Lakin hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutmuş "Human Rights Watch", "Amnesty İnternational" və digər beynəlxalq təşkilatlar azərbaycanlı jurnalistin ölümü ətrafında ajiotaj yaratmağa cəhdlər göstərdiyi bir vaxtda, ABŞ-da canlı yayımda iki jurnalistin qəsdən qətlə yetirilməsinə susur
ABŞ üçün "Demokratiya - qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır..."
Xəbər verdiyimiz kimi, ABŞ-ın Vircinya ştatında iki jurnalist canlı televiziya yayımı zamanı qətlə yetirilib. Verilən məlumatlara görə, WDBJ7 TV-nin 24 yaşlı müxbiri Alison Parker və 27 yaşlı operator Adam Ward Bedford əyalətində müsahibə zamanı öldürülüb. Canlı yayım zamanı güllə və müsahibin qışqırıq səslərini eşitmək mümkün olub. Polisin bildirdiyinə görə, onlar hadisəni araşdırırlar və hələ də şübhəli şəxsi axtarırlar.
Ekspertlərin sözlərinə görə, ABŞ-da söz azadlığına qarşı hücumlar, jurnalistlərin qətlə yetirilməsi adi hala çevrilməkdədir. Təəssüf doğurucu məqam ondan ibarətdir ki, jurnalistlərin ölümünə heç kəs reaksiya vermədi. Halbuki Azərbaycanda məişət zəminində baş vermiş mübahisə zamanı döyülmüş, lakin sonradan xəstəxanada dünyasını dəyişmiş jurnalistin vəfatını istər ABŞ, istərsə də, Avropa institutları qlobal problemə çevirməyə cəhd göstərirdilər. Hətta hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutmuş "Human Rights Watch", "Amnesty İnternational" və digər beynəlxalq təşkilatlar azərbaycanlı jurnalistin ölümü ətrafında ajiotaj yaratmağa cəhdlər göstərdikləri bir vaxtda, ABŞ-da canlı yayımda iki jurnalistin qəsdən qətlə yetirilməsinə susurlar. Amma biz bir daha ABŞ-dakı insan hüquqları və söz azadlığının vəziyyətinə güzgü tutmaqla problemləri həmin qərəzli təşkilatların diqqətinə çatdırmaq istədik. Çünki dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ ilk növbədə elə öz sərhədləri daxilində demokratiyanın bərqərar olmasına, insan hüquqlarının qorunmasına çalışmalıdır. Hər kəs bilməlidir ki, XXI əsrdə ABŞ-da hələ də ağ və qaralara qarşı münasibətdə ciddi problemlər qalmaqdadır. Problem o qədər kritikdir ki, Obamının prezident seçilməsi belə bu ölkədə irqi ayrı-seçkiliyin aradan qaldırılmasına kömək etməyib. Əgər həqiqətən də ABŞ təqdim edildiyi kimi demokratik ölkədirsə, nə üçün bu ölkə insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskriminasiyaya və insanların oğurlanmasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməyib? ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-ü ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan edib.
Həmçinin, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20 faizini ksenofob adlandırmaq olar. Təxminən o qədər də amerikalının düşüncəsinə görə, islam dininin daşıyıcılarının bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz. Eyni zamanda, ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyət narahatlıq doğurmaya bilməz. Ölkənin 15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsi yasaq deyil. Onlara cəza verilərkən yeməkdən məhrumetmə, naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq vasitələrindən istifadə olunur.
Ən dəhşətlisi də odur ki, ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur. Məsələn, bir neçə il öncə ABŞ-da bir qrup senator Amazon.com-u, Wikiliksi özünün serverlərindən çıxarmağa məcbur etdi. Elə həmin tarixlərdə Barak Obama administrasiyası dövlət qurumları və təhsil müəssisələri işçilərinin Wikiliksdən istifadəsini yasaqladı.
2012-ci ilin yanvar ayında "Sərhədsiz repartyorlar" təşkilatının ekspertləri bu sahədə ABŞ-ın reytinqini 27 bənd üzrə aşağı salıblar. 2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanıb. "Uol-Striti zəbt et" hərəkatının aksiyalarını işıqlandıran jurnalistlərə və nümayişçilərə qarşı polisin qəddar davranışına cavab olaraq, ABŞ-ın bu sahədə beynəlxalq reytinqi aşağı salınıb. Həmin dövrdə 80-dən artıq jurnalist polisin qəddar davranışının hədəfində olduğu elə ABŞ-ın öz KİV-nin yaydığı məlumatlardan da bəllidir.
Bununla belə, Çin Xalq Respublikasının "2013-cü ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı 2014-cü ildə yaydığı hesabat"da qeyd olunur ki, ölkədə bu sferada vəziyyət getdikcə pisləşməkdədir. Hesabatda vurğulanır ki, ABŞ bu günədək uşaq, ana və əlillərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmamışdır. Hesabatda göstərilir ki, ABŞ xüsusi xidmət orqanlarının uzun müddət ərzində PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq hüquq və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada xüsusi olaraq vurğulanır ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində pilotsuz uçuş aparatlarından istifadəsi dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunub. O cümlədən 2004-cü ildən Pakistanda ABŞ pilotsuz təyyarələri 376 uçuş həyata keçirib və nəticədə 926 nəfər dinc insan həlak olub. Elə bu yerdə ABŞ-ın yaradıcılarının fikirləridə yerinə düşür. Bencamin Franklin deyirdi ki, ABŞ üçün "demokratiya - qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır...". Təbii ki, bu halda "demokratik" səsvermə nəticəsində 2/1 nisbətində quzunun "hüquqları qorunmaqla", "demokratik yolla" qurdun həzmi-rabiyyəsindən keçəcəkdir.
Eyni zamanda, xatırladılmalıdır ki, ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştatlarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilib. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar. Bunların təsdiqi kimi, Texas ştatının prokuroru Qreq Ebbotun bəyanatını misal gətirə bilərik. Prokuror ATƏT DTİHB-in tərkibində olan müşahidəçilərin seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq etmişdi. Həmin qurumun rəhbərinə prokurorun ünvanladığı məktubdakı aşağıdakı fikirlər xüsusi olaraq diqqəti cəlb edir: "Əgər ATƏT-in üzvləri öz demokratik sistemlərini yaxşılaşdırmaq üçün ABŞ seçki hüququ haqqında daha çox öyrənmək istəyirlərsə, bu halda Texas hakimiyyəti ilə müzakirələr aparmalıdırlar. ABŞ-ın hüdudları kənarından gəlmiş qrup və ya ayrı-ayrı şəxslərin bizim seçki prosesinə təsir etmək və ya ona müdaxilə etmək hüququ yoxdur." DTİHB-in seçki prosesində şəxsiyyət vəsiqələrindən istifadənin vacibliyi ilə bağlı iradına Texas prokurorunun orijinal cavabına diqqət yetirək: "ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir."
Bir sözlə, görünən odur ki, ABŞ-ın haqqında təqdim olunanlar əsl reallığa tərs mütənasibdir. Öz gözündə "tiri" görməyən ABŞ başqalarının gözündə "tük" axtarır və qısa zaman ərzində "demokratiyanın triumfunu" tələb edir. ABŞ unutmamalıdır ki, təkcə konstitusiyanı qəbul etmək üçün ona 11 il, ölkəni köləlikdən azad etmək üçün 89 il, qadınlara səs hüququ vermək üçün 144 il və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik zaman kəsiyi lazım olub. Halbuki Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ elə Azərbaycanda verilib. Bu da onu göstərir ki, demokratiya məhsul deyil, o, xalqın ruhunda cəmləşərək reallaşır. Ona görə də, silahlı zor tətbiq etməklə demokratiya olmur və təəssüf ki, demokratik dövlət quruculuğu yolunda atdığı bütün bu geçikmiş addımlar belə ABŞ-ı demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevirə bilməyib.
Düşünürük ki, son olay - iki jurnalistin canlı yayımda qətlə yetirilməsi bir daha həm ABŞ, həm də dünya üçün mesaj oldu. Artıq hər kəs bilməlidir ki, ABŞ təqdim edildiyi kimi demokratik ölkə deyil, o da müəyyən inkişaf mərhələsindədir.
"Səs" Analitik Qrupu