Ekspertlər bədnam ölkənin faciəyə doğru sürükləndiyini etiraf edirlər
Ermənistan Statistika Mərkəzinin xəbərinə görə, yanvar-iyul aylarında ölkədə əsaslı göstərici stabil olmayıb. Can verən iqtisadiyyatın son nəfəsinə bənzəyən göstəricilərdə baş verən hər bir yüksəliş, daha pis enişlə əvəz edilib. Söhbət hətta statistik göstəricilərdən belə getmir. Sənayedə qeyri-stabillik ümumi şəkildə Ermənistan iqtisadiyyatında ciddi problemlərin mövcudluğundan xəbər verir. Ölkədə iqtisadi tendensiyalar o qədər pozulub ki, ixrac artımı, idxaldan əsaslı şəkildə geriləyir. 1,9 faizin 4,6 faizə qarşı nisbəti anormal bir göstəricidir və onsuz da pulu olmayan Ermənistandan pul axını deməkdir. Bunun nəticəsindədir ki, ölkənin ticarətində olan disbalans 90 milyon dollar çoxalıb və təbii olaraq ABŞ dollarına əlavə ehtiyac tələb olunub.
Artıq işğalçı ölkənin Dövlət Statistika Komitəsi də böyük iqtisadi geriləməni etiraf edir. Ermənistan iqtisadiyyatı ötən ayı kəsirlə başa vurub. İşğalçı ölkədə ticarət dövriyyəsi 6,4% azalıb. Bu açıqlamanı Ermənistan Dövlət Statistika Komitəsi edib. Rəsmi hesablamalara görə, son 9 ay ərzində Ermənistanda iqtsadi fəallıq 2,5% azalıb. Bu isə ölkə sənayesinin ciddi geriləməsi deməkdir. Ölkədə malların satışının həcmi ciddi şəkildə azalmaqdadır. Xarici ehtiyatların azalma sürəti də getdikcə kritik hədd alır. Yalnız bu ilin iki ayı ərzində xarici ehtiyatlar 229 milyon dollar və ya 15%-dən çox enib. İqtisadi vəziyyətin gərgin olduğu Ermənistanda elektrik enerjisinin istehsalının azalması və bununla da enerji tariflərinin kəskin artması və əhalinin həyat səviyyəsinin pisləşməsinə, ölkədə vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb.
Teresa Sançes: "Yerevan 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 5,2 faiz iqtisadi artımı reallaşdıra bilmir"
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Teresa Sançes də Ermənistan üçün pessimist proqnozlar vermişdir. Onun sözlərinə görə, rəsmi Yerevan 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 5,2 faiz iqtisadi artımı reallaşdıra bilmir: "Ölkənin keçmiş korrupsioner baş naziri Tiqran Sarkisyanın dövründə sosial-iqtisadi vəziyyət indiki ilə müqayisədə daha yaxşı idi. Hazırkı baş nazir Ovik Abramyanın yarıtmaz fəaliyyəti nəticəsində isə iqtisadi böhran getdikcə dərinləşir".
T.Sançes "Azadlıq" radiosuna müsahibəsində demişdir ki, bu ilin aprel ayında Ermənistan üçün verilən proqnozlar özünü doğrultmamışdr: "Biz düşünürdük ki, Ermənistan iqtisadiyyatında 4,3 faiz artım olacaqdır. Amma təəssüf ki, proqnoz özünü doğrultmadı. Ermənistan iqtisadiyyatının, demək olar ki, çökdüyü bir zamanda ölkədə elektrikin qiyməti artırılmışdır. Bu isə Ermənistanda əhalinin ciddi narazılığına səbəb olmuş, sosial-iqtisadi şəraiti bir qədər də kəskinləşdirmişdir. Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olması, əhalinin maddi rifah halının gündən-günə ağırlaşması beynəlxalq qurumların hesabatlarında da göstərilir. Məsələn, Dünya Bankının (DB) hesabatına görə, Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən birini - 135-ci yeri tutur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 9 dəfədən artıq üstələyir".
Sarkisyan rejimi bu ölkənin işğalçı olduğunu sübut edir
Erməni mətbuatının yazdığına görə, məhvə doğru gedən işğalçı ölkənin son günlər cəbhə xəttində ölən əsgərlərin ailələri ölkədə faşist rejimi yaradan Serj Sarkisyana qarşı qalxaraq, "Öldü var, döndü yoxdur" şüarı ilə oturaq mitinqləri davam etdirəcəklərini bildiriblər. Mitinqdə çıxış edənlər bildiriblər ki, Sarkisyanın yalan və böhtanları bu ölkənin yaranma tarixi qədər qədimdir. Yəni yalan, böhtan, uydurma onun yaranışından bəri qanında, genindədir.
Ermənistanın Fövqəladə Hallar nazirinin müavini general-mayor Astvaçatur Petrosyan regiondakı situasiyanın hazırkı düşüncə tərzinə uyğun planlaşdırılmalı olduğunu bildirib: "Bu gün mütləq olaraq, bu məsələlərə indiki düşüncə ilə yanaşmalıyıq və hazırda mövcud olan strategiyanı regionun inkişafına yönəltməliyik. Biz danışıqlar prosesinə xüsusi olaraq yanaşmalıyıq və danışıqları elə şəxslər aparmalıdır ki, onlar sabah hərəkətlərinin nəticələrini hiss edə bilsinlər. Silahlanma ilə heç bir şey əldə etməyəcəyik. Əgər Azərbaycan kimi biz də hazırda silahlanmadan istifadə etsək, o zaman iqtisadi imkanlarımıza görə uğursuzluq qaçılmaz olacaq".
Hesablamalara əsasən, Ermənistanın indiki daxili və xarici borclarının tam ödənməsi üçün Sarkisyan iqtidarı köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, haqsız rəqabət, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoymayacağı təqdirdə, durumun yaxşılaşdırılması üçün ən azı 16 il vaxt sərf edilməlidir. Erməni analitiklərin fikrincə, vəziyyətin bu halında hazırda ölkədə hər hansı iqtisadi inkişafdan belə söhbət gedə bilməz və bütün bunların məntiqi nəticəsidir ki, ölkədə yerli istehsal və ixracat demək olar ki, yox səviyyəsindədir. Hakimiyyətin kiçik və orta biznesin inkişaf etdirilməsi ilə bağlı bəyanatları isə, sadəcə deklarativ xarakter daşıyır.
Beləliklə, baş verənlər bir daha onu göstərir ki, Yerevan düşdüyü vəziyyətdən çıxış yolunu tapa bilmir və çətin ki, Ermənistan rəhbərliyi buna nail olsun. Çünki o, mövcud reallığı lazımi səviyyədə qiymətləndirə bilmir. Gec-tez Yerevan seçdiyi qeyri-konstruktiv geosiyasi kursun əvəzini ödəyəcək. Ermənistan prezidenti Serj Sarkisyanın təlaşı da göstərir ki, həmin gün yaxınlaşır.
A.SƏMƏDOVA