PDF Oxu

Araşdırma

  • 2 004

Azərbaycan uğurlu inkişafını bundan sonra da davam etdirəcək

Azərbaycan uğurlu inkişafını bundan sonra da davam etdirəcək

Prezident İlham Əliyev: "Gördüyümüz işlərin mahiyyəti odur ki, daha güclü dövlət yaradaq ki, xalqımız rifah içində, təhlükəsiz şəraitdə yaşasın"

Faktdır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə siyasi-hərbi və sosial-iqtisadi spektrdə mövqelərini möhkəmləndirməkdə davam edir. Bu uğurların əldə edilməsində isə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasi kurs mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda isə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş və həyata keçirilmiş sosial-iqtisadi proqramların da rolu qeyd edilməlidir. 2004-cü ildən başlayaraq qəbul edilən və uğurla icra olunan dövlət proqramları bu inkişafı daha da sürətləndirib. Ötən gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev bu və digər məsələlərə toxunub, mühüm mesajlar verib. Dövlət başçısı qeyd edib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib, dünya iqtisadiyyatı böhrandan çıxa bilmir. Davosda da şahidi oldum ki, dünya iqtisadiyyatı hələ böhran vəziyyətində qalacaq. Azərbaycanda 2015-ci ildə nəzərdə tutulan layihələr icra edilib. Bu, böyük uğurdur. Çünki bölgəmizdə qanlı müharibələr davam edir, Avropada yeni böhran yaşanır, miqrantlarla bağlı vəziyyət gərginləşir. Evlərini, əmlaklarını itirmiş insanlar Avropaya üz tuturlar və onların orada nə ilə qarşılaşdıqları gözümüz önündədir.

Regionların sosial-iqtisadi inkişafı dedikdə, ilk olaraq böyük infranstruktur layihələri göz önünə gəlir. Bu layihələr nəticəsində hətta ən ucqar kəndlərdə belə insanlar təbii qaz, elektrik enerjisi, su və s. ilə keyfiyyətli şəkildə təmin edilirlər. Burada uşaqların təhsil alması üçün böyük məktəblər tikilir, həmçinin digər mühüm sosial obyektlər istifadəyə verilir. Konfransda Prezident İlham Əliyev bildirib ki, son 12 ildə ölkədə 25 elektrik stansiyası tikilib: "2004-cü ildə demək olar ki, rayonlarda qaz yox idi. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yerlərə də qaz çəkdik. Bölgələrdə qazlaşma səviyyəsi 80 faiz təşkil edir. Son illərdə 12 min km yol çəkilib. Bizi başqa ölkələrlə birləşdirən magistral yollar qurulub. Eyni zamanda, kənd yolları çəkilir, bu il də bu məqsədlə əlavə vəsait ayrılacaq. Digər tərəfdən, əhaliyə 24 saat ərzində təmiz su verilməlidir, bu istiqamətdə də işlər görülür… Azərbaycanda 5 minə qədər məktəb var, son 12 ildə 3 min məktəb tikilib. Son 12 ildə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb. 89 məcburi köçkun qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, böyük bir şəhər yaratmışıq. Digər tərəfdən, ötən müddət ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib. 12 il ərzində Azərbaycana 200 milyard dollar xarici sərmayə qoyulub. Sabitlik olmasa, bu qədər xarici sərmayə Azərbaycana qoyulardımı?".

Bu gün dünya böhrandan əziyyət çəkir. Bir çox ölkələr kimi, böhran Azərbaycana da öz təsirini göstərir. Ancaq ölkə rəhbərliyinin bu ərəfədə qəbul etdiyi qərarlar, həyata keçirdiyi islahatlar sayəsində Azərbaycan bu böhrandan daha az zərərlə çıxmağı bacarır. Hər bir Azərbaycan vətəndaşı da bu reallığı görür və dərk edir. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olub: "Gördüyümüz işlərin mahiyyəti odur ki, daha güclü dövlət yaradaq ki, xalqımız rifah içində, təhlükəsiz şəraitdə yaşasın… Xalqımızın vahid amal ətrafında birləşməsi, uğurlarımız bunu təmin edir. Baxmayaraq ki, ətraf ölkələrdə qarşıdurmalar baş verir. Belə olan halda, Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir və bir çox yerdə Azərbaycan təcrübəsi öyrənilir. Azərbaycan demokratiya yolu ilə sürətlə irəliləyir. Bu, bizim şüurlu seçimimizdir. İqtisadi inkişaf demokratik prosesdən kənar təmin oluna bilməz. Ona görə də Azərbaycanda iqtisadi və demokratik islahatlar paralel aparılır. Parlament seçkiləri də bunu sübut etdi, seçkilər şəffaf keçdi, Azərbaycan xalqının arzuları tam təmin edildi. Seçkinin nəticələri apardığımız siyasətə xalqımızın böyük dəstəyini ortaya qoydu. Ona görə də xalqımıza minnətdaram. Xalqımızı əmin etmək istəyirəm ki, dünyadakı böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edəcək."

Son dövrlər neftin qiymətinin aşağı düşməsi aktual məsələ kimi əsas müzakirə mövzularından biridir. Neft ölkəsi olan Azərbaycan da bu məqamda yeni islahatların həyata keçirilməsi ərəfəsindədir. Xüsusi olaraq diqqət yetirilən sahələrdən biri qeyri-neft sektorunun daha da inkişaf etdirilməsidir. Yalnız bu halda neftdən asılılığı azaltmaq mümkündür. Hazırda ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm işlər görülür və uğurlu nəticələr əldə edilir. Bu, statistik rəqəmlərdə də özünü büruzə verir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkə iqtisadiyyatının əsas göstəricisi qeyri-neft sənayesinin 8,4 faiz artmasıdır: "Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin milli valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin… Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, bu sahədə 6,4 faiz artım olub. Çalışmalıyıq ki, böhranlı şəraitdə də iqtisadiyyatımız inkişaf etsin, 2016-cı ildə yeni iş yerləri, müəssisələr yaradılsın."

Dövlət başçısı xüsusi olaraq qeyd edib ki, son 12 ildə böyük uğurlar əldə edilib. Əgər iqtisadi müstəqillik əldə olunmasaydı, Azərbaycan asılı vəziyyətə düşəcəkdi: "Düzdür, keçən il çətin olub. Ancaq biz çətinliklə də üzləşməliyik, 1990-cı illərdən çətin vəziyyət deyil. Dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərdən tənəzzül yaşanır, biz də dünya iqtisadiyyatının bir hissəsiyik. Bizə də təsir edir, amma biz inamla inkişaf edəcəyik. Son 12 il ərzində böyük, şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib, kosmik dövlətə çevrilmişik."

Hazırda ölkəmizdə sahibkarlığın inkişafı prioritet sahələrdən biridir. Bu istiqamətdə mühüm tədbirlər görülür. Sahibkarlara güzəştli kreditlər verilir, bir sözlə, onlar üçün münbit şərait yaradılır. Bununla yanaşı, xarici investorlar üçün əlverişli mühit formalaşdırılır. Dövlət başçısı konfransda əlavə edib ki, sahibkarlığın inkişafı üçün böyük işlər görülüb: "Ancaq yeni dövr yeni yanaşmalar tələb edir… Sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir. Ancaq istəyirəm yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın… Ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Ümumilikdə, Azərbaycanda investisiya mühiti yaxşıdır. Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir."

Statistik rəqəmlər göstərir ki, ötən 12 ildə ölkəmizdə 1,5 milyon yeni iş yeri açılıb. Bu, olduqca müsbət göstəricidir. Ancaq dövlət başçısı bildirir ki, bununla kifayətlənmək olmaz. Əhalinin sayı artdığı üçün, yeni iş yerlərinin açılması da zərurətə çevrilir. Bu zaman iş adamlarının üzərinə böyük sosial məsuliyyət düşür. Prezident İlham Əliyevin sözlərinə görə, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır: "Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər."

Göründüyü kimi, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyev bir sıra məsələlərlə bağlı mühüm fikirlər səsləndirib, öz tapşırıq və tövsiyələrini verib. Məqsəd indiki şəraitdə qarşıdakı vəzifələri müəyyən etmək və onların həlli istiqamətində daha səylə çalışmaqdır. Şübhə yoxdur ki, böhranlı günlər arxada qalacaq və Azərbaycan uğurlu inkişafını bundan sonra da davam etdirəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər