ANALİTİK
Azərbaycan bir sıra məsələlərdə sərt neytrallığını qorumaqla müstəqil siyasət yürütdüyünü bir daha sübut etdi
Sirr deyil ki, Azərbaycanın bölgədəki geosiyasi baxışı regionun siyasi-iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Belə ki, istər regionda, istərsə də dünyada baş verən qlobal siyasi hadisələrdə düşüncəli addımlar atan ölkə rəhbərliyi bununla sübut edir ki, hər hansı digər ölkələrin siyasi maraqlarını deyil, öz maraqlarını toxunulmaz olaraq qoruyub-saxlamaq onun prioritet siyasətidir. Bu faktor isə, əlbəttə ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsində də öz uğurlu sözünü deyir. Lazım gələndə isə öz müstəqil mövqeyini ortaya qoyaraq, qətiyyətli bəyanatları ilə digər ölkələrdən seçilir. Məsələn, məlum Ukrayna hadisələri ilə bağlı Azərbaycanın BMT-dəki mövqeyini xatırlasaq dediklərimizin şahidi olarıq. Hansı ki, həmin ərəfələrdə bir çox qüvvələr ölkəmizin çıxılmaz durumda qalacağını iddia edirdilər. Göründüyü kimi, həmin qüvvələr kökündən yanılmış oldular.
Azərbaycan beynəlxalq miqyasda önəmli faktora çevrilib
Lakin daha bir məqam budur ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, müxtəlif geosiyasi hadisələr kontekstində müstəqil qərarlar verməsi və bunun nəticəsində ciddi siyasi nailiyyətlər qazanması bəzi xarici dairələri ciddi şəkildə narahat edir. Belə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycan artıq beynəlxalq miqyasda da önəmli faktora çevrilib. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq ölkəmiz inkişaf edir, güclənir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Baxmayaraq ki, dünyada neftin ucuzlaşması prosesi və s. amillər baş qaldırır, bütün bunlar Azərbaycanın daxili və xarici siyasətinə təsir etmir. Çünki ortada ölkənin müstəqillik illərində qazandığı imici formalaşıb və bu nüfuzun xələl tapmaması üçün qətiyyətli addımlar atmaqdadır. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar hər vəchlə Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa özlərinin planları əsasında cəhd edirlər.
Şeyx Nimrin edamından sonra baş qaldıran iğtişaşlar təbii ki, həmin regiona öz mənfi zərbələrini vurmuş oldu
Daha bir məsələyə qısaca diqqət yetirək. Məsələn, bu günlərdə qonşu İran İslam Respublikası ilə Səudiyyə Krallığı arasında baş verən ciddi siyasi böhran sonradan üçüncü və daha çox dövlətlərin də həmin prosesə cəlb olunmaları ilə nəticələndi. Bəhreyn, Küveyt kimi ölkələr burada yer almaqla situsiyanı daha da dərinləşdirdi. Şiə alimi Şeyx Nimrin edamından sonra baş qaldıran iğtişaşlar təbii ki, həmin regiona öz mənfi zərbələrini vurmuş oldu. İstər məzhəb baxımından, istərsə də siyasi maraqlar baxımından bu olayların baş verməsi əlbəttə ki, arzuolunmazdır. Ancaq daha bir məsələ həmin olayların post-sovet ölkələri olmuş bir sıra müsəlman respublikalarına sıçradılması cəhdləridir. Təbii ki, burada da Qərbin çirkin siyasəti baş rol almaqdadır. Xüsusilə, müstəqil və demokratik Azərbaycanın "şiə çoxluğu" kimi qələmə verməklə hadisələrə cəlb edilməsi cəhdləri ilk baxışdan nəzərə çarpır. Halbuki Azərbaycan bu məsələdə öz sərt neytrallığını qoruyub-saxlayır. Əlbəttə, ölkəmizin belə bir məqamda planlı oyunlara getməməsi yalnız və yalnız alqışlanmalıdır!
Müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir
Amma bu da son deyil. Məlumdur ki, müəyyən qüvvələr demokratiya və insan amilindən bəhanə kimi istifadə edir, digərləri isə dini radikalizm mövqeyindən çıxış edirlər. Amma belə cəhdlər əbəsdir, çünki indiyə qədər belə cəhdlər çox olub və iflasa uğrayıb. Azərbaycan bundan sonra da müstəqil siyasət yürüdərək yeni-yeni uğurlar qazanacaq. Çünki bütövlükdə Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır.
Ölkəmiz demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir dövlətdir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanda bütün azadlıqlar təmin edilib. Ona görə də, bu gün Azərbaycan sivil, demokratik dövlət kimi beynəlxalq müstəvidə ciddi, qətiyyətli siyasət yürüdülən ölkə kimi qəbul olunur, belə də davam edəcəyi şübhəsizdir.
Rövşən NURƏDDİNOĞLU