PDF Oxu

Araşdırma

  • 1 551

Ermənistan ordusu Azərbaycan torpaqlarında işğalçılıq siyasəti aparır

Ermənistan ordusu Azərbaycan torpaqlarında işğalçılıq siyasəti aparır

Prezident İlham Əliyev: "Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil"

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr edilən iclasındakı geniş məzmunlu nitqi ölkə ictimaiyyətinin və medianın diqqət mərkəzindədir. Dövlət başçısının səsləndirdiyi fikirlər cəmiyyətin maraq dairəsini əhatə etməklə yanaşı, dövlət siyasətinin prioritet istiqmətlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Prezident bu günədək görülən işlərin nəticələri və bundan sonra yürüdüləcək siyasətin başlıca konturlarını nitqində aydın və konkret ifadə edib: "Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq. Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, yüksək rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək".

Bu baxımdan da, təsadüfi də deyil ki, Prezidentin nitqi hazırkı dönəmdə Azərbaycanın qarşıdan gələn dövrdə inkişaf istiqamətlərini müəyyənləşdirən proqram xarakterli sənəd hesab edilir. Bu, hazırda bütün dünyanı təhdid edən iqtisadi böhran və geosiyasi gərginliyin artması şəraitində Azərbaycanın əldə etdiyi uğurların və bu böhrandan ən az zərərlə xilas olmasının yollarının aydınlaşdırılması kimi qiymətləndirilir. Son bir ildə regionda baş verən iqtisadi çətinliklər, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi şəraitində belə Azərbaycanın təqribən 4 faizlik iqtisadi artıma nail olmasını böyük nailiyyət adlandıran Prezident bunu yürüdülən siyasətin doğru istiqamətdə aparılmasınıın nəticəsi olduğunu qeyd etmişdir.

Prezidentin iclasda geniş bəhs etdiyi əsas istiqamətlərdən biri ordu quruculuğu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Qeyd edək ki, son dövrlərdə, xüsusilə son bir ildən artıq zaman kəsiyində Qarabağ münaqişəsinin həlli yollarından bəhs edərkən Azərbaycan Prezidentinin çıxışları sərtliyi və kəskinliyilə diqqəti cəlb edir. Prezident İlham Əliyev münaqişənin səbəbkarı kimi Ermənistanla yanaşı, bu təcavüzkar ölkəni himayəsinə götürən, onu dəstəkləyən bəzi dövlətlərin və beynəlxalq qüvvələrin də ünvanına kəskin tənqidlər səsləndirir. Onların adlarını açıq göstərərək nümayiş etdirdikləri ikili standartlara görə tənqid edir.

Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı onun güclü dövlət kimi formalaşmasında başlıca rol oynayıb. Əldə edilən uğurlar, iqtisadi inkişaf Azərbaycanı regionun ən güclü, qüdrətli dövlətinə çevirib. Həm siyasi-iqtisadi baxımdan, həm də hərbi baxımdan Azərbaycan Cənubu Qafqazın lider ölkəsi statusunu qazanıb.

İqtisadi imkanların artması və genişlənməsi təbii olaraq ordu quruculuğunun da sürətlə inkişaf etməsinə zəmin yaradıb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu bütün parametrlərinə görə dünyanın ən güclü silahlı qüvvələri siyahısına daxil edilib. Bu, müharibə şəraitində olan, torpaqlarının bir hissəsi işğal edilən ölkə üçün prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev bütün bunları sözügedən iclasdakı nitqində bir daha vurğulamışdır: "Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər".

Təbii ki, münaqişənin hələ də həll ediməmiş qalması ordu quruculuğunun hər zaman diqqət mərkəsində olmasını şərtləndirən amildir. Prezident bunu nəzərdə tutaraq qeyd edir ki, ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq: "Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi-Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk".

Prezidentin Nazirlər Kabinetinin iclasındakı fikirləri münaqişənin əsas səbəbkarı olan Ermənistanın kriminal rəhbərliyinin ifşası baxımından da səciyyəvidir. Dövlət başçısının söylədiyi faktlar, Ermənistanın nə qədər məsuliyyətdən yayınmağa çalışsa da, təcavüzkar dövlət olduğunun Azərbaycan torpaqlarının Qarabağ erməniləri tərəfindən deyil, məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyinin ən yüksək səviyyədə isbatıdır: "Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal, həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır - işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur- onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir".

Cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin yaratdığı təxribatların qarşısını qətiyyətlə alan Azərbaycan Ordusunun qüdrətini və peşəkarlığını vurğulamaqla yanaşı, Prezident İlham Əliyev Ermənistanın bu "ərköyünlüyünə" göz yuman beynəlxalq qüvvələri də təqsirləndirən fikirlər səsləndirib.

Münaqişənin gələcək həlli perspektivləri, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsləsindən bəhs edərkən Prezident inamla bildirir ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır: "Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik".

Prezident münaqişənin regionun sabitliyinə təhdid olduğunu qeyd edərək, bundan həm bölgə dövlətlərinin, həm də erməni xalqının özünün əziyyət çəkdiyini xüsusi vurğulayır. Ermənistanda əhalinin rifah halının acınacaqlı durumda olduğu heç kimə sirr deyil. Ölkənin getdikcə yoxsulluğa doğru yuvarlanması Ermənistanı zəiflətməklə yanaşı, ciddi demoqrafik problemlər də ortaya çıxarır. Hər il Ermənistanı yüz minlərlə insan tərk edir. Əhali kriminal hakimiyyətin avtoritar idarəçiliyindən və sosial problemlər məngənəsindən cana doyub. Təbii ki, bu problelərin kökündə Ermənistanın yürütdüyü təcavüskar siyasət və bunun nəticəsində regionda özünü təcrid etməsi dayanır. Prezident İlham Əliyev bu nüansa toxunaraq, Qarabağ münaqişəsinin zaman keçdikcə ermənilərə daha çox zərər vurduğunu qeyd edir: "Ermənistan xalqı da artıq buna dözə bilmir, bu kriminal, korrupsioner rejimdən bezib. Ermənistandan köç gedir. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirirlər, Azərbaycana gəlirlər. Görün bu rejim nə dərəcədə azğınlaşıb, əhaliyə qarşı nə qədər çirkin əməllər görür ki, hətta bu gün Azərbaycana Ermənistandan insanlar köçür və burada rahat yaşayır. Çünki Azərbaycanda nəinki milli, dini zəmində heç bir qarşıdurma, heç bir xırda anlaşılmazlıq da ola bilməz... İnkişaf üçün Ermənistanda heç bir imkan yoxdur. Heç bir obyektiv amil yoxdur ki, Ermənistan bu diktatura rejimi altında inkişaf etsin".

Prezident qeyd edib ki, erməni diktatoru hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. Dövlətimizin başçısı bununla bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistanın ərazisi olması barədə söylədiyi sərsəm fikirlərə işarə edərək bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri problemin ədalətli həlli yolunda ölkəmizin apardığı siyasətin davamlılığını göstərməklə yanaşı, yaxın gələcəkdə problemin uğurlu həllinə nail olunacağı ümidlərini də gücləndirir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər