Yaxud Arif Hacılı-İsa Qəmbər cütlüyünə qarşı partiyadaxili yeni narazılıq dalğası başlaya bilər
Artıq son müddət ərzində Azərbaycanın radikal müxalifət partiyaları daxilində ciddi siyasi fikir ayrılıqlarından dolayı parçalanmalar, kütləvi istefalar baş verir, hətta partiyadan çıxan müxalifətçilər "hüquqi çevriliş" yolu ilə partiyanı indiki sədrlərin əlindən almağa çalışırlar. Belə bir vəziyyət, əlbəttə ki, özünü Əli Kərimlinin "sədrlik etdiyi" AXCP-də göstərir. Belə ki, AXCP sədrinin sabiq müavini Razi Nurullayev "biz hüquqi və digər vasitələrdən istifadə edərək, onu partiya sədrliyindən uzaqlaşdıracağıq. Hüquqi yolla möhürü onun əlindən almaq niyyətindəyik" - deyə bildirib. Məhz AXCP-də baş verənlər yavaş-yavaş Müsavat partiyasına da sirayət edir. Artıq bunun ilkin siqnalları da daxil olmaqdadır.
Belə ki, Müsavat partiyasının Binəqədi rayon təşkilatının Dərnəgül özəyinin sədri və şura üzvü istefa verib. Bunu partiyanın təşkilat şöbəsinin müdiri, divan üzvü Razim Əmiraslanlı da təsdiq edib. O deyib ki, partiya özək sədri Arif Əziz barəsində tədbir görməli idi. Çünki onun fəaliyyətində nizamnamə pozuntusu var idi və bu barədə Nəzarət-Təftiş Komissiyasına müraciət olunmuşdu. O, partiyadan xaric olunacağını bildiyi üçün əvvəlcədən istefa verib. Digər üzv Hümbət Məmmədli isə səhhəti ilə bağlı istefa verib. Partiyadan istefa verənlər isə Razim Əmiraslanlının dediklərini təkzib ediblər. Sosial şəbəkədəki statuslardan bəlli olur ki, onlar Vurğun Əyyubun Müsavat partiyasından qeyri-qanuni çıxarılmasına etiraz olaraq partiyadan istefa veriblər.
Qeyd edək ki, hələ 2014-cü ilin sentyabrında böyük qalmaqallarla yadda qalan qurultaydakı başqan seçkiləri zamanı başlamışdı. Qurultayda Arif Hacılının saxtakarlıqla başqan seçilməsinə qarşı yönələn etirazlar və istefalar pik nöqtəsinə çatmışdı. Qurultaydan sonra Müsavatın tanınmış üzvləri bu təşkilatla yollarını ayırdılar. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu qurultaydakı seçkilərə etiraz edərək Müsavatdan istefa verərək Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaratdı. Arif Hacılının partiyadakı əleyhdarlarının böyük əksəriyyəti Q.İbadoğlunun yeni təşkilatına üzv oldular.
Qurultaydan sonra Müsavatın qurucularından olan Vurğun Əyyubun təşkilatdan çıxarılması ilə istefalar yeni müstəviyə keçdi. Məclis üzvü Arifə Hüseynli yeni başqan Arif Hacılının müsavatçılara olan şəxsi kin-küdurətinə, avtoritar idarəetmə üsuluna, saxtakarlığına etiraz edərək təşkilatdan istefa verdiyini bəyan etdi. V.Əyyubun partiya sıralarından çıxarılması təşkilat daxilində narazılıqları daha da artırdı, Müsavatın tanınmış üzvləri Adil Qeybulla, İbrahim İbrahimli, Boran Əzizli və bir çox üzvlər təşkilatdan istefa verdilər.
O zaman Müsavat partiyasının gənclər təşkilatında da qalmaqallar yaşandı. Belə ki, gənclər təşkilatına sədr seçkisi zamanı seçkinin saxtalaşdırıldığını iddia edən 8 gənc partiyadan uzaqlaşdırıldı. Daha sonra Müsavat partiyası qadınlar birliyinin sabiq sədri Ellada Məmmədli və təşkilatın 11 qadın üzvü istefa verdi.
Qurultaydakı saxtakarlıqlara çox kəskin şəkildə etiraz edən Səxavət Əlisoyun qohumları da Müsavatdan çıxdılar. Müsavatdan çıxarılan, Azərbaycan Demokratiya və Rifah Hərəkatının idarə heyətinin üzvü Səxavət Əlisoy öz tərəfdarlarının istefasına haqq qazandıraraq bunu şərəf məsələsi ilə əlaqələndirdi: "Kimsə nəsə axtarmağa cəhd etməsin. Məni absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalması şərəf məsələsi idi. Belə bir paradoksal durumda "Şərəfsizlər üçün şərəfin dəyəri olmur" deyiminə inandığım üçün Əlisoyların 7 nəfər üzvünün Müsavat partiyasından istefa etdiyini açıqlayıram".
Müsavatın digər üzvü Samir Kazımlının istefası da bu zəncirvari prosesdə bir həlqə idi. Onu da demək lazımdır ki, S.Kazımlı istefa verməzdən əvvəl Müsavatın bir partiya kimi fəaliyyətsizliyinə, dağıdıcılığına, o zamankı başqan İsa Qəmbərin və dəstəsinin "ikili", "üçlü" oyunlarına, saxtakarlıqlarına etiraz etmişdi. S.Kazımlı demişdir ki, partiyanın daxilində təşkilatçılıq işləri çox zəifdir və bu problemin aradan qaldırılmasına ümidləri də azdır. İstəyirsən partiyaya 100 yox, 200 illik partiya de, amma bu, belədir. S.Kazımlı vurğulamışdı ki, o, 10 ildən çoxdur ki, bilmir ki, üzv olduğu rayon təşkilatının sədri, sədr müavini, özək sədri və üzvləri kimdir. Yəqin ki, onlar da bilmirlər ki, təşkilatda S.Kazımlı adlı üzv vardır. Bir sözlə, heç kim heç kimi itirib axtarmır.
Göründüyü kimi, bu gün Müsavat partiyasında da vəziyyət ağırdır. Təhlillər onu göstərir ki, Müsavatı da AXCP-nin aqibəti gözləyir. Bundan irəli gələrək demək olar ki, Arif Hacılı-İsa Qəmbər cütlüyünə qarşı partiyadaxili yeni narazılıq dalğası başlaya bilər.
"Səs" Analitik Qrupu