Yaxud Əli Kərimli siyasi hakimiyyətə gəlmək üçün terrorçularla da əməkdaşlıq etməyə hazırdır
Terrorizm bütün dünya ictimaiyyətini narahat edən qlobal problemdir. Azərbaycan da terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur. Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, sivil şəxslər ziyan çəkir. Amma görünür, terrorizm Əli Kərimli kimi antimilli ünsürlər üçün məqsədinə çatmaq vasitəsidir.
Aydındır ki, AXCP sədri Əli Kərimli ölkəmizin beynəlxalq nüfuzuna zərbə vuranlardan biri kimi antimilli proseslərdə daha çox aktivlik nümayiş etdirir. Azərbaycanı güclü dövlət kimi görmək istəməyən xarici qüvvələrin əlində ucuz vasitəyə çevrilən AXCP sədrinin anti-Azərbaycan xidmətlərindən elə həmin qüvvələr böyük acgözlüklə istifadə edirlər. Onun maddi maraqlarını təmin etmək üçün istənilən antimilli razılaşmaya gedəcəyi hər kəsə bəllidir. Hətta o, şəxsi mənafeyi naminə gəncləri küçələrə, qanunsuz mitinqlərə çağırır, bir qrup insanı dövlət əleyhinə yönəltməyə cəhd edir.
Bu azmış kimi ən yaxın qohumu əmisi oğlu İnqilab Kərimov öz "Facebook" səhifəsində insanlığa qənim kəsilən terrorçu təşkilatı "İŞİD"-ə açıq-aşkar dəstək verən status paylaşıb. Statusunda dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən terror qruplaşması kimi tanınan "İŞİD"-ə müraciət edən İ.Kərimov onu Azərbaycana dəvət edib: "İŞİD heç də hər adamın başını kəsmir... "İŞİD" adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir... "İŞİD" adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir... Azərbaycana XOŞ gəlirsən, "İŞİD"...".
Məlumat üçün bildirək ki, AXCP-nin rəhbərliyində təmsil olunan İ.Kərimov hazırda Fransada yaşayır. O, AXCP sədrinin əmisi oğlu olması ilə yanaşı, onun mühacirət biznesindəki ortağı da sayılır. Vurğulamaq lazımdır ki, terrora çağırış olan bu statusu bir sıra AXCP üzvləri də bəyəniblər. Bu isə bir daha həmin partiyanın, eləcə də onun rəhbərliyinin sabitliyə qənim kəsildiyini, xalqımıza, dövlətimizə qarşı kinlə silahlandığını göstərir.
Terrora çağırış edən İ. Kərimovla əmisi oğlu Əli Kərimli eyni ideologiyaya xidmət göstərirlər. Əslində, AXCP-nin, həmçinin onun sədri Əli Kərimlinin Azərbaycan dövlətinə və xalqına qarşı münasibəti heç də öz əmisi oğlunun mövqeyindən fərqlənmir. Antimilli ideologiyanın daşıyıcıları olan bu iki əmioğlunun siyasi fəaliyyətlərinin mahiyyəti məhz terrorizmə, dağıdıcılığa, xaosa söykənir.
Göründüyü kimi, bütün bəşəriyyət bu dəhşətli bəla ilə mübarizə apardığı halda AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov sosial şəbəkələrdə yazdığı statusla terrora haqq qazandırır, "İŞİD"-ə dəstək verərək onu ölkəmizə dəvət edir.
Şəxsi mənafeyi, kreslo, hakimiyyət naminə ən ali dəyərləri qurban verməyə, ölkəni qan çanağına çevirməyə hazır olan Ə.Kərimli özü bir vaxtlar yazırdı ki, bir qrup radikal silahlı hakimiyyəti devirəcək. Bütün bunlar təsdiq edir ki, AXCP sədri Ə.Kərimli və onun marginal dəstəsi İ.Kərimov kimi "İŞİD" sevdalısıdır. Bu məqamda AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənlinin təşkilatçılığı ilə 2014-cü il oktyabrın 12-də "Məhsul" stadionunda keçirilən mitinqi də xatırlamaq yerinə düşər. Məhz həmin mitinqdə iştirakçılar "İŞİD"-in bayrağını qaldıraraq ona olan rəğbətlərini açıq-aşkar göstərmişdilər. Məhz Ə.Kərimli və onun üzdəniraq əmisi oğlu İ.Kərimov kimilər istəyirlər ki, "İŞİD" kimi qaniçən quldur dəstələri nəinki Şərqi, hətta bütün dünyanı viranə qoysun.
Beləliklə də, aydın olur ki, piketdə "İŞİD"-in bayrağını qaldıranlar bu dəfə terror təşkilatını Azərbaycana dəvət edirlər. Görünür, Əli Kərimli siyasi hakimiyyətə gəlmək üçün terrorçularla da əməkdaşlıq etməyə hazırdır. Ə.Kərimli və onun əmisi oğlu İ.Kərimovun "İŞİD"-ə bu cür sevgi və maraq göstərməsi bir daha göstərdi ki, onlar terror sevdalısıdırlar. Bu şəxslər hər zaman ölkədə qarşıdurma yaratmaq üçün bütün vasitələrə əl atıblar. Bunun yeganə səbəbi isə həmin şəxslərin "bulanıq suda balıq tutmaq istəyi"dir. Yəni Azərbaycanda siyasi böhran arzusunda olanlar hər hansı bir qarşıdurmadan istifadə edərək öz istəklərini, məramlarını həyata keçirmək, satqınlıq, xəyanət qarşılığında maddiyyat qazanmaq arzusundadırlar.
"Səs" Analitik Qrupu