PDF Oxu

Araşdırma

  • 7 609

Azərbaycan demokratik inkişaf yolu ilə inamla irəliləyir

Azərbaycan demokratik inkişaf yolu ilə inamla irəliləyir

Prezident İlham Əliyev: "Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir"

Azərbaycan hazırda dünyanın diqqət mərkəzində olan və bir çox dövlətlərin əməkdaşlığa can atdığı, strateji əhəmiyyətə malik bir ölkəyə çevrilib. Təbii ki, bu, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində mümkün olub. Məhz bu günlərdə Azərbaycanda keçirilən parlament seçkiləri də demokratik inkişaf yolunda irəliyə doğru atılmış bir addım kimi tarixə düşdü. Azərbaycan azad, ədalətli və şəffaf seçki keçirməklə demoktatik dəyərlərə sadiqliyini nümayiş etdirdi, insan hüquq və azadlıqlarına nə qədər böyük önəm verdiyini ortaya qoydu. İnsanlar azad, sərbəst şəkildə seçkidə iştirak edərək öz iradələrini ortaya qoydular. Lakin anti-Azərbaycan qüvvələri amplualarına sadiq qalaraq demokratik seçkilərin şəffaflığına kölgə salmağa çalışdılar.

Özlərini zəifliklərindən seçkiləri boykot etdiklərinə görə "real müxalifət" adlandıran ünsürlərin ATƏT-in seçkilərə müşahidəçi göndərməməsini əsas kimi qəbul edib, ölkədə demokratik ab-havaya kölgə salmaq cəhdləri bir daha riyakarlıqlarına işıq salır. Azərbaycan hakimiyyəti isə ölkədə keçirilən bütün seçki proseslərini izləmək üçün müxtəlif beynəlxalq təşkilatlara, dövlətlərə müşahidəçi göndərməklə bağlı müraciət edir. Təbii ki, bu da dövlətimizin seçkilərin tam demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi istəyindən və atılan hər addımın izlənməsinin heç bir problem yaratmadığını nümayiş etdirməsindən irəli gəlir. Seçkilərin nəticələrini beynəlxalq müşahidəçilərin deyil, xalqın iradəsi müəyyənləşdirir. 1 noyabr parlament seçkiləri xalqın iradəsini tam ifadə edib. Bu baxımdan hansısa təşkilatın öz məqsədinə uyğun addım atması təəccüb doğurmur. Dağıdıcı ünsürlərin və onların tabeliyində olan mətbu orqanların belə qurumların mövqeyini geniş şərh etmələri təbii ki, işbirliklərinə işarədir.

Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclasında çıxış edən Prezident İlham Əliyev bununla bağlı qeyd edib ki, noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib: "Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər. Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş, müşahidələr aparmışdır. Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir. Mən xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm. Seçkilərin nəticələrini, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir."

Dövlət başçısı İlham Əliyevin sözlərinə görə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb və bir daha sübut edib ki, Azərbaycan demokratiyaya sadiqdir: "Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar-söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə, əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə vermişdir."

Regionun aparıcı siyasi qüvvəsinə çevrilən Azərbaycan bu gün demokratik inkişaf yolu ilə inamla irəliləyir. İnsan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı istiqamətində uğurlu addımlar atılır. Bu il keçirilən parlament seçkiləri də deyilənlərin əyani sübutudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illər ərzində ölkədə gedən quruculuq prosesi də seçkilərin nəticələrinə öz müsbət təsirini göstərib: "Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir. Əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstərmiş, eyni zamanda, ölkədə aparılan siyasətə bir daha öz səslərini vermişlər... Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir."

Bu gün dünyanın müxtəlif bölgələrində gərgin ictimai-siyasi vəziyyət müşahidə edilir. Baş verən münaqişələr nəticəsində günahsız insanlar həlak olur. Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür. Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir: "Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda, əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır."

Beləliklə, Azərbaycanda keçirilən azad, ədalətli və şəffaf seçkilər nəticəsində növbəti 5 il üçün Milli Məclisin yeni tərkibi təsdiqləndi. Qanunverici orqan olaraq Milli Məclisin qarşısında mühüm vəzifələr durur. İclasdakı nitqində dövlət başçısı İlham Əliyev bu məqama toxunub: "Bu gün öz işinə başlayan beşinci çağırış Milli Məclisin qarşısında da çox ciddi məsələlər durur. Əminəm ki, Milli Məclis ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcəkdir. Bizim bütün planlarımız, bütün təşəbbüslərimiz Milli Məclis tərəfindən dəstəklənəcək və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Eyni zamanda, deputatlar tərəfindən irəli sürüləcək təşəbbüslər, qanun layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət edəcəkdir."

"Səs" Analitik Qrupu

Digər xəbərlər