İlham Əliyev: "Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın"
"İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək"
Hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin biznes mühitilə bağlı həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.
Bu bir faktdır ki, sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər.
Eyni zamanda xüsusi olaraq, qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib.
Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə son 12 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınmasilə bağlı qətiyyətli addımlar atılıb.
Aydındır ki, sahibkarlığın inkişafı orta təbəqənin, orta gəlirlərə malik cəmiyyətin güclənməsinə də böyük təkan verən amillərdən hesab oluna bilər. Son illər kiçik və orta sahibkarlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi avanqard orta təbəqə sektoruna dərin töhfə verir. Sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması, kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən, istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi kiçik və orta sahibkarlığın mühüm statutusu fonunda orta gəlirli cəmiyyətin milli inkişafının altqatını təşkil edir.
Sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər son illər islahatların əsas istiqamətlərini təşkil edir. Azərbaycan Prezidentinin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyəti"nin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Sərəncamı bu sahədə əsl dönüşə səbəb olub. Elə ötən gün Sumqayıt Kimya Parkında yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevin verdiyi bəyanatlar da həyata keçirilən işlərin sistemli olduğuna işarədir: "Bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki, bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir".
Prezident İlham Əliyev xüsusi olaraq, qeyd edib ki, bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm də cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait və imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin".
Azərbaycanın bu istiqamətdəki siyasətinin birmənalı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev əlavə edib ki, söz başa düşməyənlər öz cəzalarını alacaqlar: "Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa, biz heç bir iş görə bilmərik".
"Səs" Analitik Qrupu