PDF Oxu

Araşdırma

  • 2 220

İctimai nəzarət gücləndirilməlidir

İctimai nəzarət gücləndirilməlidir

Prezident İlham Əliyev: "İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik"

"Görülən işlər, qazanılan uğurlar qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir". Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

Bu bir həqiqətdir ki, iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolu olsa da, əldə olunan gəlirlərin düzgün idarə olunması sayəsində şaxələndirmə siyasəti həyata keçirilib və bu, hazırda da vacibliyini prioritet məsələ kimi qarşıya qoyur. Elə bunun nəticəsidir ki, bu ilin ötən dövründə bu sahədə artım 6 faiz təşkil edib.

Əlbəttə ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, bir neçə il bundan əvvəl irəli sürülmüş sənayeləşmə təşəbbüsləri artıq gözəl nəticələr verməkdədir. Qeyd edilən dövrdə sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb. Həmçinin, ölkə iqtisadiyyatına 16 milyard dollar investisiya qoyulub. Onlardan 9 milyard dolları daxili, 7 milyard dolları isə xarici investisiyalardır.

Dövlətimizin başçısı İlham Əliyev qarşıda duran vəzifələrdən bəhs edərkən bu məsələyə xüsusi diqqət yönəldib: "Biz çalışmalıyıq ki, xarici investisiyaları qeyri-neft sektoruna cəlb edək. Bu günə qədər xarici sərmayədarlar daha çox neft-qaz sektoruna maraq göstəriblər. Bu da təbiidir, çünki orada daha da böyük qazanc əldə edirlər. Amma bizim siyasətimiz ondan ibarətdir ki, əlbəttə, neft-qaz sektoruna da xarici sərmayə qoyulmalıdır və qoyulur. Nəzərə alsaq ki, indi "Cənub" qaz dəhlizi icra edilir, - əlbəttə, bu, böyük vəsait tələb edir, - ancaq bizim əsas prioritetimiz xarici sərmayəni qeyri-neft sektoruna cəlb etməkdir. Hesab edirəm ki, burada bütün qurumlar daha da fəal işləməlidirlər. Həm təqdimatlar keçirilməlidir, əlbəttə, biznes - forumlar keçirilir, biz xarici investorları maraqlandırırıq, eyni zamanda, Azərbaycanda biznes mühiti yaxşılaşdırılmalıdır. Bunun üçün əlavə tədbirlər görülməlidir və mən hökumətdən təkliflər gözləyirəm ki, biznes mühitini biz hansı yollarla yaxşılaşdıra bilək".

Son on iki ildə büdcə xərcləri də 20 dəfədən çox artıb. Büdcəmiz investisiya və sosial yönümlüdür. 2003-cü ilin dövlət büdcəsinin cəmi 1,2 milyard dollar olduğunu yada salsaq, bu gün həmin rəqəmin 25 milyard dollardan çox olması onu göstərir ki, son on iki ildə bu istiqamətdə xeyli işlər görülüb. Büdcənin artımı infrastruktur layihələrinin icrasını, həmçinin sosial məsələlərin həllini daha da sürətləndirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib ki, büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.

Bununla yanaşı, son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılmaqdadır. Bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. Əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasətlə tamamlanır. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ünvanlı sosial yardım proqramı icra edilir. Statistikaya müraciət etsək, bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə dövlət tərəfindən orta hesabla hər ay 153 manat yardım göstərilir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Cari ilin ötən dövründə 87 min yeni iş yeri yaradılıb ki, onlardan 67 mini daimi iş yeridir. Dövlətimizin başçısı iş yerlərinin yaradılmasının daimi proses olmasının vacibliyini bildirir: "Mən bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır".

Biznesin inkişafı üçün də paytaxt və bölgələrdə yaxşı imkanlar var. Regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə imzalanan Dövlət Proqramları və onların uğurlu icrası sahibkarlığın inkişafına geniş yol açır. Hazırda "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrammı", "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrammı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqrammı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqrammı" kimi biri-birindən əhəmiyyətli sənədlər icra edilir. Hazırkı mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

Böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin həyata keçirilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqrammı"nın təsdiqlənməsi, "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında", eyni zamanda "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmanlar bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş yol açan mühüm addımlardır.

Bu mənada, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında inkişafa mane olan bütün əngəllərin, süni maneələrin aradan qaldırılmasında ictimai nəzarətin gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib: "Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır".

Dövlət başçısı qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, "ASAN xidmət"in təcrübəsi geniş tətbiq edilməlidir.

Uğurlarımızın davamlılığında vacib amillərdən biri kimi hər zaman vətəndaş-məmur münasibətlərinin lazımi səviyyədə formalaşdırılması önə çəkilir. Lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev hər sahədə işlərin düzgün qurulmasının, məmurların, dövlət qurumlarının nümayəndələrinin xalqla bir yerdə olmasının mütləqliyini hər çıxışında diqqətə çatdırır.

Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təqdir olunur, ölkəmiz birinciliyini qoruyur. Azərbaycanın daha yüksək pilləyə qalxması üçün imkanlar vardır. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq yeni-yeni addımlar biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" və "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" bu istiqamətdə işlərin davamlılığına, problemin həllinə olan diqqətin təsdiqidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər