PDF Oxu

Araşdırma

  • 2 310

Humanitar böhran Qərbin neomüstəmləkəçi siyasətinin nəticəsidir

Humanitar böhran Qərbin neomüstəmləkəçi siyasətinin nəticəsidir

Yaxud böyük miqrant kütləsi Avropanın sabit və rifahlı inkişafını sual altında qoyur

Prezident İlham Əliyev: "İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir"

Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Dünyada dərin iqtisadi və maliyyə böhranı xüsusilə Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Eyni zamanda, dünyada təkqütblü dünya nizamını formalaşdırmaq istəyən imperialist qüvvələrin geostrateji maraqları naminə apardıqları ədalətsiz müharibələr nəticəsində bir çox ölkələr, bəzi regionlar qan çanağına dönüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə qeyd etdiyi kimi, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan xarici müdaxilələr, qanlı toqquşmalar nəticəsində həlak olub. Bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir, yüz minlərlə insan, dediyim kimi, həlak olub: "Postsovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür, qarşıdurma meyilləri güclənir. Postsovet məkanı, əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da, - biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir, - xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır".

Əlbəttə ki, bütün cərəyan edən qanlı terror və müharibə tendensiyaları çərçivəsində ümumilikdə Avrasiya regionu üçün ciddi humanitar problemlər yaratmaqdadır. Aparılmış araşdırmalara görə, bu il Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib, onlardan 181500 nəfəri Yunanıstana, 108500 nəfəri isə İtaliyaya daxil olub. İtaliya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2015-ci ildə ölkəyə dəniz yolu ilə 100 mindən çox miqrant daxil olub. İtaliyaya gələnlərin çoxu buradan Şimali Avropa ölkələrinə üz tutmağa çalışır. Hazırda İtaliyadakı sığınacaqlarda yerləşən 85 min nəfərdən çox miqrant isə onlara iş axtarmağa icazə verən müvəqqəti sənədləri əldə etmək istəyirlər. 2015-ci il iyul ayının sonuna olan statistikasına görə isə il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir. Bununla yanaşı, 2011-ci ilə qədər Aralıq dənizini keçərkən qəzalar və digər səbəblərdən ölənlərin sayı il ərzində 500 nəfər ətrafında dəyişirdisə, Yaxın Şərqdə çevriliş və müharibə dalğasının baş qaldırdığı dövrdən etibarən bu göstərici 1500 nəfəri ötüb. 2014-cü ildə isə dənizdə ölənlərin sayı 3500 nəfərə çatıb. Göründüyü kimi, İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, yüz minlərlə qaçqın, - hansı ki yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar, - Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların böyük köçü müşahidə olunur: "Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir biz bu mənzərə ilə üzləşirik. Əlbəttə, bu, böyük humanitar fəlakətdir. İlk növbədə, bu, ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir. Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə, onların fəlakətidir".

Ümumiyyətlə, mürəkkəb bir vəziyyətin yaranması və çıxış yollarının olmaması Avrasiya regionu üçün şübhəli perspektiv vəd edir. Bu baxımdan, Prezident İlham Əliyev vurğulayıb ki, indi həyat göstərər Avropa İttifaqı bəyan etdiyi dəyərlərə nə dərəcədə sadiqdir: "İndi hər şey göz qabağındadır. Biz görürük ki, bu yazıq insanlara işgəncələr verilir, onların ləyaqəti alçaldılır. Onlara qarşı sanki geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik. Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var. Biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə dünyada böyük rəğbət, hörmət qazanmışıq. Bütün məsələlərlə bağlı bizim mövqeyimiz ədalətli mövqedir. Biz ədalətli mövqeyi müdafiə edərək bu siyasətlə, bu işlərlə barışa bilmirik. Bir sözlə, bu gün dünya xəritəsində dəyişikliklər baş verir. İstisna olunmur ki, bu dəyişikliklər gələcəkdə də davam etsin".

Bir sözlə, bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - "miqrant böhranı" ilə üz-üzədir. Şimali Afrika və Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutmuşdur. Bu humanitar fəlakətin əsas səbəbi Qərbin dövlətlərinin, xüsusən ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətidir. Məhz Qərbin planları sayəsində Postsovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər "Ərəb baharı", "Maydan hərəkatı", "Zanbaq inqilabı" kimi adlarla kamuflyaj olunmuş zorakı üsullarla devrilmiş, yerli iqtisadiyyat dağıdılmış, dövlətlərin ərazi bütövlüyü pozulmuş, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilməkdədir. Əlbəttə ki, ABŞ coğrafi baxımdan uzaq olduğundan yaşanan humanitar fəlakət Şimali Afrika və Yaxın Şərqlə keçmiş metropoliya-koloniya münasibətləri ilə bağlı olan Avropa ölkələrini təhdid edir. Bu da, öz növbəsində Avropanın sabit və rifahlı inkişafını sual altında qoyur.

O ki qaldı Azərbaycana, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir. Ölkədə sabitlik möhkəmlənir, beynəlxalq mövqelərimiz daha da güclənir. Azərbaycanla əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Çünki Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslərin müsbət istiqamətdə getməsinin səbəbi isə xalqın iqtidarı dəstəkləməsidir. Məhz buna görədir ki, hətta böhranlı illərdə belə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər