İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasətin əsas trendidir
İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasətin əsas trendidir. Hökumət bütün vətəndaşların keyfiyyətli sosial yaşayışını təmin etmək üçün hazırda meydana çıxan bir sıra meyilləri tamamilə aradan qaldırmaq niyyətindədir. Məhz Prezident İlham Əliyev sosial siyasətlə bağlı strateji xəttin uzunömürlü olduğunu real atılan addımlarla sübut edir, davamlı şəkildə sosial rifaha hesblanana məzmunlu və konkret tədbirlər görür. Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdi ki, bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır: "Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır".
Prezident İlham Əliyev hər zaman verdiyi vədləri və dediyi sözləri yerinə yetirdiyi kimi, bu dəfə də ənənəsinə sadiq qaldı və ötən gün məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləğinin, pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 10 faiz artırılması haqqında sərəncamlar imzalayıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan əhalisinin sosial müdafiəsi daim Prezident İlham Əliyevin diqqətindədir.
Qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin səmərəliliyi, cəmiyyətin mövcud sosial-iqtisadi strukturundan, onun keyfiyyət xarakteristikalarından əhəmiyyətli dərəcədə asılıdır. İnsan kapitalı səviyyəsi yüksək olan ölkələrdə sosial-iqtisadi islahatlar daha uğurla həyata keçirilir. İnsan fərdi və sosial varlıq olmaqla cəmiyyətin ayrılmaz bir tərkib hissəsidir. Məhz insan kapitalının səviyyəsinin yüksək olması səbəbinə görə iqtisadiyyatı İkinci Dünya müharibəsi illərində demək olar ki, məhv edilmiş Almaniya və Yaponiya çox qısa bir müddət ərzində iqtisadiyyatlarının əvvəlki vəziyyətini bərpa etməklə yüksək inkişaf templərinə nail oldular. Lakin heç bir müharibə görməmiş yalnız iqtisadi sistemi transformasiya olunmuş bir çox ölkələr (o cümlədən, bəzi keçmiş Sovet İttifaqına daxil olan ölkələr) iqtisadi inkişafın iyirmi il bundan əvvəlki vəziyyətinə belə çata bilmirlər.
İqtisadi inkişafın sosial amilləri onun iqtisadi komponentlərindən ayrılmazdır. Bəzi iqtisadi nəzəriyyələrdə cəmiyyətin sosial problemlərinə iqtisadi problemlərindən ayrı şəkildə baxılır. "Əvvəl iqtisadi problemlər həll edilməli, sonra sosial problemlərlə bağlı məsələlərə baxılmalıdır" fikri nəinki səhv, hətta təhlükəlidir. Cəmiyyəti düşündürən sosial problemlər, mövcud sosial-iqtisadi bərabərsizliklər, əhalinin müxtəlif qrup və təbəqələri arasındakı əməkdaşlıq səviyyəsi, vətəndaş cəmiyyətinin formalaşması, partnyorluq prinsipinin real praktiki fəaliyyətdə həyata keçirilməsi davamlı iqtisadi inkişafın təmin edilməsinin əsas və həlledici amilləridir.
Son zamanlar müasir iqtisadi nəzəriyyədə iqtisadi inkişaf proseslərinin əhalinin həyat səviyyəsini, onun maddi rifahını xarakterizə edən sosial parametrlər vasitəsilə ifadə edilməsi geniş yer alıb və qəbul edilib. Sosial parametrlər əhalinin ümumi həyat səviyyəsini xarakterizə edən inteqral göstəricilərə və müxtəlif sosial qrupların maraqlarını ifadə edən differensiallaşdırılmış göstəricilərə bölünür. Ümumi inteqral göstəricilər əhalinin orta həyat səviyyəsini göstərir və bu zaman müxtəlif sosial qruplar arasında olan fərqlər nəzərə alınmır. Praktika göstərir ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi tənzimləmə mexanizmləri bu problemlərə diferensiallaşdırılmış yəni müxtəlif sosial qrupların maraqları nəzərə alınmaqla tətbiq edilməlidir. Bu mənada, sosial siyasət əhalinin və onun müxtəlif qruplarının sosial vəziyyətinin saxlanılması və dəyişdirilməsi istiqamətində aparılan siyasətdir. Sosial siyasətin əsas məqsədi sosial vəziyyətə təsir göstərilməsindən ibarətdir.
Azərbaycanda da reallaşdırılan dövlət sosial siyasəti empirik baxımdan bütün nəzəri gözləntiləri labdləşdirdi. Bu siyasətin isə banisi Ulu Öndər Heydər Əliyev oldu. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşmaqda olan sosial müdafiə modeli artıq dövlət quruculuğu fəlsəfəsində aparıcı elementlərdən biri, ümumi siyasətin mühüm tərkib hissəsi olmaqla cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasına xidmət edirdi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyamız iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət edirdi. Dövlətin diqqət mərkəzində olan sosial siyasəti özündə əks etdirən Konstitusiyanın 16-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır".
Bununla, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyat fərdin və şəxsin maddi, sosial və mənəvi tələbatlarının ödənilməsinə istiqamətləndirilməli idi. Sosial sahədə qanunvericilik aktlarının qabaqcıl tələblərə uyğunlaşdırılması, həmçinin, bu sahədə atılan digər addımlar keçid dövründə ölkəmizin sosial transformasiya prosesinin uğurla reallaşması ilə nəticələndi. Bu uğurları şərtləndirən əsas amillərdən biri də Azərbaycanın inkişaf yolunda öz hədəflərini düzgün müəyyən etməsi, bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial müstəvidə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyasının mövcudluğu idi.
Ulu Öndərin rəhbərliyi altında 1993-2003-cü illərdə əhalinin sosial problemləri ön plana çəkildi, çoxsaylı yeni iş yerləri yaradıldı, maaşlar, pensiyalar və digər sosial müavinətlər vaxtaşırı artırıldı, əlillərə, müharibə veteranlarına, sənət adamlarına, alimlərə, hətta tələbələrə xüsusi prezident təqaüdləri təyin edildi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi 10 il ərzində ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət edən 60-dan artıq sənəd imzalandı. Pensiya və müavinətlərin artırılması, əlillər və şəhid ailələri üçün mənzil tikintisi, əlillərin minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunması, onların tibbi-sosial reabilitasiyası, bərpa-müalicə və protez xidmətinin təkmilləşdirilməsi, bu sahədə xidmət şəbəkəsinin bütün bölgələr üzrə genişləndirilməsi, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi, işçi hüquqlarının təkmilləşdirilməsi və sair istiqamətlərdə tədbirlər məhz Ulu Öndərin təşəbbüsü və xeyir-duası ilə başlanaraq ənənəvi xarakter aldı.
Beləliklə, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda əhalinin məşğulluq səviyyəsi davamlı olaraq yüksəlməyə başladı, sosial müdafiə sahələrində konkret və məqsədyönlü işlərin görülməsini nəzərdə tutan və çevik xarakter alan sosial siyasət kursunun etibarlı əsası qoyuldu. Bu siyasət iqtisadi tərəqqidən irəli gələn imkanların, ilk növbədə, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi, daim güclənən iqtisadi təməl üzərində inkişaf etdirilməsi prinsipinə söykənir.
2003-cü ildən etibarən ölkəmiz üçün milli inkişafın zamanın çağırışlarına uyğun yeni mərhələsi başlandı, Azərbaycan öz tərəqqisinin daha sürətli mərhələsinə adlamış, iqtisadi strukturun intensiv formalaşması prosesinə start verildi. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət də məhz Azərbaycanın iqtisadi-sosial inkişafının təminatına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlərin əldə edilməsinə gətirib çıxardı. Məhz Prezident İlham Əliyevin idarəçiliyinin 13 ili ərzində sosial sahədə ciddi irəliləyişlər oldu. Son 13 il ərzində dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinin həcmi dəfələrlə artırılıb, əhalinin gəlirlərinin artım tempi 10 dəfə artıb, 1,4 milyon yeni iş yeri yaradılıb.
Nəticədə, Azərbaycanın sosial inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, ayrı-ayrı ölkələr bizim təcrübəmizdən yararlanmağa çalışırlar. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir və Prezident İlham Əliyevin bildirdiyi kimi, sosial sahə daim dövlətin prioritet sferası olub, bundan sonra da belə olacaq.
"Səs" Analitik Qrupu