Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək
Bu gün Azərbaycanda aparılan islahatlara beynəlxalq maliyyə qurumları, mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymət verilir. Çünki bugünkü Azərbaycan belə çətin geosiyasi vəziyyətdə - həm siyasi, həm iqtisadi və maliyyə böhranının mövcudluğu şəraitində iqtisadiyyatını inkişaf etdirir. Bununla bağlı dəfələrlə çıxışlarında danışan Prezident İlham Əliyevin qarşıya qoyduğu bu vəzifənin icrası hər bir dövlət məmurundan öz səlahiyyətlərini lazımi və düzgün şəkildə icra etməsini bir tələbə çevirir: "Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaq və cəzalandırılır. Xalq da, ictimaiyyət də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir."
Təbii ki, istər sosial-iqtisadi göstəricilərə, istərsə də beynəlxalq maliyyə qurumlarının hesabatlarına və proqnozlarına diqqət yetirsək, bu gün Azərbaycanın inkişafın hansı səviyyəsində olduğunu aydın görərik. Prezident İlham Əliyev ayrı-ayrı sahələrdə əldə olunan uğurlardan geniş bəhs edərək, bu fikri dönə-dönə qeyd edir ki, davamlı inkişafın təmin edilməsi üçün bütün zəruri imkanlar mövcuddur. Ulu Öndər Heydər Əliyev məhz dünya təcrübəsinə istinadən bildirirmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünkü reallıqlarımız üçün əsas rolunu oynayıb. Belə ki, neft gəlirlərinin səmərəli istifadəsini təmin etmək, şəffaflıq prinsipini qorumaq üçün dahi şəxsiyyət Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun aktivləri hesabına bu gün ölkəmizin hərtərəfli inkişafını sürətləndirən sosial-iqtisadi layihələr həyata keçirilir. Son 12 ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirərək, bu istiqamətdə bir-birindən əhəmiyyətli addımlar atır.
Sahibkarlığın inkişafı da dövlət siyasətinin əsasında dayanır və bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqət çəkir. Cənab İlham Əliyevin sahibkarlığın inkişafına xidmət edən son sərəncamları bir daha bu reallığı ortaya qoyur ki, özəl bölmənin inkişafı əsasdır. Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanı, sahibkarlığın inkişafına maneçilik törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü şəffaflığın təminatına xidmət edən addımlardandır. Dövlətimizin başçısı Cənab İlham Əliyev hər çıxışında ölkənin davamlı inkişafında şəffaflığın yüksək səviyyədə qorunmasını vacib amil kimi önə çəkir. Ölkə Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması sahibkarların hüquqlarının qorunması istiqamətində atılan növbəti addım kimi dəyərləndirilir. Sənədin imzalanmasında məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir.
Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına xidmət edən addımların davamlılığı dövlət proqamlarının uğurlu icrasından və yeni-yeni sənədlərin qəbulunun zərurətə çevrilməsindən də aydın görünür. Hazırda 2004-2008 və 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Bakı şəhərinin qəsəbələrinin 2006-2007 və 2011-2013-cü illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın davamı olaraq "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və digər sənədlərin icrası davam edir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digərlərinin icrası başa çatıb. Ümumilikdə son on iki ildə bir milyon 500 min yeni iş yeri yaradılıb. İşsizliyin və yoxsulluğun səviyyəsi 5 faizdir. Dövlətimizin başçısı Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, bu göstəricilər qarşıya qoyulan məqsədə yüksək səviyyədə çatacağımıza böyük əsas verir. Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. Onu da nəzərə almaq lazımdır ki, bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranının davam etdiyi, xüsusən Avrasiya məkanında bu böhranın daha da ciddi formalar aldığı bir dövrdə əldə edilib.
Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması kimi məqsədlərin gerçəkləşdirilməsi üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması mühüm prioritet kimi qeyd edilir və bu istiqamətlərdə davamlı addımlar atılır. Böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin həyata keçirilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında", eyni zamanda "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmanlar da sahibkarlığın inkşafına geniş yol açan addımlardandır. Dövlətimizin başçısı Cənab İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, verilən tapşırıqlardan, imzalanan fərman və sərəncamlardan geniş bəhs etmişdir. Cənab İlham Əliyev konfransda bu sahənin daim diqqət mərkəzində olmasının vacibliyini bildirmişdir: "Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə, burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda, daxili istehsal qorunmalıdır. Ona görə, müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir."
Elektron xidmətlərin sayının artırılması vacib amil kimi önə çəkilir. Bu gerçəklik də diqqətə çatdırılır ki, Azərbaycanın daha yüksək pilləyə qalxması üçün geniş imkanlar yaranır. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq yeni-yeni addımlar biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq. Bir sözlə, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir, kompleks tədbirlər nəticəsində qarşıya qoyulan məqsədlər gerçəkliyə çevrilir.
AZƏRTAC-a istinadən Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətindən verilən açıqlamada da bildirilir ki, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. İqtisadiyyatın, o cümlədən regionların davamlı və tarazlı inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi tərəqqisinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. Bu siyasətin həyata keçirilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənib. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və sahibkarlar ölkə rəhbərinin qərarlarının, tapşırıqlarının, imzaladığı fərman və sərəncamların onların fəaliyyətinə geniş imkanlar açacağına əmindirlər. Dövlətimizin başçısının 2016-cı il 3 fevral tarixli Fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılıb. Fərmanın qəbul edilməsindən sonra sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, mərkəzi icra hakimiyyəti orqanının və onun yerli (struktur) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına müraciət edə biləcəklər. Bundan əlavə, sahibkarlar yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət edəcəklər. Həmin islahatın nəticəsində yerli icra hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyəti bir qədər də artıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamədə şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunan nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmək hüququnun, şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi barədə arayış almaq hüququnun və şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmək hüququnun təsbit edilməsi bunun bariz nümunəsidir. Ümumiyyətlə, sahibkarların hüquqlarının qorunması fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək, sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaq.
"Səs" Analitik Qrupu