Bakı-Tbilisi-Qars, TAP və TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən anti-Azərbaycan dairələri ciddi surətdə narahat edir
Keçmiş SSRİ imperiyasının parçalanmasından sonra dünya təkqütblü nizam istiqamətində formalaşmağa başladı. Bu prosesdə isə başda ABŞ olmaqla, Qərb dünyası və onların "Troya atı" NATO rəqibsiz dünyada hegemonluq etmək iddiasını reallaşdırmaq işinə girişdi". Əlbəttə ki, həmin dövrdə Rusiyada mərkəzləşmiş siyasi hakimiyyətin olmaması, Çinin daha çox Qərb sərmayəsindən asılı vəziyyətə düşməsi ABŞ-a bu geostrateji planını reallaşdırmağa əlavə stimul verirdi. Nəticədə isə Balkanlarda, Afrikada dəhşətli müharibələr başladı, Yuqoslaviya, Çexoslovakiya parçalandı və s.
ABŞ-ın supergüc statusunu qorumaq uğrunda fəaliyyəti 2001-ci ilin 11 sentyabrından sonra növbəti mərhələyə keçid aldı. Bu dəfə isə özünü toparlamış Rusiya, Çin və İran kimi dövlətlər təkqübtlü dünya nizamına qarşı çıxdıqlarını açıq şəkildə bildirsələr də, Əfqanıstan, İraq kimi ölkələr Qərb tərəfindən müharibəyə cəlb edildi, eyni zamanda, "banan respublikaları" yaradılması planı işə düşdü. Proses daxilində Gürcüstanda, Ukraynada, Qırğızıstanda hakimiyyət çevrilişləri baş tutdu. 2011-ci ildən isə Qərb dünyasının hegemonluq planlarının reallaşdırılmasının daha bir mərhələsi reallaşdırılmağa başlandı. Bu dəfə isə Şimali Afrika regionunda Misir, Tunis, Liviya, Yaxın Şərq regionunda Suriya, Yəmən, Bəhreyn kimi dövlətlərdə vətəndaş müharibəsinə, siyasi destabilliyə təkan verildi. Bütün bunlar isə başda ABŞ olmaqla, Qərb dünyasının demokratiya vədi və insan hüquqlarının qorunması bəhanəsi altında həyata keçirilmiş olur. Bəs görəsən, dünyaya güclə demokratiya ixrac edən ABŞ-da, Qərb dövlətlərində demokratik vəziyyət, insan hüquqlarının müdafiəsi və təminatı sahəsində vəziyyət necədir?
Bu suala cavab vermək üçün dərin tədqiqatların aparılmasına ehtiyac yoxdur. Elə gündəlik baş verən hadisələri izləmək kifayət edir ki, ABŞ-da, Avropa ölkələrində insan hüquqları sahəsindəki vəziyyətin necə olduğunu biləsən.
2008-ci ildə dünyada baş qaldıran qlobal iqtisadi və maliyyə böhranından sonra ən çox etiraz səslərinin ucaldığı ölkələr elə başda ABŞ olmaqla, Avropa dövlətləri oldu. Böhran elə bir vəziyyətə çatmışdı ki, hətta Yunanıstanda, İtaliyada, İspaniyada və digər ölkələrdə hakimiyyət dəyişiklikləri oldu, defolt elan edildi. Əlbəttə ki, insanların təbii haqları idi ki, hökumətlər vəziyyəti düzəltsin və insanların sosial rifah halı normallaşsın. Lakin Avropa ölkələrində və ABŞ-da insanların bu istəklərinə cavabı dəyənəklə, gözyaşardıcı qazlarla verdilər. Hətta məlum ölkələrdə insanlar itlərə yedirdildi, atların ayaqlarının altına salındı. Təbii ki, bütün bunlar müasir dünyanın reallıqlarıdır və anti-demokratik tendensiya məhz Avropa ölkələrində və ABŞ-da cərəyan edirdi. Bəlkə də, düşünmək olar ki, Qərb dünyası demokratiya və insan hüquqları adı altında siyasi sabitliyini pozduğu ölkələrdə oyunlar qurmaqla, diqqət yayındırmağa və malik olduqları problemləri ört-basdır etməyə çalışırlar. Amma necə mümkün ola bilər ki, ABŞ insanları heç bir məhkəmə qərarı və hüquqi tənzimləmə olmadan xoşlamadığı qeyri-amerikalıları terrorçu adı altında Quantanamo həbsxanaya salır, onların başına dəhşətli oyunlar gətirir. Digər tərəfdən, hələ də ABŞ-da ağ və qara məhəllələrin mövcud olması, ölüm hökmünün icra edilməsi, əlbəttə ki, demokratiyanın sürətli inkişafının nəticələri deyildir. Yəni bu məsələləri ortaya qoymaqla demək istəyirik ki, demokratiya ixrac edən, başqalarına insan hüquqları sahəsində tövsiyələr verən ölkə(lər) əvvəlcə daxilinə baxmalı, sonra addım atmalıdır.
Çox təəssüflər olsun ki, hazırda demokratiya və insan hüquqları siyasi təzyiq vasitəsinə çevrilib. Bu gün ABŞ və Avropa dövlətləri demokratiya və insan hüquqlarını istismar etməklə milli dövlətləri təhdid edir, geosiyasi maraqlarını təmin etməyə çalışır. Amma elə ABŞ-ın özü nəzərə almır ki, demokratik ölkə heç bir halda terrora və separatizmə dəstək verməməlidir. Artıq 20 ildir ki, Vaşinqton Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana və separatizm yuvası olan "DQR"ə maliyyə yardımı ayırır. Müxtəlif məlumatlara görə 1998-ci ildən bəri bu tanınmamış rejimə 83 milyon dollar məbləğində maddi yardım ayrılıb. Faktiki yardımın həcmi isə 40 milyon dollar olub. Bundan əlavə, 1992-ci ildən bu günə qədər ABŞ Ermənistana 2 milyard dollardan artıq maliyyə yardımı göstərib. Bu pulun hansı hissəsinin separatçı rejimə çatması məlum deyil. Keçən il ABŞ Konqresinin Alt Komitəsi qondarma "Dağlıq Qarabağ Respublikası"na maliyyə yardımının həcmini artıraraq 2 milyon dollardan 5 milyon dollara çatdırmağı təklif etmişdi. Sual edilir: Nə üçün? Əgər ABŞ həqiqətən beynəlxalq hüququn zəfər çalmasını istəyirsə, onda separatçılara kömək etməyin və üstəlik, onları maliyyələşdirməyin nə mənası var? Elə bu cür sualları Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kris Smitə də ünvanlamaq lazımdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində haqlı olaraq, bildirib ki, əgər ABŞ həqiqətən özünü müstəqilliyin qarantı hesab edir və bizim qeydimizə qalırsa, onda nəyə görə o, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi" indiyə qədər ləğv etməyib?: "Düzdür, Vaşinqton hazırda həmin "düzəlişi"n qüvvəsini dayandırmışdır, lakin əgər amerikalılar ikitərəfli münasibətlərin inkişafında, həqiqətən, bu dərəcədə səmimi maraqlıdırlarsa, onda nə üçün həmin "düzəlişi" birdəfəlik ləğv etmək istəmirlər? Yaxud nə üçün ABŞ Ermənistana təsir göstərmir ki, o, Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etsin? Axı elə hallar məlumdur ki, ABŞ-ın mənafeyi bunu tələb edəndə, dərhal praktiki fəaliyyətə başlayıb. Məsələn, Liviyada ABŞ və NATO suveren dövlətə qarşı güc tətbiq etmək aksiyasına başladılar, özü də BMT Təhlükəsizlik Şurasının müvafiq sənədinin mürəkkəbi qurumamış. Bircə anda müvafiq qərar qəbul edildi və operativ şəkildə həyata keçirildi. Yaxud İraqı və keçmiş Yuqoslaviyanı xatırlayaq, orada ABŞ BMT Təhlükəsizlik Şurasının qərarlarını gözləmədən güc tətbiq etmişdir. Bəs səbəb nədir ki, ABŞ Ermənistan tərəfdən Azərbaycana münasibətdə beynəlxalq hüququn pozulmasına bu dərəcədə laqeyddir?"
Birmənalı olaraq deyilməlidir ki, Kris Smit tərəfindən təqdim olunan "Azərbaycan Demokratiya Aktı" layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakter daşıyır və qəbuledilməzdir. Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub.
Əlbəttə ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin ABŞ Konqresinə keçirilməsi planlaşdırılan seçkilərin ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur. Bu kimi qərəzli addımlar, eləcə də Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər.
Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə "siyasi məhbus" donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyildir.
Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP və TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən anti-Azərbaycan dairələri ciddi surətdə narahat edir.
Bütün bunları nəzərə alaraq, bir daha qeyd etmək lazımdır ki, demokratiya və insan hüquqları hansısa ölkənin istimar vasitəsinə çevrilə bilməz. Əgər hansısa hegemon gücün belə bir iddiası olarsa, o zaman, gərək həmin dövlətin özündə vəziyyət ideal səviyyədə olmalıdır, sonra başqalarına tövsiyə verməlidir. Yaxşı olar ki, başqa ABŞ olmaqla digər hegemonluq naminə mübarizə aparan dövlətlər artıq uzun müddətdir ki, ikili standartlarla işləyən beynəlxalq hüquq və normaları nizama salsınlar. Əgər dünyada hüquq normaları "tapşırıq və rüşvətlə" işləməsə, haqsızlığa uğramış dövlətin hüquqları təmin edilsə, o zaman dünyada hegemonluğa ehtiyac qalmayacaq, elə hüquq və beynəlxalq normalar dünyaya hakimlik edəcək.
"Səs" Analitik Qrupu