Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır. Azərbaycanda inkişafın strateji məqsədlərinin reallaşması istiqamətində əsas və mühüm rollardan birini dövlət büdcəsi oynayır.
Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər geniş müzakirə edildi. Bu günlərdə isə ölkə Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanunun tətbiqi barədə 7 dekabr 2015-ci il tarixli Fərman imzalayıb.
2016-cı ilin büdcəsi ümumi mənada sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır. Büdcənin təhlili onu göstərir ki, qlobal səviyyədə cərəyan edən böhran proseslərinə baxmayaraq, 2016-cı ilin büdcəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir.
Eyni zamanda, gələn ilin büdcəsinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir.
Doğrudur, dünyada baş verən maliyyə-iqtisadi proseslərə görə neftin qiymətinin ötən ilə nəzərən 2 dəfədən çox ucuzlaşması nəticəsində Azərbaycanın gəlirlərinin azalmasına baxmayaraq, 2016-cı ilin büdcə zərfində əksini tapmış ayırmalara nəzər saldıqda, bir daha görürük ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili durur və sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Gəlirlərinin təxminən 15 milyard, xərclərinin isə 16 milyard manat olduğu büdcə layihəsi həm də ölkə əhalisinin yaşayış səviyyəsinin stabil saxlanılması baxımından aydın mənzərə formalaşdırır. Biz bunu dövlət büdcəsində nəzərdə tutulmuş yaşayış minimumunun və ehtiyac meyarının illər üzrə artım dinamikasını da müşahidə edirik.
Məsələn, ölkə üzrə yaşayış minimumu 2010-cu ildə 87, 2011-ci ildə 95, 2012-ci ildə 108, 2013-cü ildə 116, 2014-cü ildə 125, 2015-ci ildə 131 manat səviyyəsində müəyyənləşdirilibsə, gələn ilin dövlət büdcəsində bu rəqəm 136 manat təşkil edəcək. Eyni sözləri ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi üçün müəyyənləşdirilən ehtiyac meyarı da yüksəlməkdədir. Məsələn, ehtiyac meyarı 2010-cu ildə 65, 2011-ci ildə 75, 2012-ci ildə 84, 2013-cü ildə 93, 2014-cü ildə 100, 2015-ci ildə 105 manat məbləğində təsdiqlənsə də, gəlirlərimizin azalmasına baxmayaraq, 2016-cı ildə də bu rəqəm azaldılmamış, eyni saxlanılmışdır. Əlbəttə ki, bu rəqəmlər onu göstərir ki, son 5 il ərzində Azərbaycanda insanların yaşayış səviyyəsi yüksəlib və yoxsulluğun aradan qaldırılması prosesi normal tempdə gedir. Müqayisə üçün bildirək ki, son beş il ərzində 2010-cu ilə nisbətdə ölkə üzrə yaşayış minimumunun və ehtiyac meyarının təxminən 50 faiz artıb.
2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub ki, bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. Gələn ilin büdcəsi ilə bağlı mühüm məqamlardan biri büdcə gəlirlərində qeyri-neft sektorunun çəkisinin artması və neft amilindən asılılığın azalmasıdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi isə 3,8% səviyyəsində olacaq.
Son dövrdə dünya iqtisadiyyatında cərəyan edən proseslər bir sıra ölkələri ağır sınaqlara çəkib. Prezident İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə təsirini azaltmağa imkan verib. Bütün problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Qanun göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır. Bu artım ölkə iqtisadiyyatının neft amilindən asılılığının getdikcə zəifləməsinin təzahürüdür.
Növbəti ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə dövlət büdcəsinə 1 milyard 290 milyon manat vergi daxilolmaları proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 210 milyon manat və yaxud 14 faiz azdır.
Gələn ilin dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi əvvəlki illərdə olduğu kimi, diqqət mərkəzində saxlanılır və bu məqsədlər üçün büdcədən lazımi qədər vəsait ayrılır.
Dövlət büdcəsi xərclərinin 62,6 faizi və yaxud 10 milyard 188 milyon manatı cari xərclərə, 29,7 faizi və yaxud 4 milyard 826 milyon manatı əsaslı xərclərə, 7,7 faizi və yaxud 1 milyard 250 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Belə ki, dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,1 faiz səviyyəsində olacaq ki, bu da cari illə müqayisədə 8,6 faiz-bənd çoxdur. Dövlət büdcəsi xərclərinin azalması fonunda bu xərclər 2015-ci illə müqayisədə 42 milyon manat və yaxud 0,7 faiz artaraq, 5 milyard 868 milyon manat təşkil edəcək.
2016-cı il üçün dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 5 milyard 139 milyon manat vəsait ayrılacaq ki, bu da cari ilin gözlənilən icrası ilə müqayisədə 211 milyon manat və yaxud 4,3 faiz çoxdur. Həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,6 faiz və yaxud cari illə müqayisədə 7,8 faiz-bənd çox olacaq.
2016-cı ildə səhiyyə xərcləri üçün 745 milyon manat və yaxud dövlət büdcəsi xərclərinin 4,6 faizi həcmində vəsait ayrılıb ki, bu da 2015-ci illə müqayisədə 0,9 faiz-bənd çoxdur. 2016-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 178 milyon manatı və yaxud 23,9 faizi bir sıra məqsədli dövlət proqramların və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Gələn il sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 897 milyon manat vəsait nəzərdə tutulur ki, bu da dövlət büdcəsi xərclərinin 11,7 faizi həcmində olmaqla, cari illə müqayisədə 2 faiz-bənd çoxdur.
2016-cı ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, onların məskunlaşma və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı 324 milyon manat, o cümlədən dövlət büdcəsindən 224 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən isə 100 milyon manat vəsait ayrılacaq.
Əminliklə demək olar ki, Azərbaycanda növbəti illərdə də sosial məsələlərin həlli prioritet məsələlər olacaq və eyni zamanda müxtəlif layihələr də həyata keçiriləcək. Ölkədə həm dövlət büdcəsinin hər il uğurlu icrası, həm də ünvanlı şəkildə həyata keçirilən dövlət proqramları davamlı və sürətli sosial-iqtisadi inkişafı təmin edib. Dövlət büdcəsi gələn il respublikamızın iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsinə tam təminat yaradacaq.
Bir sözlə, 2016-cı ilin büdcəsi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək rifah, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi və digər planlar üçün mühüm maliyyə bazası yaradacaq.
"Səs" Analitik Qrupu