PDF Oxu

Araşdırma

  • 1 471

DTİHB seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb

DTİHB seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb

Əli Həsənov: "Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz"

Əli Əhmədov: "Onların Azərbaycanda keçirilən seçki kampaniyasını izləməkdən imtina etmələri seçkilərin dəyərinə, ictimai mənasına heç bir kölgə sala bilmədi"

Noyabrın 1-də ölkəmizdə şəffaf, azad, yüksək seçici fəallığilə müşayiət olunan, beynəlxalq standartlara uyğun parlament seçkiləri keçirildi.Seçkilərin sonuncu mərhələsi olan prosesdə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası, yerli və xarici müşahidəçilər tərəfindən hər hansı xüsusi qanun pozuntusu halı qeydə alınmadı.

Seçki prosesini müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri səsvermə günü seçki məntəqələrində prosesin əvvəldən axıradək izlənilməsi üçün ölkə ərazisi üzrə 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılmasını təqdirəlayiq hal kimi qiymətləndirildi.

Noyabrın ilk günündə keçirilən parlament seçkilərində "Els" Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy" Monitorinq Mərkəzi, "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi "AJF&Associates.İnc" (ABŞ) Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası birlikdə "exit poll" keçiriblər.Hələ seçki ərəfəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyilə Mərkəzi Seçki Komissiyası tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiyadan keçmişdi.

Ölkəmizdə keçirilən parlament seçkiləri 500-dən artıq xarici, 63.000-dən artıq yerli müşahidəçi tərəfindən izlənildi. Xarici müşahidəçi qismində Avropa Şurasının Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (Türk PA), Türkdilli Ölkələrin Parlament Assambleyası da daxil olmaqla, 40-dan çox beynəlxalq təşkilat, eləcə də 27 ölkə təmsil olundu.

Noyabrın 1-də ədalətli, şəffaf şəkildə keçirilən parlament seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra Avropa İttifaqı bəyanat yayaraq bildirdi ki, bu təşkilat beynəlxalq standartlara uyğun, şəffaf və bütün tərəflərin iştirakını təmin edən seçkiləri dəstəkləyir. Qurumun noyabrın 1-də ölkəmizdə keçirilmiş parlament seçkisilə bağlı yaydığı ilkin bəyanatında bildirilir ki, təşkilat bütün vətəndaşların xeyri naminə yeni seçilmiş parlament də daxil olmaqla Azərbaycanın təsisatlarilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bəyanatda, həmçinin bildirilir ki, 2015-ci il, noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisində seçki müşahidəçilərinin sayı barədə Azərbaycanın hakimiyyət orqanlarilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) arasında razılıq əldə olunmadığndan, təşkilat seçkiyə öz müşahidə missiyasını göndərməməyə məcbur olub, lakin seçkilərin gedişini izləmək üçün Avropa Şurasının Parlament Assambleyasının Müşahidəçi Missiyası göndərilib.

Yuxarıda qeyd etdik ki, seçki prosesinin əvvəldən axıra kimi maneəsiz müşahidə olunması üçün hər cür şərait yaradılıb. Belə olan halda, görəsən ATƏT DTHİB-nin müşahidə missiyasından imtina etməsinin səbəbi nə olub? Əslində, guya Azərbaycan tərəfindən bu təşkilatın müşahidəçilərinin sayına məhdudiyyət qoyulması uydurma bəhanədən başqa bir şey deyil. Seçkilərin keçirilməsi ərəfəsində baş verən prosesləri diqqətlə izləyəndə, açıq-aşkar görünür ki, ATƏT DTHİB ölkəmizdə keçirilən parlament seçkilərinə müşahidə missiyası göndərməmək barədə qərarı bəzi anti-Azərbaycan dairələrin təzyiqi və təsirilə qəbul edib. Özü də bu təsir və təzyiq elə güclü olub ki, bu təşkilat öz mandatından irəli gələn vəzifələri yerinə yetirməyə borclu olduğunu belə unudub. Belə ki, ATƏT DTHİB mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir.

İstər ATƏT DTHİB-nin, istərsə də anti-Azərbaycan mövqeyilə tanınan bəzi beynəlxalq təşkilatların və media orqanlarının ədalətsiz, əsassız iddialarına baxmayaraq, noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ədalətli, şəffaf və dünya standartlarına uyğun şəkildə keçirilib. Bunu seçki prosesində müşahidəçi qismində təmsil olunan yüzlərlə yerli və xarici müşahidəçilər, nüfuzlu beynəlxalq təşkilatlar öz hesabat və açıqlamalarında birmənalı olaraq təsdiq ediblər. O ki qaldı ATƏT DTHİB-nin seçki prosesini birtərəfli qaydada müşahidə etməkdən imtina etməsinə, bu, o deməkdir ki, həmin təşkilat bu qərarilə öz dəyərlərini, nizamnaməsini və prinsiplərini inkar edir.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirləri xüsusi maraq kəsb etməkdədir: "Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz. Azərbaycan hökuməti müşahidə üçün ATƏT DTİHB-yə müraciət ünvanlamış və dəfələrlə missiyanın fəaliyyətilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirmişdir. Təəssüf ki, ATƏT DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməmiş və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina etmişdir. Hesab edirik ki, bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in Nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atmışdır".

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rasional, təhlili mümkün olmayan münasibətilə bağlı fikirlərini bildirib: "Prinsip etibarilə bu qurum seçkilərin keçirilməsilə əlaqədar yaradılıb. ATƏT-ə üzv ölkələrdə seçkilərlə bağlı müşahidəçilik missiyası həyata keçirir. Bu mənada, həmin qurumun ATƏT-in üzvü olan Azərbaycanın dəvəti əsasında ölkəmizdə keçirilən seçki kampaniyasını müşahidə etməkdən imtinasını rasional şəkildə izah etmək mümkün deyil. Bununla onlar, əslində özlərinin birbaşa vəzifələrini həyata keçirməkdən imtina etdilər. ATƏT üzvü olan ölkələrdə keçirilən seçkiləri izləmək, müşahidə etmək onların birbaşa vəzifələridir. Hər hansı ölkə əgər özü onları dəvət edərsə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bundan imtina etməyə heç bir əsası yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əslində onlar bununla öz mandatlarından imtina etmiş olurlar.

Təəssüf hissilə bildirmək istərdim ki, bəzi beynəlxalq qurumlar, o cümlədən haqqında söz açdığımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Bu, tamamilə yolverilməz haldır. Seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir. Amma bir sıra hallarda seçkiləri izləmək missiyası ayrı-ayrı ölkələrdə neqativ axtarmaq fürsəti kimi qiymətləndirilir. Bundan əvvəlki seçkilər zamanı aparılan müşahidələr nəticəsində yalnız nəticələrə təsir etməyən nöqsanların qeyd olunması ondan xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üçün seçkilərin izlənməsi, sadəcə, neqativ axtarmaq kimi başa düşülür və bu cür də istifadə edilir.

Hər hansı dövlətin beynəlxalq qurumlarda təmsil olunması onun suveren hüquqlarının alternativi kimi dəyərləndirilə bilməz. O cümlədən, Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması ölkəmizin suveren hüquqlarının üzərinə kölgə salmaq və yaxud həmin hüquqların azalması kimi dərk edilə bilməz. Bu mənada, belə hesab edirik ki, istənilən beynəlxalq qurum, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da vəzifəsinə məhz bu prinsiplər nöqteyi-nəzərində yanaşmalıdır. Seçkilərdən və seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır.

Həmin büronun fəaliyyətinə bu cür qiymət verilməsi təkcə Azərbaycan tərəfindən ortaya atılan təşəbbüs deyil. Malik olduğumuz informasiyalar əsasında bir sıra digər ölkələrdə də həmin büronun fəaliyyətində bu cür xoşagəlməz, neqativ tonlardan xali olmayan cəhətlərin özünü büruzə verməsi açıq şəkildə vurğulanmaqdadır. Lakin onların Azərbaycanda keçirilən seçki kampaniyasını izləməkdən imtina etmələri seçkilərin dəyərinə, ictimai mənasına heç bir kölgə sala bilmədi".

"Səs" Analitik Qrupu

Digər xəbərlər