Ölkəmizin diplomatiya sahəsindəki uğurları Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətinin nəticəsidir
Ötən müddət ərzində Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması üçün balanslaşdırılmış siyasətə sadiq qalaraq, onu müasir dövrün tələblərinə uyğun, yeni keyfiyyətlə inkişaf etdirən Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmiz Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilmişdir.
İkili standartlara uyğun tarazlaşdırılan dünya siyasətində milli maraqları, ölkə iqtisadiyyatını mənfi amillərdən, gözlənilən risk və təhlükələrdən qorunmaq üçün xalqın iradəsinə əsaslanan xarici siyasətimizin münasibətlər sistemində uğurla davam etdirilməsi çox böyük təcrübə, ustalıq və liderlik məharəti tələb edir. Azərbaycanın qloballaşan iki və çoxtərəfli formatlar çərçivəsində uğurlu təmsilçiliyinin məntiqi nəticəsi beynəlxalq forum və sammitlərdə ölkəmizin dünya birliyində sabitliyin qorunması, enerji layihələrinin şaxələndirilməsi istiqamətində sadiq qaldığı siyasətin yüksək dəyərləndirilməsi, xarici siyasətimizin, diplomatiyamızın dəstəklənməsidir. Beynəlxalq sülhün, sabitliyin və region dövlətlərinin iqtisadi inkişafına töhfə verən Azərbaycan bunun üçün potensial imkanlarını qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə sərf edir. Tarixi hadisələr də göstərdi ki, Azərbaycanın ədalət prinsipinə əsasən təkmilləşən xarici siyasəti beynəlxalq hüquqa və ədalətə söykənir.
Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə və müdafiə edir. Dünya siyasətinə təsir imkanları artan ölkəmiz bundan sonra da qlobal məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli həllində öz sözünü deyəcəkdir. "Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarının Azərbaycan olması ölkəmizə əlavə siyasi və diplomatik dividend qazandırır.
Xarici siyasətimizin tarixi nailiyyətlərindən olan Azərbaycanın 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, iki il müddətində sədrlik səlahiyyətlərini yerinə yetirməsi dünya xalqlarını düşündürən problemlərin ədalətli həlli istiqamətində yüksək dəyərləndirilən işlərdir. Prezident İlham Əliyev bildirib ki, bu etimad Azərbaycanın dünya siyasətindəki roluna verilən qiymət, göstərilən dəstəkdir: "Ümumiyyətlə, bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz kifayət qədər güclüdür. Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Onların içində əlbəttə ki, birinci yerdə BMT dayanır. BMT-də də bizim mövqelərimiz kifayət qədər güclüdür. Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Təsadüfi deyil ki, biz Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik. Onu da qeyd etməliyəm ki, bu, o qədər də asan olmamışdır."
Namizədliyini Şərqi Avropa ölkələri qrupundan irəli sürən Azərbaycanın qurumda qazandığı uğuru tarixi qələbə adlandıran dövlətimizin başçısı bildirir ki, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan bəzi qüvvələr bizim seçilməyimizi əngəlləsələr də, sonda Azərbaycan daha bir diplomatik uğuruna imza atdı. BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdir. Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemi formalaşdırdığını diqqətə çatdırmışdır. Siyasi, iqtisadi gücü, özünə güvəni, müstəqilliyi, qazandığı liderlik nüfuzu ilə doğruldan Azərbaycan üçün son 20 il inkişaf, sabitlik dövrü olmuşdur. Güclü iqtisadiyyat, sosial siyasət üzrə islahatlar təkmilləşdirilib, qüdrətli ordu formalaşıb. Hətta beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır.
Azərbaycanın xarici siyasətində enerji diplomatiyasının xüsusi yeri vardır. Müstəqillik illərində təşəbbüskar, tranzit ölkə kimi mühüm enerji layihələrinin reallaşamasına layiqli töhfələr verən ölkəmizin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının ilklərindən olan BTC və BTƏ neft-qaz kəmərlərinin davamı olan TANAP, TAP, "Cənub" qaz dəhlizi layihələri ilə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirmək ideyası dəstəkləndi. "Hazırda "Cənub" qaz dəhlizini icra edirik. Bu da bizim təşəbbüsümüzdür. Özü də 1994-cü ildə "Əsrin kontraktı" imzalananda, əlbəttə ki, bizim iqtisadi və siyasi vəziyyətimiz indiki kimi deyildi. Bizə hər tərəfdən təzyiqlər göstərilirdi və o vaxt iqtisadiyyatımız demək olar ki, dağılmış vəziyyətdə idi. Ancaq Heydər Əliyevin güclü iradəsi, cəsarəti və gələcəyə olan baxışları bunu mümkün etmişdir. Biz bu illərdə iqtisadi şaxələndirmə ilə məşğul olmuşuq. Amma bu sahə ilə yenə də məşğul olmaq lazımdır. Ancaq bir çox məsələləri həll edə bilmişik. Azərbaycan indi kosmik dövlətə çevrilibdir. Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bununla da Azərbaycanın xarici siyasətinin yeni dövrü başlayır.
Azərbaycanın xarici siyasətlə bağlı əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Aparılan məqsədyönlü siyasət nəticəsində BMT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq nüfuzlu qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, dünya siyasətində mövcud olan ikili standartların tətbiqi, təcavüzkarla təcavüzə məruz qalana eyni münasibətin mövcudluğu münaqişənin ədalətli həllinə mane olur. Ölkəmizin dəstəklənən xarici siyasəti nəticəsində bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və ərazi bütövlüyü bu məsələnin həllində əsas faktordur. Yəni münaqişə birmənalı olaraq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. ATƏT-in Minsk Qrupuna daxil olan ölkə başçılarının imzaladığı Dovil bəyanatı və digər sənədlərdə də bildirilir ki, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə yönələn status-kvo yolverilməzdir. Ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülmüşdür. "İndi bu məsələni həll etmək üçün bilirsiniz ki, biz çox çalışırıq. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi vaxtı uzatmağa çalışır. Çox təəssüf edirəm ki, bu məsələ ilə, bilavasitə məşğul olmalı olan Minsk Qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Ancaq Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə Ermənistanın işğalını pisləyən qətnamə qəbul etmişdir. Həmin sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əlbəttə, orada müxtəlif adamlar var. Anti-Azərbaycan mövqeyində adamlar var, islamofob adamlar kifayət qədər çoxdur" söyləyən Prezident İlham Əliyev Ermənistanla, erməni lobbisinin təsiri ilə fəaliyyət göstərən Minsk Qrupunun həmsədrlərinin AŞPA-ya təsirini tənqid edərək etirazını da bildirir : "Ona görə Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə hansı qiymət vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm və deyirəm. Bu gün bunu açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll olunmamasında onların ən böyük rolu var. Nə üçün? Çünki ikili standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik - ikili standartlar".
Bir sözlə, Azərbaycanın diplomatiya sahəsindəki uğurları dövlətimizin başçısının siyasi iradə və qətiyyətinin nəticəsidir. Şərqi Avropa ölkələri arasında yalnız Azərbaycanın dünya iqtisadiyyatının 90, beynəlxalq ticarətin 80 faizini özündə birləşdirən "G-20" Meksika, Antalya zirvə görüşlərində qonaq kimi iştirakı, birinci Avropa Oyunlarının, mədəniyyət, humanizm, məsələlərinə həsr olunmuş forumların, dialoqların, Davos İqtisadi Forumu kimi möhtəşəm tədbirlərin, dünya dini liderlərinin zirvə görüşlərinin, ölkəmizdə keçirilməsi respublikamızın təmsil olunduğu regionda və beynəlxalq müstəvidə qazandığı nüfuzun ifadəsidir.
"Səs" Analitik Qrupu