ki, bunların arxasında xarici ölkələrdə, xüsusilə də Avropada bahalı malikanələr, lüks villalara yatırılan pullar dayanırdı. Məhz keçirilmiş məhkəmə prosesində bu vəsaitin haradan əldə olunmasına aydınlıq gətirildi.

Belə ki, L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Leyla Yunusun Rusiya Dövlət Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibətləri də olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Artelis Servis" və "Hayqrov Konstaltinq Servis" kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. L.Yunus Ermənistanın "Region" Araşdırma Mərkəzi ilə birgə layihə həyata keçirib, "İctimai dialoqlar" adlanan saytda Azərbaycana qarşı qara piar kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma "DQR" müstəqil "dövlət" kimi qələmə verilib.

Daim Vətənə xəyanətdə təqsirli bilinən, bu fəaliyyətlərinə görə ictimai qınaqla üz-üzə qalan Leyla və Arif Yunuslar bu gün özlərinə nə qədər haqq qazandırmağa çalışsalar da, faktların qarşısında və onları ört-basdır etməyin mümkünsüzlüyünü gördükdə, acizliklərinin şahidinə çevrildilər. Artıq bu reallığın bir daha şahidi oldular ki, yalanın həqiqət üzərində qələbəsi qeyri-mümkündür.

Məhkəmə prosesi eyni zamanda digər məqamların açıqlanmasına da yardımçı oldu. Yunusların erməni sevgisinə bir daha işıq salındı. Belə ki, Arif Yunusun anası erməni, atası isə qarışıq dağıstanlıdır. L.Yunusun isə anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Göründüyü kimi, onları milli zəmində Azərbaycanla bağlayan heç bir amil mövcud deyil. Artıq bu fakt onların ermənilərlə qohumluqlarının hansı səviyyədə olduğuna aydınlıq gətirir. Ayrı-ayrı ölkələrdə erməni qohumlarının olmasından məmnun olan Yunusların erməni müdafiəçisi qismində çıxış etmələrinin səbəbləri bir daha aydınlaşdı. Bu fakt da açıqlandı ki, Leyla Yunusun erməni qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir. "Sülh və Demokratiya İnstitutu"nun direktorunun işbirliyində olduğu xarici dairələrin kimliklərinə diqqət yetirdikdə də bu faktın onların əməkdaşlığında oynadığı rol özünü qabarıq şəkildə büruzə verir. L.Yunus fəaliyyətinin bütün dövrlərində ermənilərlə və erməni diasporu ilə birgə əməkdaşlığa xüsusi önəm verib. Dolayısı ilə olsa da fəaliyyətində bu işartı hər an sezilib. Xatırladaq ki, Əkrəm Naibovun "Daş yuxuları"nın əsas dəstəkçilərindən biri məhz Leyla Yunus olub. O, Azərbaycan xalqına, mədəniyyətinə, nifrətini gizlətmir, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə kimi qiymətləndirir.

Bir sözlə, Leyla Yunus kimilərin əsas fəaliyyəti maddi maraqlarından irəli gəldiyindən onlar üçün milli maraqlar, xalqın mənafeyi anlayışı heç bir məna kəsb etmir. Bu səbəbdən də, onların qanun qarşısında cəzalarını almasını social-ictimai sifariş də adlandırmaq olardı.

"Səs" Analitik Qrupu

Digər xəbərlər